Gürcüstanın Qardabani bələdiyyəsinin Qaracalar kəndində iş adamı D. Hacıyev silahlı hücuma məruz qalıb. Naməlum şəxslər onun yaşadığı evin yaxınlığında pusqu quraraq avtomobilinə atəş açıblar.
Hadisə iş adamının restorandan evə qayıtdığı zaman baş verib. Həmin vaxt avtomobildə onun azyaşlı övladlarının da olduğu bildirilib.
Sakinlərin verdiyi məlumata görə, hücumun ehtimal olunan motivi maliyyə mübahisəsi olub. İddialara görə, iş adamı şantaj edilib və ondan biznesdə pay tələb olunub. Məlumatda bildirilir ki, Hacıyevdən 100 min lari tələb edilsə də, o, hücum edən şəxslərə tələb olunan məbləğdən daha az pul təklif edib.
Lakin iş adamının ailəsi bu versiyanı təkzib edib. Hacıyevin atası ailənin heç bir maliyyə mübahisəsinin olmadığını bildirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırmaya başlanılıb.
DİN-dən Qaracalarda baş verən silahlı hücumla bağlı açıqlama
Qardabani bələdiyyəsinin Qaracalar kəndində baş verən silahlı insidentlə əlaqədar bir nəfər saxlanılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur.
Nazirliyin açıqlamasında bildirilir ki, ikinci şəxsin saxlanılması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 25-ci, 19-109-cu, 236-cı və 187-ci maddələri üzrə istintaq aparılır. Həmin maddələr ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməyi, odlu silahın qanunsuz əldə edilməsini, saxlanılmasını və daşınmasını, eləcə də əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.