“Yanğınlar AES-də radiasiya səviyyəsinə təsir etməyib”
Ukraynanın Zaparojya şəhərindəki nüvə stansiyasının bir neçə kilometrliyində yerləşən nəzarət məntəqəsinin atəşə tutulması Atom Elektrik Stansiyasında (AES) radiasiya səviyyəsinə təsir etməyib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) açıqlamasında belə deyir.
Bildirilir ki, Zaporojya AES-in əsas avadanlıqları əvvəlki yanğından təsirlənməyib, radiasiya səviyyəsində heç bir dəyişiklik olmayıb: “Ərazidə baş verən yanğın “vacib” avadanlıqlara təsir göstərməyib və zavodun işçi heyəti yumşaldıcı tədbirlər görür. Zavodda radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmayıb”.
ABŞ-ın energetika naziri Cennifer Qranholm daha əvvəl Ukraynanın energetika naziri Herman Qaluşenko ilə danışdığını açıqlamışdı.
Elektrik stansiyasındakı reaktorlarla bağlı hələlik hər hansı ciddi problemin olmadığını bildirmişdi.
Qranholm “Twitter” paylaşımında bildirib ki, obyektin yaxınlığında heç bir yüksək radiasiya göstəricisi görməyiblər:
“Stansiyanın reaktorları möhkəm mühafizə konstruksiyaları ilə qorunur və reaktorlar təhlükəsiz şəkildə bağlanır”.
Ukraynanın nüvə agentliyi də Zaporojya AES-də yanğından sonra sızma olmadığını bildirib, lakin rəsmilər Rusiya qüvvələrinin stansiyanı ələ keçirdiyini də açıqlayıb.
Bu da BMT və beynəlxalq atom enerji orqanlarını təcili tədbirlər görməyə vadar edib.
Britaniyanın Baş naziri Boris Consonun ofisi bildirib ki, o, vəziyyətin müzakirəsi üçün BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını istəyəcək.
Zaporojyanın meri Dmitro Orlov Rusiya qüvvələrinin nüvə stansiyasının bir neçə kilometrliyində yerləşən nəzarət məntəqəsinə atəş açdığını, ərazinin azı bir saat atəşə tutulduğunu bildirib.
O, hazırda şəhərdə su və elektrikin olmadığını söyləyib.
Zaporojyadakı Ukrayna administrasiyası və Kiyev Rusiya qüvvələrinin kompleksə girdiyini təsdiqləyib.
Cenevrə Konvensiyası protokolu nüvə obyektlərinə hərbi hücumları məhdudlaşdırır.
Bir neçə gün öncə Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenko bildirmişdi ki, Avropa “nüvə fəlakəti”nin bir addımlığındadır.
Nazir müavini deyirdi ki, Avropanın ən böyük Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi şəhər təslim olmayacaq, döyüşəcək: “Hazırda Atom Elektrik Stansiyasını Ukrayna Milli Qvardiyasının əsgərləri qoruyur. Onlar təslim olmayacaqlar, döyüş olacaq. Mərmilər AES-in yaxınlığına düşə bilər”.
Anton Qeraşenko bildirib ki, düzdür, mərmilər reaktorun beton qabığını yarıb keçə bilməz, lakin AES-in təhlükəsizliyi üçün zəruri olan transformatorları, turbinləri və digər avadanlıqları zədələməsi mümkündür: “Bu da qəza baş vermək ehtimalı yaradır. Nəticədə, Çernobıl Atom Elektrik Stansiyası və ya Fukusima AES-də baş verən fəlakət təkrarlana bilər”.
Nazir müavini Rusiyanın generallarına səslənib, bu şəhərə hücum etmək fikirlərini dəyişmələrini söyləyib: “Yeni Çernobıl üçün şərait yaratmayın. Radiasiya millət tanımaz, hamıya təsirləri olacaq. Ən yaxşısı, Enerqodar və Zaporojye AES tərəfdən yan keçin”.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.