Etik prinsipləri

Qərəzsizlik

Meydan TV üçün çalışan jurnalist söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşmalıdır. Yalnız fakta əsaslanan məlumat yaymalı, onu gizlətməməli və ya şəxsi münasibətlərə görə onu saxtalaşdırmamalıdır. Hər hansı mövzunu işlədikdə onunla bağlı şəxsi çıxarı olmadığını göstərməlidir.

Jurnalist hər bir məlumatı senzuraya məruz qoymadan yayımlamalıdır (daxili özünüsenzura belə yolverilməzdir). Yalnız demokratik dəyərlərə, insan haqlarına qarşı olan məlumatlar yayımlana bilməz. Məsələn, terror təşkilatlarını, silahı təşviq edən məlumatlar yaymaq qadağandır.
İstənilən bəyanat və ya təqsirləndirmə qərəzsiz, məhkəmədə sübut edilə biləcək səviyyədə olmalıdır. İstənilən hekayənin nəticələri yalnız faktlardan ibarət olmalıdır.

Balans

Jurnalistin məqsədi yazdığı materialda baş verənləri tam əhatə etmək olmalıdır – yəni baş verən yaxşı, pis və bu iki cəhətin arasında olan bütün digər hadisələr əhatə edilməlidir. Reallıq birtərəfli olmur, çoxtərəfli olur. Hər hansı ziddiyyətdolu bir xəbəri yayımlayarkən bu xəbərin aid olduğu bütün tərəflərə onlar haqqında edilən iddialara cavab vermək şansı verilməlidir – həmin tərəf Meydan TV-yə mənfi münasibət bəsləsə belə.
Təkzib və cavab haqqına hörmət edilməlidir.

Dəqiqlik

Yazılan xəbərin dəqiqliyinə əmin olmaq lazımdır, yəni bu xəbərin düzgün olmadığı iddia edilərsə (hətta məhkəmədə belə), yazdığınızı faktlarla dəstəkləyə biləcəyinizdən əmin olun. Materialda hər hansı fakt səhv yazılıbsa, onu mütləq düzəltmək və materialın verildiyi səhifədə düzəliş etdiyinizi qeyd etmək lazımdır. Oxucular şəffaflığı yüksək qiymətləndirir. Həmişə müsahibinizin səsini yazmağa çalışın ki, onun dediyini iddia etdiyiniz sözləri həqiqətən də dediyini sübut edə biləsiniz. Şərh etmək bizim işimizin ayrılmaz hissəsidir. Şərhçi ayrı-ayrı hadisələr arasındakı rabitəni izləməyə çalışır, bu və ya digər hadisənin, yaxud qərarın arxasında nəyin gizləndiyini izah edir. Lakin şərh jurnalistin şəxsi fikri deyil, bu və ya digər hadisənin nə üçün baş verdiyini izah etməyə cəhd göstərməkdir.

Reportyor hadisələri təhlil edərkən öz şərhlərində auditoriyanı həqiqətdən uzaqlaşdırmaq qorxusu ilə üz-üzə qala bilər. Şərhçilərin heç də hamısı «necə olmalıdır» fikrindən yaxa qurtara bilmir, halbuki «nə» baş verdiyini və «nə üçün» baş verdiyini təhlil etməlidir. Tarazlığı saxlamaq üsullarından biri müzakirə olunan məsələnin məğzinə əsaslanmaqdır.

Faktlar və izahlar bir-birindən ayrılmalıdır. Baxan hiss etməlidir ki, hansı faktdır, hansı şərh. Xüsusən müəllif verilişlərində bu, nəzərə alınmalıdır.

Doğruluq

Jurnalist öz istədiyi arqumenti dəstəkləmək məqsədilə mövcud məlumatı gizlətməməli, onu təhrif etməməli və mənbənin kimliyini və ya dediyi sözləri səhv təqdim etməməlidir. Yazdığınız sözlər sizə məxsus deyilsə, onları dırnaq işarəsi içərisində yazın və mənbəyini göstərin. Digər xəbər mənbələri və ya saytlarda verilmiş məlumatı eynilə götürüb yazmayın. Plagiat etmək Meydan TV-nin nüfuzuna zərbədir, həmçinin sizin yazınızın gələcəkdə ciddi qəbul edilməməsinə şərait yaradır.

Dürüstlük

Jurnalist məlumat aldığı şəxsə məhz şəxsi münasibəti olduğu üçün güvənməməlidir. Çünki bəzən yaxınlarımız da hansısa məlumatı verə bilər. Jurnalist hər hansı mövzunun yayımlanmasından heç bir şəxsi fayda əldə etməməlidir. Müsahibə və ya məlumat almaq üçün hər hansı şəxsə ödəniş etmək və ya digər formada fayda vermək və ya hər hansı mövzunu yayımlamaq müqabilində digər şəxslərdən maliyyə və ya material ödəniş almaq qadağandır!

Hörmət

Hər hansı şəxsi cinsinə, etnik mənsubiyyətinə, milliyyətinə, dininə, seksual orientasiyasına, fiziki və ya əqli əlilliyinə və ya hər hansı digər bu növ cəhətinə görə alçaldacaq məzmunlardan (mətn, video, şəkil, karikatura) kənar durulmalıdır. Xəbərlə, birbaşa hadisə ilə bağlı olmadığı halda insanların cinslərini, irqlərini, yaşını, fiziki məhdudiyyətini, milliyyətlərini qabartmaq olmaz.

  • Mənfi hadisələrdə 18 yaşından kiçik olan şəxslərin fotoları, videoları, adları yayımlanmamalıdır. Yalnız üzünü örtmək şərti ilə və ya himayəçisinin yanında ümumi planda göstərmək olar.
  • İctimai əhəmiyyəti olmadıqca, şəxsin icazəsi olmadan onun şəklini, videosunu çəkmək, səsini yazmaq olmaz. Şəxsi həyat toxunulmazlığı qorunmalıdır.
  • Düşmənçilik və nifrət aşılanmamalıdır.
  • Jurnalist gizlədəcəyinə söz verdiyi mənbəsini açıqlamamalıdır. Yolu məhkəməyə düşsə belə…
  • Qan və şiddəti göstərən görüntülərdən, ölən şəxsin üz ifadəsinin görüntülənməsinin yayımlanması qadağandır.

Əgər fotolarda süni intellektdən istifadə ediriksə, mütləq “Aİ-dən fotonun keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunub” sözü yazılmalıdır. Aİ istifadəsi zamanı fotolar saxtalaşdırılmamalı, reallıq dəyişdirilməməlidir.

Qeyd: Meydan TV reklam materialları yayımlamır, heç bir dövlət və özəl şirkətlə əməkdaşlıq etmir!