Saytlara VPN vasitəsilə də daxil olmaq mümkün deyil
Martın 4-dən Azərbaycan ərazisində Rusiya Prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru) rəsmi saytı, həmçinin “Sputnik-Novosti” (sputnik.ru), RBC (rbc.ru), “Sputnik-Azərbaycan” (sputnik.az) və “Sputnik-Armeniya” saytları açılmır.
Bu saytlara VPN vasitəsilə də daxil olmaq mümkün deyil.
Amma “RİA-Novosti”, “tass.ru” və bir sıra digər saytlar fasilələrlə işləyir.
“Turan” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən şərh ala bilməyib.
“Sputnik-Azərbaycan”ın redaksiyasından agentliyə onlarda texniki problem olmadığını bildiriblər.
“Azadlıq” Radiosunun rus redaksiyası şimal ölkənin media saytlarının “Anonymous” qrupu tərəfindən kütləvi haker hücumuna məruz qaldığı haqda məlumat yayıb.
“Xüsusilə, TASS, “Kommersant”, “İzvestiya”, “Takih Del”, “Fontanka”, “Forbes”, RBC və digər KİV-lərin saytları hücuma məruz qalıb.
Hücuma məruz qalan saytlara “Putin bizi yalan danışmağa vadar edir və bizi təhlükə qarşısında qoyur. Bizim üçün nədir? Putini dərsliklərə salmaq üçün? Bu, bizim müharibəmiz deyil, gəlin onu dayandıraq!” mesajı yerləşdirib.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.