Rusiyanın Ukraynaya hücumu davam edir: yenilənən xəbərlər

Ukrayna, Bardyanka. Foto: Reuters

23.55.

Rusiya Twitter-ə girişi məhdudlaşdırıb

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidməti (Роскомнадзор) ölkə ərazisində Twitter-ə giriş məhdudlaşdırılıb.

Məlumatı Rusiya mediası yayıb.

Bildirilib ki, Twitter-ə giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun 15.3-cü maddəsi əsasında məhdudlaşdırılıb.


22.59.

Rusiya “Facebook” şəbəkəsini bloklayıb

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidməti (Роскомнадзор) ölkə mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook” sosial şəbəkəsini bloklayıb.

Məlumatı Rusiya mediası yayıb.

Facebook. Mənbə: Chinnapong/shutterstock

Bildirilib ki, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb:

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, http://Lenta.ru və http://Gazeta.ru informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”.


20.55.

“Lukoyl” müharibəni dayandırmaqla bağlı çağırış etdi

“Biz danışıqlar və diplomatik vasitələrlə həllini tam dəstəkləyirik”

Rusiyanın “Lukoyl” şirkətinin rəhbərliyi Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa çağırır.

Şirkətin İdarə Heyəti müvafiq müraciəti neft-qaz nəhənginin səhmdarlarına, əməkdaşlarına və müştərilərinə ünvanlayıb.

Lukoyl şirkəti. Foto: Andrey Sedoy/shutterstock

Məlumatı euronews.com yayıb.

Şirkət silahlı münaqişənin tezliklə dayandırılmasının tərəfdarı olduğunu vurğulayıb:

“Biz danışıqlar və diplomatik vasitələrlə həllini tam dəstəkləyirik”.

Martın 3-də London birjası Ukraynaya müdaxilədən sonra tətbiq edilən sanksiyalara görə, Rusiyanın digər iri şirkətlərinin qiymətli kağızları ilə birlikdə “Lukoyl”un səhmlərini ticarətdən çıxarıb.

1993-cü ildə Rusiya hökumətinin qərarı ilə yaradılan “Lukoyl” şirkəti MDB və dünyanın bir çox ölkəsində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət həmin ildən Azərbaycanda fəaliyyət göstərir.


17.41.

Azərbaycanda Rusiya saytlarına giriş mümkün deyil

Martın 4-dən Azərbaycan ərazisində Rusiya Prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru) rəsmi saytı, həmçinin “Sputnik-Novosti” (sputnik.ru), RBC (rbc.ru), “Sputnik-Azərbaycan” (sputnik.az) və “Sputnik-Armeniya” saytları açılmır.

Bu saytlara VPN vasitəsilə də daxil olmaq mümkün deyil.

Amma “RİA-Novosti”, “tass.ru” və bir sıra digər saytlar fasilələrlə işləyir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məsələyə şərh almaq mümkün deyil.


17.39

Putin qonşu ölkələrə çağırış etdi

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb.

Bu barədə o, martın 4-də Marşal Rokossovski bərəsinin bayrağının qaldırılması mərasimində danışıb.

V.Putinin sözlərinə görə, Rusiyanın qonşu ölkələrə qarşı heç bir pis niyyəti yoxdur, onun bütün hərəkətləri yalnız ona qarşı qeyri-dost tədbirlərə cavab olaraq ortaya çıxır:

V.Putin. Foto: Meydan TV

“Bir daha vurğulamaq istəyirəm: bizim qonşularımıza qarşı heç bir pis niyyətimiz yoxdur və mən onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik”.”Biz burada münasibətlərimizi gərginləşdirməyə və ya pisləşdirməyə ehtiyac görmürük. Bizim bütün hərəkətlərimiz, əgər yaranarsa, həmişə yalnız Rusiyaya qarşı bəzi qeyri-dost hərəkətlərə cavab olaraq yaranır”, – deyə Putin vurğulayıb.


16.05

Rusiya kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər

Ukrayna münaqişəsi fonunda tətbiq edilən sanksiyalar ucbatından Rusiya kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər.

Bu barədə Kino Sahibləri Assosiasiyası bəyanat yayıb.Assosiasiya Rusiya Mədəniyyət Nazirliyi və Kino Fondundan ölkə kinoteatrlarında yerli filmlərin nümayişinə dəstək proqramının hazırlanmasını tələb edib.


16.03.

ABŞ teatrı Rusiyanın Xalq artistinə qadağa qoyub

Amerikanın Metropoliten-opera Teatrı Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebkonu Prezident Vladimir Putinin Ukraynada həyata keçirdiyi hərbi müdaxiləni pisləmədiyi üçün səhnədən uzaqlaşdırıb.

Anna Netrebko. Foto: 360b/shutterstock

“Bu qərar teatrımız üçün böyük itkidir. Lakin Rusiya prezidentinin Ukraynadakı hərəkətləri bizə başqa seçim yolu qoymadı”, – teatrın baş direktoru Peter Qelb deyib.

14.49.

Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı


Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) martın 4-də Ukraynaya Rusiyanın hücumundan sonra bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Azərbaycan vətəndaşlarının Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir.


14.38.

Rusiya BBC və “Azadlıq” radiosuna girişi məhdudlaşdırır

Rusiya BBC-nin rus xidmətinə və AzadAvropa/”Azadlıq” radiosunun (RFE/RL) saytlarına girişi məhdudlaşdırır.

Həmçinin “Deutsche Welle”-in Rusiyadakı saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq (əpp) mağazaları da bloklanıb.

Moskva, Baturina Yuliya/shutterstock

Bunu ölkənin kommunikasiyalara nəzarət orqanı edib. Qurum bunu belə əsaslandırıb ki, BBC və “Azadlıq” radiosunun rusdilli internet saytları Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatlar yayır.


14.04.

“NATO-nu münaqişəyə təşviq etmək məsuliyyətsizlikdir”

Kanada NATO-nun Rusiyanı təcrid etmək üçün bütün ssenariləri müzakirə etməsini istəyir.

Ölkənin xarici işlər naziri Melanie Joly alyansın Ukrayna üzərində uçuşa qadağa qoyulması ilə bağlı suala cavabında belə deyib.

NATO-Rusiya. Foto: Vitalii Stock/shutterstock

Litvanın Baş naziri İnqrida Simonyte isə düşünür ki, NATO-nun Ukraynada uçuşa qadağa zonası tətbiq etməyə çağrılması məsuliyyətsizlikdir və hərbi ittifaqı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.


14.01.

Ukraynada “nüvə fəlakəti” gözlənilirmi?

Ukraynanın Zaparojya şəhərindəki nüvə stansiyasının bir neçə kilometrliyində yerləşən nəzarət məntəqəsinin atəşə tutulması Atom Elektrik Stansiyasında (AES) radiasiya səviyyəsinə təsir etməyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) açıqlamasında belə deyir.


13.11.

Britaniyanın ədliyyə naziri: “Putin mühakimə oluna bilər”

Britaniyanın ədliyyə naziri martın 4-də bildirib ki, Rusiya qüvvələrinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə Vladimir Putin mühakimə oluna bilər.

Times Radiosu” isə Britaniyanın Baş nazirinin müavini Dominik Raabdan müharibənin Rusiya Prezidentinin “müharibə cinayətlərinə görə həbs edilməsi” ilə bitdiyini görüb-görmədiyini soruşub.

Dominik Raab. Foto: Alexandros Michailidis/shutterstock

O bildirib ki, bu, indi Vladimir Putinin düşünməli olduğu çox real riskdir.

Şəxsi vəziyyətindən əlavə, Ukraynada və ya Moskvada fəaliyyət göstərən hər bir komandir bilməlidir ki, bütün qeyri-qanuni əmrləri ICC (Beynəlxalq Cinayət Məhkəməsi) araşdırır. Bura mülki şəxsləri hədəfə almaq da daxildir. Onlar bilməlidirlər ki, bu qeyri-qanuni tapşırıqlara əməl etsələr, məhkəmənin mühakimə kürsüsündə və nəhayət, həbsxanada olmaq riski ilə üzləşəcəklər”.


Rusiya-Ukrayna danışıqları nəticəsiz qalıb

Martın 3-də Ukrayna-Rusiya danışıqlarının ikinci hissəsi başa çatıb.

Bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak yerli mediaya danışıb.

O, Ukrayna nümayəndə heyətinin gözlədiyi nəticəni əldə etmədiyini və danışıqların davam etdiriləcəyini bildirib.

“Təəssüf ki, gözlədiyimiz nəticəni əldə etmədik. Bircə onu deyə bilərəm ki, biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik. Çünki indi şəhərlər mühasirəyə alınıb, qida, dərman, dərmanla bağlı dramatik vəziyyət var. Evakuasiya ehtimalı var”,-Podolyak belə deyib.

Foto: Reuters

M.Podolyakın sözlərinə görə, yeganə məsələ mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsində razılıq əldə olunub:
“Yəni hər yerdə deyil, yalnız humanitar dəhlizlərin yerləşəcəyi yerlərdə ola bilsin ki, evakuasiya müddətində atəşkəs olsun”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətRusiyanın Ukraynaya hücumu davam edir: yenilənən xəbərlər