Rusiya BBC və “Azadlıq” radiosuna girişi məhdudlaşdırır

Moskva, Baturina Yuliya/shutterstock

Kreml bu media qurumlarının münaqişə ilə bağlı yalan yazdığını iddia edir

Rusiya BBC-nin rus xidmətinə və AzadAvropa/”Azadlıq” radiosunun (RFE/RL) saytlarına girişi məhdudlaşdırır.

Həmçinin “Deutsche Welle”-in Rusiyadakı saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq (əpp) mağazaları da bloklanıb.

Bunu ölkənin kommunikasiyalara nəzarət orqanı edib. Qurum bunu belə əsaslandırıb ki, BBC və “Azadlıq” radiosunun rusdilli internet saytları Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatlar yayır.

Rusiya dəfələrlə Qərb media təşkilatlarının dünyaya qismən və çox vaxt anti-Rusiya baxışı təqdim etdiyini bildirib.

Rəsmi Kreml bildirib ki, Rusiyanı ittiham edənlər öz liderlərini İraq və korrupsiya kimi dağıdıcı xarici müharibələrə görə hesaba çəkə bilmirlər.

Qərb liderləri isə illərdir ki, Rusiyada dövlət mediasının üstünlüyü ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Onlar deyirlər ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda əldə edilmiş azadlıqlar Prezident Vladimir Putin tərəfindən geri alınıb.

Rusiyanın RİA xəbər agentliyi media nəzarəti orqanının rəsmi reyestrinə istinadən BBC Rus xidmətinin, həmçinin “Azadlıq” radiosunun və “Meduza” media orqanının internet saytlarına girişin məhdudlaşdırıldığını bildirib.

Martın 3-də alınan rəsmi bildirişə görə, Rusiya rabitə nəzarəti orqanı bildirib ki, “Azadlıq” radiosunun rus xidməti “Rusiyanın Ukrayna ərazisinə iddia edilən hücumu ilə bağlı açıq-aydın saxta sosial əhəmiyyətli məlumatlar” yayıb.

“Azadlıq” radiosu rəsmi bildirişə istinadən “Belə məlumat yanlışdır” deyib.

Ukraynadakı vəziyyəti təsvir etmək Moskvada həssas mövzuya çevrilib.

Həmçinin martın 4-də Dövlət Duması Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərəkətləri barədə saxta məlumatlara görə, cinayət məsuliyyəti nəzərdə tutan qanunu dörd oxunuşda qəbul edib. Bu qanun layihəsində uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

bloklanma
Foto:arxiv

Məhkəmə ordunun fəaliyyəti haqda “qəsdən yalan məlumat” verildiyini təsbit edərsə, buna görə cərimə, yaxud 3 ilədək həbs cəzası kəsilə bilər.

Bu zaman xidməti vəzifədən istifadə edilərsə, mənfəət güdülərsə, yaxud “saxta dəlil düzəldilərsə”, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözlənir.

Saxta (feyk) informasiya ağır nəticələrə səbəb olarsa, 15 ilədək həbs cəzasının kəsilməsi mümkündür.

Prezident Putin deyib ki, ABŞ NATO hərbi ittifaqını Rusiya sərhədlərinə qədər genişləndirdikdən və Kiyevdə qərbyönlü liderləri dəstəklədikdən sonra Kremlin təhlükəsizliyini təmin etmək üçün “xüsusi hərbi əməliyyat” vacibdir.

Rusiya rəsmiləri “işğal” sözünü işlətmir və deyirlər ki, Qərb mediası Ukraynada rusdilli insanların “soyqırımı” kimi qələmə verdikləri şeylər barədə məlumat verə bilməyib.

Bunlar Rusiyada fevralın 24-dən bu yana bloklanan ilk saytlar deyil. “Azadlıq” radiosunun Amerikanın Səsi (VOA) ilə birgə rusdilli layihəsi olan “Current Time” fevralın 28-dən bloklanıb, amma xidmət blokdan yayınmaq üçün metodları yayıb.

Martın 3-dən isə Rusiyada “Exo Moskvı” radiostansiyanın fəaliyyəti dayandırılıb.

Bu barədə Direktorlar Şurası martın 3-də səsçoxluğu ilə radiokanalın və “Exo Moskvı”nın saytının ləğvi barədə qərar qəbul edib.

Radiostansiyanın baş redaktoru Aleksey Venediktov “Novaya gazeta” saytına deyib ki, Roskomnadzor (Rusiyada mediaya nəzarət edən qurum) “Google”dan “Exo Moskvı” proqramını silməyi tələb edib.

Martın 1-də Rusiyanın Baş Prokurorluğu “Exo Moskvı”nı efirə çıxmasını qadağan edib. Prokurorluq həmin gün, həmçinin Rusiyanın ölkənin mediaya nəzarət orqanına “TVRain”kimi tanınan “Dojd” telekanalına da “girişi məhdudlaşdırmağı” tapşırıb.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiya BBC və “Azadlıq” radiosuna girişi məhdudlaşdırır