Gürcüstanda Ukraynaya dəstək aksiyası keçirilib

Avropa meydanında aksiya. Foto: “Batumelebi” / Lela Dumbadze

“Ukraynadakı müharibə Gürcüstanın gələcəyinə birbaşa təsir göstərir”

Fevralın 24-də Gürcüstanın Batumi şəhərində insanlar Rusiyanın Ukraynaya hücumunu pisləmək və ukraynalılara dəstək üçün toplanıblar.

“Avropa Meydanı”nda baş tutan aksiyaya yüzlərlə insan qatılıb. Ukrayna bayraqları, şüarlarla aksiya keçirən insanlar Rusiyanın Ukraynaya qoşun yeritməsini pisləyiblər.

“Batumielebi” saytı yazır ki, Batumi Şəhər Şurasının üzvü İrakli Kupradze mitinqdı çıxış edib. O deyib ki, belə durumlarda həmrəylik həlledicidir:

“Çünki Ukraynadakı müharibə Gürcüstanın gələcəyinə birbaşa təsir göstərir”.

Avropa meydanına həm ukraynalılar, həm də onlara dəstək üçün Gürcüstan vətəndaşları toplanıb.

Etirazçılar bildiriblər ki, bu gün Rusiyanın Ukraynaya qarşı etdikləri, 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsi zamanı baş verən prosesləri xatırladır və qəti etirazla qarşılanmalıdır.

Mitinqdə iştirak edən insanlar “bütün dünya desin ki, Rusiya işğalçıdır və onun zorakılığına birdəfəlik son qoyulsun”, – şüarları səsləndiriblər.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

O iddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Ana səhifəDünyaGürcüstanda Ukraynaya dəstək aksiyası keçirilib