Bloq: Rusiya-Ukrayna müharibəsi: yenilənən xəbərlər

Xarkov şəhəri. Mənbə: Telegram

00.44

ABŞ Rusiyaya sanksiyalarını açıqladı 

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar elan edib. Bunlardan biri Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsinin kəsilməsidir.

Eyni zamanda, Rusiya oliqarxları və bu ölkənin texnologiya sektorunu hədəfləyəcək yeni sanksiyalar da tətbiq ediləcək:

“Müharibə Putinin seçimidir. Bunun nəticələrindən də o və Rusiya əziyyət çəkəcək. Yeni sanksiyalar Rusiya iqtisadiyyatı üzərinə dərhal və an etibarilə ağır yük qoyacaq”.


00.43.

Çexiya Prezidenti Putini “dəli” adlandırıb

Çexiya Prezidenti Miloş Zeman Rusiyanın Ukraynaya hücumunu pisləyib.

Vladimir Putinin müttəfiqi və pərəstişkarı kimi şöhrət qazanan Zeman televiziya ilə çıxışında Rusiya Prezidenti Vladimir Putini “dəli” adlandırıb. O, Rusiyanın SWIFT beynəlxalq bank sistemindən çıxarılmasına çağırıb.

“Bu, nəinki sözdə, həm də əməldə ən sərt şəkildə pislənilməli olan əsassız təcavüz aktıdır”.


00.18.

Ukrayna səfirliyi sadə azərbaycanlılara təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfirliyi təşəkkür mesajı yayıb.

“Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır”, – açıqlamada deyilir.

“Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk!”, – səfirlik vurğulayıb.


00.08.

Nazir: Müharibə başlayandan 57 nəfər ölüb

Donetskinin şərqində güclü atəş davam edir

Ukraynanın səhiyyə naziri Oleq Lyaşko Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra 57 nəfərin öldüyünü, 169 nəfərin yaralandığını bildirib, – “Reuters” xəbər verir.
Müdafiə nazirinin müavini isə əlavə edib ki, Donetsk vilayətinin şərqində güclü atəş hələ də davam edir.


23.53.

“Əsgər Anaları Komitəsi”: Təcili xidmət əsgərlərini kütləvi şəkildə müqavilə bağlamağa məcbur edirlər

Zorakı şəkildə müqaviləli xidmətə keçirilən təcili xidmət əsgərlərini Ukrayna ilə sərhədə aparırlar. Bu barədə “Novaya qazeta”ya Rusiya Əsgər Anaları Komitəsi sədrinin müavini Andrey Kuroçkin xəbər verib.

“Hissələrdə müqaviləli əsgər qıtlığı yaşanır və komandirlər təcili xidmət əsgərlərinə təzyiq göstərərək, onları müvəqqəti müqavilə bağlamağa məcbur edir. Sonra bu müqavilələri pozacaqlarını vəd edirlər, lakin bunu etmək müşkül məsələdir”.

Andrey Kuroçkin əlavə edir: “Döyüşçü anaları bizə xəbər verirlər ki, təcili xidmət əsgərlərinə sərhəddə silah verib, onlara artıq müqaviləli əsgər olduqlarını deyirlər. Heç bir açıqlama vermirlər, sonra uşaqlara zəng çatmır – onların əlindən bütün rabitə vasitələrini alırlar. Biz hazırda təcili xidmət əsgərləri barədə məlumatları yığır, onları Hərbi Prokurorluğa, Müdafiə Nazirliyinə və digər qurumlara təqdim edirik”, – Kuroçkin deyib.


23.39.

Boris Conson VTB və “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar yeridiləcəyini elan edib

Böyük Britaniya VTB və “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar tətbiq edir. Bu barədə ölkənin Baş naziri Boris Conson bəyan edib, “The Guardian” xəbər verir.

Böyük Britaniya “VTB”-nin bütün aktivlərini dondurur. London həmçinin Rusiya Federasiyası vətəndaşlarının Böyük Britaniya banklarında olan hesablarındakı depozitin həcminə məhdudiyyət qoyur. “Aeroflot” bu ölkəyə uça bilməz.

Sanksiyalar həmçinin Rusiyanın iri şirkətlərinin Britaniya bazarında maliyyələşməsinə qadağanı və Rusiyaya neft emalı üçün yüksək texnologiya və qurğuların ixracına məhdudiyyətləri nəzərdə tutur.


23.36.

Rusiyalı sənətçilər müharibəyə etiraz etdi

Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçi və ictimaiyyət nümayəndəsi baş verənlərə səssiz qalmayıb.

Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə müharibəyə qarşı çıxdıqlarını elan ediblər.

Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.
Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da var.


23.07.

Çernobılın Rusiyanın nəzarətinə keçdiyi bildirilir

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası Rusiya qüvvələrinin nəzarətinə keçib.


21.28.

Kiyevdən çıxmaq istəyən avtomobillər böyük tıxac yaradıb

Bir neçə qatar reysi ləğv edilib

Ukraynanın paytaxtı Kiyevdə yerli vaxtla saat 18:00-da qaçıb qərbə doğru getməyə çalışan maşınların böyük növbələri yaranıb.

“Guardian” yazır ki, şəhərdən çıxan əsas yolda böyük tıxac yaranıb. Tıxac uzun müddət hərəkətsiz qalıb. Sürücülər avtomobillərinin yanında dayanaraq yolun açılmasını gözləyir.

Paytaxtın mərkəzi Kiyevdəki sərnişin qatar stansiyasından yüzlərlə insan yola düşməyə çalışıb. Bilet və məlumat almaq üçün uzun növbələr yaranıb. Bir neçə qatar reysi ləğv edilib.

Kiyevi tərk etmək istəyən insanlar Mərkəzi Dəmiryol Vağzalındakı qatar cədvəlinin qarşısında dayanıblar Foto: Volodymyr Petrov/Reuters

Kiyevdəki Beynəlxalq Avropa Universitetinin bir qrup pakistanlı tələbəsi 500 dollara onları Lvova aparacaq taksi tapdıqlarını bildiriblər.

“Biz təhsilimiz üçün buradayıq. İndi bilmirik, qalaq, yoxsa qayıdaq. Polşaya keçmək olar, onun üçün də vizamız yoxdur”, – tələbələrdən biri bildirib.


21.03.

Bu gün Rusiya-Ukrayna arasında nələr baş verib

  • Gün Ukrayna rəsmilərinin “Rusiya tammiqyaslı işğala başladı” – açıqlaması ilə açıldı. Ukrayna Daxili İşlər Nazirliyi ilkin olaraq raket, artilleriya və aviasiya zərbələri endirildiyini bildirdi. Əsasən hərbi infrastruktur, baza və hava limanlarının hədəf alındığı açıqlandı.
  • Ukraynanın cənubundakı Odessa vilayətinin regional hakimiyyət orqanları raket hücumu nəticəsində 18 nəfərin öldüyünü bildirdi. Kiyev yaxınlığındakı Brovarı şəhərində azı 6 nəfərin həlak olduğu açıqlandı. Daha sonra rəsmi məlumatlar Donetskin Vuhledar şəhərində xəstəxanaya mərminin düşməsi nəticəsində 4 nəfərin öldüyünü bildirdi.
  • Ardıncan daxili işlər nazirinin müavini Antonio Quterres minlərlə ukraynalı ölkəni tərk etdiyini, şəhərin çıxışında tıxac yarandığını açıqladı.
  • Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun 74 quru obyektini, o cümlədən 11 aerodrom, üç komanda məntəqəsi və zenit-raket kompleksləri üçün 18 radar stansiyasını məhv etdiyini bildirdi.
  • Daha sonra Qərb liderləri Rusiyanın Ukraynaya hücumunu qınamağa başladı: ABŞ prezidenti Co  Bayden “ciddi sanksiyalar” elan edəcəyini söylədi. Böyük Britaniyanın Baş naziri Boris Conson isə parlamentə yeni tədbirlər paketini təqdim edəcəyini bildirdi.
  • Avropa İttifaqı liderlərinin Brüssel görüşündən əvvəl “kütləvi sanksiyalar” vəd edildi. Lakin hələlik onların  nələrdən ibarət olacağı açıqlanmayıb. Birlik həmçinin bildirib ki, Putinin işğalını dəstəkləməkdə oynadığı rola görə Belarusa sanksiyalar tətbiq edəcək.
  • Rusiya dövlət televiziyası müharibəni müdafiə missiyası kimi qələmə verdi. Lakin Moskvada sadə insanlar müharibəyə etiraz etdi.
  • Rusiya Mərkəzi Bankı Moskva birjasının çökməsinin qarşısını almaq və valyutanın dollar qarşısında tarixi ən aşağı səviyyəyə enməsindən sonra onu dəstəkləmək üçün milyonlarla rubl ayırdı.
  • Ukrayna Rusiya əsgərlərinin Çernobıl AES-na daxil olduğunu, bunun təkcə Ukrayna üçün yox, Avropa Birliyi ölkələri üçün də təhlükə olduğunu açıqladı.
  • Qərbin ittihamları qarşısında Belarus prezidenti Lukaşenko çıxış edərək Rusiyanın Ukraynaya hücumunda hər hansı rolunun olmadığını bildirdi.

20.58.

Lukaşenko iddiaları rədd edir

Ukraynanın sərhəd xidməti Rusiya hərbçilərinin ərazilərinə Belarusdan artilleriya atəşi açdığını bildirir.

Belarusun lideri Aleksandr Lukaşenka isə Rusiyanın Ukraynaya qarşı başladığı hücumda ordusunun iştirak etmədiyini deyib.

“Bizim silahlı qüvvələrimiz bu əməliyyatda iştirak etmirlər”, –Lukaşenka deyib.

Bir müddət əvvəl Rusiya ilə Belarus minlərlə hərbçinin iştirak etdiyi hərbi təlim keçirib.

Təlimlər ötən həftə başa çatmalıydı, lakin hərbçilərin onların Belarusda qalma müddəti uzadılıb.


20.20.

“Şalke 04” klubu “Qazprom”un adını formasından silir

Futbolçular meydana komandanın adını daşıyacaq köynəklər geyinəcək

Almaniyanın “Şalke 04” futbol klubu Rusiyanın qaz şirkəti “Qazprom”un adını Ukraynaya hücumdan sonra futbol formalarından çıxaracağını bildirib .

“Ötən günlərdə baş verən hadisələr, inkişaflar və eskalasiya fonunda “Şalke 04” baş sponsor “Qazprom”un loqosunu formalardan silmək qərarına gəlib”, – 2-ci bundesliqa klubunun açıqlamasında deyilir. Sponsorun adının əvəzinə köynəklərinin üzərində komandanın adını daşıyacaqlarını bildirən klub, qərarın “Qazprom”un Almaniya törəməsi ilə “danışıqlardan sonra” verildiyini bildirib.

Tarixən Almaniyanın ən yaxşı dəstəklənən komandalarından biri olan “Helzenkirhen” klubuna 2007-ci ildən “Qazprom” sponsorluq edir. Cümə axşamı klub Müşahidə Şurasındakı “Qazprom” təmsilçisi Mattias Varniqin (Matthias Warnig) vəzifəsindən geri çəkiləcəyini açıqlamışdı.

Varninq “Şimal axını 2” qaz kəməri ilə bağlı fəaliyyət göstərən holdinqin baş direktorudur. Almaniya hökuməti fevralın 22-də bu qaz kəmərinin təsdiqlənməsini dayandırııb. Şirkət və şəxsən CEO da çərşənbə günü elan edilən ABŞ sanksiyalarının hədəfinə çevrilib. Varninq qaz idarəçiliyinə keçməzdən əvvəl, hələ Berlin divarları yıxılmazdan öncə kommunist Şərqi Almaniyada Stasi məxfi polisinin üzvü olub. O, 2019-cu ildən “Şalke”də Müşahidə Şurasında çalışıb.


20.07.

Ukrayna Avropa İttifaqına çağırış etdi

Ukrayna Avropa İttifaqını və ona üzv dövlətləri təcili onlara hava hücumundan müdafiə və raket əleyhinə sistemlər verməyə, habelə Rusiyanın peyk siqnallarını tıxamaq üçün “bütün vasitələrdən” istifadə etməyə çağırıb.

Brüsseldə keçiriləcək fövqəladə sammitdən əvvəl Aİ liderlərinə göndərilən sorğular siyahısında Ukrayna həmçinin “Rusiyanın genişmiqyaslı işğalını birbaşa dəstəkləyən Belarusa qarşı ən sərt məhdudiyyət tədbirlərinin görülməsinə” çağırıb.

Brüsseldə ukraynalı diplomatlar tərəfindən hazırlanan və “Guardian”a təqdim edilən sənəddə  Rusiya və Belarusda hərbi və mülki texnika üçün proqram təminatı lisenziyalarının dayandırılması istənilib.

Eyni zamanda, havada, Qara dəniz və Azov dənizi üzərində Rusiya peyk naviqasiya sistemlərini bloklamaq və ya onlara müdaxilə də istəklər içindədir.


20.02.

Nazir müavini: “Stanytsia Ukrayna hərbçilərinin tam nəzarəti altındadır”

Stanytsia Luhansk uğrunda ağır döyüşlər gedir.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko belə deyir.  O bildirir ki, Rusiya silahlı qüvvələri dəfələrlə Ukraynanın müdafiə xəttini yarmağa cəhd edib:

“Ukrayna bölmələri yaranmış vəziyyətə operativ reaksiya verir və onları dəf edir. Stanytsia Ukrayna hərbçilərinin tam nəzarəti altındadır”.

Anton Geraşenko əlavə edib ki, qarşı tərəf döyüşlərdə xeyli canlı qüvvə və texnika itkisi verib və geri çəkilib:

“Rusiya Silahlı Qüvvələrinin xeyli hərbçisi əsir götürülüb”.


19.56.

Nazir müavini: “İşğalçılar Çernobıl bölgəsinə daxil olublar”

“İşğalçılar Belarus ərazisindən Çernobıldakı Atom-Elektrik-Stansiyası (AES) bölgəsinə daxil olublar”.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko belə deyib.

O bildirib ki, təhlükəli nüvə radioaktiv tullantılarının olduğu ərazini qoruyan, onların yayılmasının qarşısını alan Milli Qvardiyaçılar onlarla gərgin mübarizə aparır:

“İşğalçılar artilleriya ilə nüvə tullantılarının kollektorlarını vursalar və ərazini xarabalığa çevirsələr, radioaktiv nüvə tozu Ukrayna, Belarus və bəzi Avropa İttifaqı ölkələri ərazisinə yayılacaq”.

Ukrayna Prezidenti Vladimir Zelenski də rus qoşunlarının Çernobıl AES-i ələ keçirməyə çalışdığını bildirib.

“Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canla-başla döyüşürlər. Bu, bütün Avropaya müharibə elanıdır”, – deyə prezident əlavə edib.


19.52.

Boris Conson: “Biz Ukrayna xalqının yanındayıq”

“Ukrayna demokratik ölkədir və biz bu demokratiyanın onların əlindən alınmasına icazə verə bilmərik”

 “Rusiya Prezidenti Putin bizim Avropa qitəmizdə müharibəyə başlayıb”.

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın işğalı ilə bağlı yayımladığı mesajında  belə deyib.

“O, heç bir təxribat olmadan dost ölkəyə hücum etdi. Tamamilə günahsız bir xalqın üzərinə saysız-hesabsız raketlər və bombalar yağır. Dənizdən, havadan və qurudan genişmiqyaslı işğal planı həyata keçirilib”, – Baş nazir söyləyib.

“Ukrayna demokratik ölkədir və biz bu demokratiyanın onların əlindən alınmasına icazə verə bilmərik”, – deyə vurğulayan Boris Conson bildirib ki, Putinin bu barbar təşəbbüsünün qarşısı alınacaq:

“Başqa tərəfdən baxa bilmərik, etməyəcəyik. Britaniya Avropada Ukraynaya müdafiə silahı yardımı edən ilk ölkələr sırasında idi. Qarşıdakı günlərdə daha nələr edə biləcəyimizi görəcəyik”.

Conson Rusiya xalqına da müraciət edib:

“Bunun sizin adınıza edildiyinə inana bilmirəm. Biz Ukrayna xalqının yanındayıq, sizinləyik”.

Conson növbəti dəstək addımı ilə bağlı təfərrüatları açıqlamayıb. Böyük Britaniyada Mühafizəkarlar Partiyasından bəzi mühüm deputatlar Ukraynaya havadan dəstək tələb ediblər.


19.50.

“Bu münaqişə Rusiyaya əlavə sanksiyalar gətirəcək”

İspaniyanın Baş naziri: “Nüvə dövləti beynəlxalq qanuniliyi pozub”

İspaniyanın Baş naziri Pedro Sançes televiziya vasitəsilə  çıxış edərək Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Pedro Sançes həmçinin Moskvanı qondarma Luqansk və Donetsk “respublikaları”nın müstəqilliyini tanımasını ləğv etməyə çağırıb.

“Faktlar sadə olduğu qədər də ciddidir. Nüvə dövləti beynəlxalq qanuniliyi pozub və qonşu ölkəyə təcavüz etməyə başlayıb. Eyni zamanda, hücuma məruz qalan ölkəyə yardıma gələn hər bir xalqı onlara qarşılıq veriləcəyi ilə hədələyib. Baxmayaraq ki, bu, beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.

Nazir bildirib ki, bu, həm də Avropaya sabitlik və firavanlıq gətirən prinsiplərə və dəyərlərə, hər şeydən əvvəl isə sülh dəyərilərinə qarşı hücumdur:

“Bu münaqişə Rusiyaya əlavə sanksiyalar gətirəcək”.


16.45.

“Rusiyanın Ukraynaya hücumu 2008-ci il Gürcüstan-Rusiya müharibəsini xatırladır”

Fevralın 24-də Gürcüstanın Batumi şəhərində insanlar Rusiyanın Ukraynaya hücumunu pisləmək və ukraynalılara dəstək üçün toplanıblar.

“Avropa Meydanı”nda baş tutan aksiyaya yüzlərlə insan qatılıb. Ukrayna bayraqları, şüarlarla aksiya keçirən insanlar Rusiyanın Ukraynaya qoşun yeritməsini pisləyiblər.


16.28.

Ukraynanın müdafiə naziri: “Ölkəsini qorumaq istəyən hər kəsə silah paylanacaq

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin müdafiəsinə qoşulmaq istəyən hər kəsə silah veriləcəyini bəyan edib.

O bildirib ki, silahlar bu gün bütün veteranlara və könüllülərə paylanacaq: “Düşmən hücum edir, amma ordumuz yenilməzdir. Ukrayna total müdafiə rejiminə keçir”.Aleksey Reznikov bildirib ki, silah tutmağa qadir olan hər kəs yaşadığı regiondakı Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşula bilər.“Silah əldə etmək üçün bilavasitə yaşadığınız ərazidəki Qoşun Qüvvələrinin briqadaları və batalyonları ilə əlaqə saxlamalısınız. Tələb olunan yeganə şey pasportunuzun olmasıdır”, – deyə o bildirib.


16.20.

Avropa parlamentariləri UEFA-ya müraciət etdi

Avropa Parlamentinin deputatları UEFA-dan xahiş edir ki, Çempionlar Liqasının finalını Rusiyanın Sankt-Peterburq şəhərində təşkil etməsinlər.

 “Reuters” xəbər verir ki, Avropa Parlamentinin bir qrup deputatının UEFA-ya ünvanladığı məktubda yazılıb:

“Biz sizi Sankt-Peterburq və Rusiyanın digər şəhərlərini beynəlxalq futbol yarışlarının keçiriləcəyi yer kimi nəzərdən keçirməyi dayandırmağa və ilk addım olaraq 28 may 2022-ci il tarixində keçiriləcək Çempionlar Liqasının finalı üçün alternativ məkan seçməyə çağırırıq”.


16.04.

“Sərhədlər silahla dəyişdirilə bilməz”


Türkiyə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir.

Bu barədə Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

Nazirlik hesab edir ki, bu addım Minsk razılaşmalarını heçə saymaqla yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Rusiyanın hücumu regionumuzun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.

Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməlidir. Sərhədlər silahla dəyişdirilə bilməz”.

Türkiyə Rusiyanın hərəkəti ədalətsiz və qanunsuz sayır. Atdığı bu addımı mümkün qədər tez geri çəkməsini tövsiyə edir.

“Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, – Türkiyə XİN-i bildirib.


15.54

Rusiya ordusu Odessa vilayətinin Podolski rayonunun Lipetsk şəhərindəki hərbi hissəyə raket zərbəsi endirib

8-i kişi, 10-u qadın olmaqla 18 nəfərin həlak olduğu bildirilir.

Məlumatı Odessa Regional Dövlət Administrasiyası yayıb.

Bildirilir ki, dağıntılar altından çıxarılan 6 nəfər Podolsk şəhər xəstəxanasına yerləşdirilib: “Sağ qalanlardan biri xəstəxanada həyatını itirib. Hazırda ərazidə ziyanın ölçüsü ilə bağlı təhlil aparılır”.

Mənbə: Odessa Regional Dövlət Administrasiyası

15.51.

Rusiya qoşunları Kiyev vilayətində sərhədi yarıb


Onların hərbi texnikası Vilça keçid məntəqəsindən daxil olub.

Ukraynanın Dövlət Səhəd Xidmətinin rəsmi məlumatında belə deyilir.

Bildirilir ki, hazırda sərhədçilər Ukrayna hərbçiləri ilə birlikdə Rusiyaya qarşı döyüşə başlayıb.

“Döyüşlərdə Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir”, – məlumatda bildirilir.


15.39.

Ukraynadakı azərbaycanlılara xəbərdarlıq
 
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir ki, azərbaycanlılar Ukraynadakı vəziyyətlə bağlı hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməsinlər.
Bura Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətləri də daxildir: “Habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olun”, – deyə müraciətdə qeyd edilir.


14.43.

Avropa Komissiyası: “Putini məsuliyyətə cəlb edəcəyik”

“Vladimir Putin Avropaya müharibəni qaytardı”, – Avropa Komissiyasının fevralın 24-də yaydığı bəyanatında belə bildirilir.
Bəyanatda qeyd edilir ki, bu qaranlıq zamanda Avropa İttifaqı Ukrayna və ukraynalıların yanındadır.


14.30.

Ukraynanın hava məkanı boşdur

Azərbaycanın aşağıbüdcəli “Buta Airways” hava şirkəti Bakı-Kiyev və Bakı-Həştərxan reyslərini ləğv edib.
Ukrayna Hava Yolları isə Bakı-Kiyev reysinin təyyarəsini Moldovanın paytaxtı Kişinyova endirib. Həmçinin müharibə ilə əlaqədar Ukraynanın hava məkanı mülki təyyarələr üçün bağlanıb.


13.22.

Separatçıların nəzarətində olan Luqansk vilayətinin Staxanov şəhərindən bomba səsləri eşidilir.

Burada olan azərbaycanlıların Meydan TV-yə verdiyi məlumata görə, şəhərə top səsləri gəlir, cəbhədə şiddətli döyüş gedir, lakin şəhərə hələ bir dənə belə mərmi düşməyib.

“Daha aydın desək, Ukrayna hələ ki buranı vurmur. Buradakılar onları top atəşinə tutur, ancaq cavab zərbəsi gəlmir. Ən azı, Staxanov şəhəri ilə bağlı bunları demək mümkündür”, – deyə onlar bildiriblər.

Azərbaycanlıların dediyinə görə, çox az adam bir həftə öncə şəhəri tərk edərək Rusiyaya üz tutub: “Qalan əhali yerindədir. Günlərdir tək-tək atəş səsləri eşidilirdi. Bu gün intesivləşib. Səhər bomba səsinə oyandıq. Çox yaxından gəlirdi. Qəribədir ki, insanlar təlaşda deyil, hərə öz işi ilə məşğuldur. Bəlkə də, buna səbəb qarşı tərəfdən cavab atəşi alınmamasıdır”.


11.50.

Rəsmi Kiyev bildirib ki, Rusiya hərbi texnikanı ölkənin cənub-şərqinə aparır.

“Reuters” xəbər verir ki, Ukrayna Rusiyanı ilhaq etdiyi Krımdan ərazisindən ölkəyə hərbi texnika keçirməkdə ittiham edib.

Belə bir zamanda Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenk özünün “Facebook” səhifəsində yazıb: “Bəli, bu, istiladır, müharibədir”.

Nazir müavini bildirib ki, panikaya düşməmək çox vacibdir. Çünki Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, bir sözlə, bütün müdafiə qüvvələri Rusiya ilə mübarizə aparır: “Çalışın, evdə qalın və ya iş yerlərinə gedin. Yaşayış binalarına və mülki infrastruktura heç bir zərbə gözlənilmir”.

Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Leyen fevralın 24-ü səhər Ukraynaya dəstək bəyanatı yayıblar.

“European Pravda” yazır ki, bəyanatda Rusiyanın Ukraynaya əsassız hücumu pislənilir.

“Bu qaranlıq vaxtlarda düşüncələrimiz Ukrayna ilə – bu səbəbsiz hücumla üzləşmiş və indi həyatlarından qorxan günahsız qadınlar, kişilər və uşaqlarladır”, – deyə bəyanatda qeyd edilir.

“Kreml buna görə cavab verəcək”, – deyə hər iki lider əlavə edib.


Mənbə: https://t.me/milinfolive/76458

11.30.

Kiyev sakinləri ailələrini işğaldan qorumaq üçün şəhəri tərk edir. Nəticədə Kiyevin çıxışında böyük tıxac yaranıb.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko belə deyir.

Nazir müavini insanlara müraciət edərək bildirib ki, şəhəri tərk etmək yaxşı hal deyil: “Siz sadəcə tıxacda saatlar keçirəcəksiniz. Bu da əsəblərinizi korlayacaq”.

Anton Geraşenko insanlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edib.

O bildirib ki, yolda ölmək ehtimalı ruslar tərəfindən öldürülməkdən dəfələrlə çoxdur.

Ukrayna polisinin səhər saatlarında açıqladığı məlumata görə, Odessa bölgəsində bombardman nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.

Mariupolda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Dnepr bölgəsində isə çoxsaylı bombalar endirilib. İnhulets çayı boyunca uzanan körpü bombalanıb.


11.24.

Rusiya bildirir ki, yalnız Ukraynadakı hərbi infrastrukturu hədəfə alır.

Görüntülərdən isə aydın olur ki, Rusiya raketləri Ukraynanın böyük şəhərlərindəki yaşayış məntəqələrini də vurub.

Xarkovdan çəkilmiş videolarda “Smerç” ağır reaktiv yaylım atəşi sistemindən atılan raketlər görüntülənib.

Raketin yükü zərbə zamanı partlaya bilməyib və o, şəhərdə pravoslav kilsəsinin yaxınlığında səkinin yaxınlığında qalıb.

Açıq mənbəli araşdırma qrupu olan CIT videonun Xarkovda çəkildiyini və görüntüdəkinin “Smerç” raketinə bənzədiyini təsdiqləyib.

Qrup iddia edir ki, bu raketlərin əhalinin yaşadığı ərazilərə qarşı istifadəsi müharibə cinayətidir.


11.17.

Rostovda məktəblər, uşaq bağçaları, hava limanı qapadılıb.

Səbəb Ukrayna-Rusiya arasında başlayan müharibədir.

Bu barədə Meydan TV-yə Rostovda yaşayan azərbaycanlılar məlumat verib.

Onlar bildiriblər ki, səhər saatlarından başlayan artileriya hücumlarının sədaları Rostovadək gəlir: “Onsuz da günlərdir ki, şəhərdə xaos yaşanır. Gələn köçkünlər, onların dövlət binalarına, idarələrə yerləşdirilməsi və s. İnsanlar təlaş içindədirlər. Həm gələnlər, həm də yerli sakinlər”.

Rostov sakinləri deyirlər ki, bu gündən hava limanı da qapadılıb. Onlara bunun təhlükəsizlik məqsədilə edildiyi bildirilib: “Lakin insanlar panikadadırlar. Artıq ölkəni tərk etmək üçün ən yaxın hava limanı qapadılıb. Bu, hamını narahat edir”.


10.49.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət elan edib, eyni zamanda vətəndaşları panikaya düşməməyə çağırıb.

Bu arada Xarkov, Kramatorsk, Dnepr, Mariupol, Odessa, Zaporojye şəhərlərində partlayışlar baş verir.

CNN azı yeddi şəhərdə partlayışlar olduğunu xəbər verir.

ABŞ Prezidenti Co Bayden əməliyyatı pisləyib, bunu Ukraynaya “təhrik edilməmiş və əsaslandırılmamış” hücum adlandırıb, “Rusiyanın buna görə cavab verəcəyini” deyib.

Baydenin sözlərinə görə, Rusiya baş verəcək “fəlakətli həyat itkisi və insan əzabları” üçün məsuliyyət daşıyır.

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumunu pisləyib, NATO müttəfiqlərinin “Rusiyanın yenilənmiş hücumu”nun müzakirəsi üçün bir araya gələcəyini deyib.

Rusiya ordusu Ukraynada əhali yaşayan yerləri deyil, hava bazaları və digər hərbi obyektləri hədəfə aldığını bildirir.

“RIA Novosti” xəbər agentliyi fevralın 24-də Rusiyanın Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, Ukraynanın hərbi infrastrukturu, havadan müdafiə sistemləri və hava qüvvələri yüksək dəqiqlikli silahlarla vurulur.

Nazirlik şəhərlərə zərbə endirilmədiyini bildirir.

Putin fevralın 24-nə keçən gecə televiziya ilə çıxışında hücumu əsaslandırmağa çalışıb, Ukraynanın nüvə silahı əldə etməsini dayandırmaq istədiyini deyib. Ukrayna indiyədək nüvə silahı əldə etmək niyyətini açıqlamayıb.

Putinin iddiasına görə, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Putin Ukrayna ordusunu silahı yerə qoymağa çağırıb. Onun iddiasına görə, Rusiya Ukrayna ərazisini tutmaq istəmir.

Kiyev və Qərb təhdid iddialarını rədd edir.


Nazir: “Şəhərlərə raket zərbələri endirilir, yüzlərlə ukraynalı artıq ölüb”

Rusiya Ukraynaya raket zərbələri endirməyə başlayıb.

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko Rusiyanın işğala başladığını təsdiqləyib. O, “Facebook” səhifəsində yazır ki, indicə Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, Xarkov və Dineprin hərbi mərkəzlərinə, anbarlarına, hava limanlarına raket hücumları olub.

“Sərhəddə isə artilleriya atəşi davam edir. Bu gündən etibarən dünyada yeni geosiyasi reallıq var. Ya Ukrayna və dünya yeni Hitleri dayandıracaq, ya da üçüncü dünya müharibəsi olacaq”.

Anton Geraşenko xalqa müraciətlə bildirib ki, Rusiyada dostları, sevdikləri olanlar onlara zəng etsinlər, video-görüntülər göndərsinlər və susmamalarını tələb etsinlər:

“Artıq Ukraynaya minlərlə raket atılıb. Yüzlərlə ukraynalı ölüb. Bu, minlərlə olacaq”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Rusiyanın Ukraynaya “tammiqyaslı müdaxiləsini” təsdiqləyib.

“Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri tətillərə məruz qalıb”.

Nazir bunu “işğalçı müharibə” adlandırıb. Bildirib ki, Ukrayna özünü müdafiə edəcək və qalib gələcək:

“Dünya Putini dayandıra bilər və etməlidir. İndi hərəkət etmək vaxtıdır”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Rusiyanın hazırkı hərəkətilə bağlı Putinə birbaşa müraciət edərək deyib: “İnsanlıq naminə qoşunlarınızı Rusiyaya qaytarın”.

2017-ci ildən Baş katib vəzifəsini icra edən Quterreş əlavə edib: “Bugünkü hərəkətlər “işlədiyim müddətdə ən kədərli məqamdır”.

Ukrayna rəsmiləri bildirirlər ki, rus qoşunları artıq Odessaya girib. Digərləri isə Xarkovla sərhədi keçib.

Olay yerində olan “Guardian” müxbiri Peter Beaumont bildirib ki, baş verənlər Rusiyanın məhdud əməliyyatı olmaqdan uzaqdır:

“Görünən odur ki, cənub-qərbdə Odessadan sahil boyu şərqə Mariupola, Xarkovdan şimala və nəhayət, Kiyevə qədər geniş bir çərçivədə müxtəlif növ hərbi əməliyyatlar keçirilir. İndiyədək bildirilən məlumatlarda hücumların raket zərbələri ilə olduğu deyilirdi. Hazırda isə bir çox yerdə, xüsusən Xarkovda sərhədi keçən qoşunlar haqqında təsdiqlənməmiş məlumatlar gəlir”.

Donbas separatçıları Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Ondan yardım istəyiblər.
TASS Xəbər Agentliyi yazır ki, Putin də cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarını verdiyini bildirib. Deyib ki, məqsədi Kiyev rejimi tərəfindən sui-istifadəyə, soyqırıma məruz qalan insanları qorumaqdır.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Putin çıxışında bildirib ki, NATO təhlükəsizlik razılaşmaları və qarantiyalarına əməl etmir.

Ana səhifəDünyaBloq: Rusiya-Ukrayna müharibəsi: yenilənən xəbərlər