“Rusiya ordusu Ukrayna və Belarusdadır, hər şeyi yenidən düşünməliyik”
Kanada NATO-nun Rusiyanı təcrid etmək üçün bütün ssenariləri müzakirə etməsini istəyir.
Ölkənin xarici işlər naziri Melanie Joly alyansın Ukrayna üzərində uçuşa qadağa qoyulması ilə bağlı suala cavabında belə deyib.
Joly bildirib ki, beynəlxalq münaqişəyə səbəb olmamaq NATO-nun qırmızı xəttidir. Lakin bu mövzuda biz ssenarilərin müzakirə olunduğuna əmin olmaq istəyirik.
Rumıniyanın xarici işlər naziri Boqdan Auresku isə deyib ki, NATO Rusiyanın Ukraynaya müdaxiləsindən sonra şərq cinahındakı hərbi mövqeyini yeni reallığa uyğunlaşdırmalıdır: “Biz duruşu reallığa uyğunlaşdırmalıyıq. Rusiya ordusunun Ukraynada və Belarusda olduğunu nəzərə alıb, hər şeyi yenidən düşünməliyik. Bütün bunları nəzərə alaraq, Rumıniya növbəti maliyyə ilindən başlayaraq müdafiə xərclərini ÜDM-in 2 faizindən 2,5 faizinə qədər artırmağı planlayır”.
Litvanın Baş naziri İnqrida Simonyte isə düşünür ki, NATO-nun Ukraynada uçuşa qadağa zonası tətbiq etməyə çağrılması məsuliyyətsizlikdir və hərbi ittifaqı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər: “Hesab edirəm ki, NATO-nun indi hərbi münaqişəyə cəlb olunması üçün bütün təşviqlər məsuliyyətsizlikdir”.
Ukrayna Prezidenti Vladimir Zelenski martın 3-də keçirdiyi mətbuat konfransında deyib ki, dəfələrlə Qərb ölkələrinin liderləri ilə danışıqlarında hava məkanının qapadılmasını istəyib. Lakin bugünədək bir nəticəsi olmayıb.
Prezident bildirib ki, dünya Ukraynaya kömək etmək üçün çox gecikib: “Baydenə, Şoltsa, Makrona dedim. Əgər indi hava məkanını bağlaya bilmirsinizsə, nə vaxt qapada biləcəyinizi deyin – soruşdum. Daha neçə insan öləcək? Neçə insan əzalarını itirəndə anlayacaqsınız? Biz də o say düzələnə qədər gözləyək! İndi yenə hava məkanının bağlanmasını istəyirəm. Bunu edəcək gücünüz yoxdursa, mənə təyyarələr verin. Bu, ədalətli deyilmi?”
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.