“Müdafiə naziri deyib ki, onun günahsız olduğunu bilirəm, amma kömək edə bilmirəm”
2017-ci ilin mayında Tərtərdə yüzlərlə əsgər və zabitə kütləvi şəkildə işgəncə verilərkən paralel olaraq, Beyləqanda da bənzər hadisələr yaşanıb. Orada işgəncə nəticəsində bir nəfər leytenant ölüb.
Beyləqan hadisələri də 2021-2022-ci illərdə Baş Prokurorluğun İstintaq İdarəsində Tərtərdəki işgəncələrlə bağlı cinayət işi çərçivəsində araşdırılıb. Beyləqanda baş verənlərə görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi işləmiş general-mayor Bəkir Orucov, nazirliyin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, hadisələr baş verəndə Beyləqana ezam edilən İntiqam Məmmədov, Beyləqan korpusunun təhqiqat bölməsinin sabiq rəis müavini Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov və korpusun təlimatçısı Ülvi Rəşidov.
Bakı Hərbi Məhkəməsinin hökmüylə adları çəkilən şəxslərdən ikisinə – Rahib və İntiqam Məmmədovlara 6 il 6 ay, general da daxil olmaqla, digər 3 nəfərə isə 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Onlar bu hökmdən narazıdır və işgəncələrə göstəriş vermiş, icra etmiş şəxslərin məsuliyyətdən kənarda saxlandığını, zərərçəkmişləri sakitləşdirmək üçün onların qurban verildiyini bildirirlər.
Hökmdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Məhkəmədə təqsirləndirilən polkovnik Ziya Kazımovun vəkili Bəhruz Bayramov çıxış edərək bildirib ki, müvəkkili heç bir mötəbər sübut-dəlil olmadan cəzalandırılıb. Hökmün ədalətsiz olduğunu deyən vəkilin sözlərinə görə, məhkəmədə dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri nəzərə alınmayıb:
“Bakı Hərbi Məhkəməsinin hökmü qanunsuz və əsassızdır. İttiham aktında yazılanları köçürüblər, bu da olub hökm. 50 nəfəri dindirdilər, onlar dedilər ki, “Ziya bizə işgəncə verməyib”. Amma məhkəmə bunları nəzərə almadı. Adil Sabirli öləndə Ziya orada olmayıb. Onu zəng eləyib çağırıblar, telefon danışıqları var. O da gəlib süni nəfəs verib, ürək masajı eləyib. Bu, necə ola bilər ki, həm işgəncə verir, həm də xilas etməyə çalışır?”.
Vəkil vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Ziya Kazımovun müstəsna xidmətləri olub. O, müvəkkilinin 2020-ci ildə 44 günlük müharibədə və 2022-ci ilin sentyabrında anti-terror əməliyyatlarında iştirakından danışıb.
Ziya Kazımovun özü də təqsirsiz olduğunu bildirib:
“Hökm bizə gələndə oxuyub gördük ki, məhkəmədə bizim, zərərçəkənlərin, şahidlərin danışdıqları bir kənarda qalıb. Özlərinə necə sərf eləyir, elə düzüb-qoşublar. Hökmdə yazıblar ki, “mənə tabe olan hərbi hissələrdə hərbçiləri yığıb aparmışam”. Mənim hərbi hissəm olub ki, orada nəsə də eləyim? Mən özüm hansısa hərbi hissəyə tabe olmuşam. Guya istintaqda 19 nəfərin mənə qarşı ifadəsi var. Halbuki, 7 nəfərin ifadəsində adım keçib. Məhkəmədə dindiriləndə də dedilər ki, “bu adamı tanımırıq”, istintaqdakı ifadələri də qəbul eləmədilər”.
Ziya Kazımzadə əlavə edib ki, əleyhinə yalnız bir nəfər ifadə verib:
“Onun da məqsədi təzminat almaq idi. Ona görə mənimlə bağlı da yalan danışdı. Məhkəmədə şahidlər ifadə verdi, mənim dediklərimi təsdiqlədilər. Hadisələr baş verəndə bölüyümə tapşırıq verdim ki, öz işimizlə məşğul olaq”.
Təqsirləndirilən polkovnikin sözlərinə görə, ona Adil Sabirlinin ölümüylə bağlı ittiham verilsə də, onun döyülüb öldürülməsində qətiyyən rolu olmayıb. Əksinə, gecə zəng edib, Adil Sabirlinin vəziyyəti barədə məlumat verəndə gəlib onu xilas etməyə çalışıb:
“Mən evdə idim. Zəng edib dedilər ki, vəziyyət belədir. Durub hərbi hissəyə getdim. Çünki mənim də olduğum hərbi hissədə hadisə baş vermişdi. Bilirdim ki, ora prokurorluqdan gəlib araşdırma aparacaqlar, rütbəli zabitlər gələcək. Ora çatanda general Bəkir Orucova zəng edib məlumat verdim. Dedi ki, “əlinizdən gələni edin ki, ölməsin”. Mən də nə mümkündürsə, elədim – süni nəfəs verdim, ürək masajı elədim. Gördüm ki, artıq keçinib”.
Daha sonra çıxış edən təqsirləndirilən general-mayor Bəkir Orucov bildirib ki, rütbəsinə görə onu qurban seçiblər. Məqsəd də “işgəncələrə görə general cəzalandırıldı” görüntüsü yaratmaq olub. Bəkir Orucov hesab edir ki, xüsusi arxalandığı adamı, pulu olmadığına görə məhz onu qurban seçiblər.
Bəkir Orucov da Bakı Hərbi Məhkəməsinin hökmündən şikayətlənib. O bildirib ki, məhkəmədə ortaya çıxanlar, səslənən ifadələrin heç biri nəzərə alınmayıb, ittiham aktında nə vardısa, hökmə köçürülüb:
“Hamısı da fərziyyələrdir. 9 ay məhkəmə getdi, orada çıxışlar oldu, amma hökmdə heç biri yoxdur. Belə təqdim ediblər ki, guya hadisələri mən idarə eləmişəm. Kapitan, mayor kim idi ki, işgəncə otağı yaratsın, buna əmr versin? Bu qədər yalan olmaz. Həbsimin səbəbini mən özüm yaxşı bilirəm. Mənə açıq şəkildə desəydilər ki, bu dövlət üçün qurban lazımdır, səni seçirik, məni bu qədər yandırmazdı. Zərərçəkmişlər şikayətlənirdilər, ora-bura çox yazırdılar ki, bu qədər adamlara işgəncələr verilib, yüksək rütbəli şəxslərdən heç kim cəzalandırılmır. Məni də ona görə qurbanlıq seçdilər ki, “generalı cəzalandırdıq” görüntüsü yaransın. Yaxşı ki, mən Tərtərdə xidmət eləməmişəm. Görün onda başıma nələr gətirərdilər. Ailəm müdafiə nazirinin qəbulunda olub. Nazir deyib ki, “mən də bilirəm Bəkir Orucovun günahı yoxdur, amma kömək edə bilmirəm ona”. Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar”.
Beyləqan hadisələrilə bağlı məhkəmə prosesi mayın 1-də davam edəcək.
2017-ci ildə Tərtərdə təxminən 500 nəfərə, Beyləqanda isə 60-dan çox hərbçiyə xəyanət şübhəsiylə işgəncə verildiyi iddia olunur. Tərtərdə işgəncələr nəticəsində 11 nəfər, Beyləqanda isə bir zabit həyatını itirib.
Təqsirləndirilən general Bəkir Orucov məhkəmədə bildirib ki, istər Tərtər, istərsə də Beyləqandakı işgəncələrdən müdafiə naziri Zakir Həsənovun, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovun və nazirlikdəki başqa yüksək vəzifəli şəxslərin hamısının xəbəri olub. Onun sözlərinə görə, Beyləqan korpusunun rəhbəri Mais Bərxudarov həmin hadisələrə birbaşa nəzarət etdiyi halda, tamamilə kənarda saxlanılıb.
Mais Bərxudarov isə Beyləqandakı işgəncələrdə rolu olmadığını iddia edir.