“Zərurət olmasa, evdən çıxmayın, hərbi obyektlərdən uzaq durun”
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə bildirilir ki, azərbaycanlılar Ukraynadakı vəziyyətlə bağlı hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməsinlər.
Bura Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətləri də daxildir.
“Habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olun”, – deyə müraciətdə qeyd edilir.
XİN əlavə edir ki, Ukraynadakı Azərbaycan vətəndaşları ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalsınlar:
“Səyahətlərdən maksimum çəkinin. Təhlükəsiz yerlərdə qalın. Eyni zamanda, Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləməyiniz tövsiyə edilir”.
Nazirlik vətəndaşlara xüsusi hallar ilə bağlı Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə əlaqə saxlamalarını bildirir.
Səfirliyin əlaqə nömrəsi: (+380 73) tel:5050000
Elektron poçt ünvanı: mailto:kiev@mission.mfa.gov.az
Xarkov şəhərindəki fəxri konsulluğun əlaqə nömrəsi: (tel:+380577000531
Konsulluğun elektron poçt ünvanı: mailto:info.azconsulate@gmail.com
“Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək”, – deyə müraciətin sonunda qeyd edilir.
Fevralın 21-də isə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova açıqlama verərək bildirmişdi ki, diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan onlara təlimat gəlməyib:
“Tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik, həyəcana ehtiyac duyulmur”.
Elmira Axundova 3 gün öncə Ukraynanı tərk etmək istəyən hava yolu ilə Bakıya, yaxud İstanbula gedə biləcəklərini söyləsə də, bu gündən Ukraynaya və Ukraynadan olan bütün aviareyslər təxirə salınıb.
Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.