Zümrüd Yağmur: ‘Ölkəm adına üzgünəm’


‘Yəqin xuliqan və narkotika erası bitdi’



Dekabrın 8-də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı CM-nin 281.1- Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, 283.2.1 dini, irqi, sosiyal,nifrət aşılayan çağırışlar etmə maddələri ilə təqsirləndirilir. Meydan TV Türkiyədə konfransda olan Fuad Qəhrəmanlının xanımı, yazar Zümrüd Yağmurla bu həbs barədə söhbətləşdi.


– Zümrüd xanım, Fuad bəyin həbsi gözlənilən idi?

– Əslində Azərbaycanda müxalif düşüncəli insanların həbsi hər zaman gözləniləndir. Fuad Qəhrəmanlıya gəlincə, bu həbs mənim üçün gözlənilməz deyildi. “Fuad Qəhrəmanlı niyə həbs olunub” sualının qoyuluşu düz deyil. Çünki ölkədə müxalif düşüncəli insanların həbs olunması artıq ənənəyə cevrilub. Fuad Qəhrəmanlı da siyasi fəaliyyətinə və düşüncələrinə görə həbs olunub. Tək maraqlı olan odur ki, ona ənənəvi xuliqanlıq, narkotik maddə ilə bağlı deyil, digər siyası ittihamlar irəli sürülüb. Nə deyim .Yəqin xuliqan və narkotika erası bitdi. Bu, yeni bir dönəmdir.


– Ona maddələr irəli sürülüb. Amma əsası barədə açıqlama verilmir. Güman edilir ki, facebookda yazdıqlarına görə bu ittihamlar irəli sürülüb. Sizin ehtimalınız nədir?

– Fuad Qəhrəmanlının fəaliyyəti göz önündədir. Onun Fb statuslarını oxuya bilərsiniz. Orda heç bir çağırış və ya qanunazidd, dini, irqi ayrıseçkiliyə yol açan yazılar yoxdur. Yəqin ki, Nardaran hadisələri ilə bağlı yazıları əsas götürərək ona bu maddə ilə ittiham irəli sürüblər. Məncə, Fuad bəyin niyə həbs olunma səbəbini axtarmağa da dəyməz. Səbəb bəllidir. Amma işi necə yönləndirib hara və kimə bağlayacaqlar, bundan sonra əsas olan budur.


– Siz ölkədə olmadan uşaqlarin gözü qarşısında Fuad bəyi həbs ediblər. Evinizdə axtarış aparıblar. Yəni belə tez qərar vermənin səbəbi nə ola bilər?

– Övladlarının gözünün qarşısında bu şəkildə həbs olunması artıq birinci dəfə deyil və qızlarım bu xəbəri mənə verəndə nə onlar çaşqındı, nə də mən… Artqı buna alışmışıq. Evdə o şəkildə, mən olmadan və belə tələsik axtarışa gəlincə, düşünürəm ki, bu, həm də ənənəvi təzyiqdir. Təbii nə qədər gözlənilən olsa da, mənə xoş deyildi ki, evimin şəkillərini uzaq ölkədən izləyim. Səbəbinə gəlincə, onu artıq hakimiyyət orqanlarından sormaq lazımdır. Çünki işi düzüb bu ərsəyə gətirən, Fuad Qəhrəmanlıya bu maddələrlə ittiham irəli sürən onlardır.


– Gözləntiləriniz nədir?

– Gözləntilərim yoxdur. Fuad bəy həbs olunub və bundan sonra nə olacaq təxmini ehtimal etmək mümkündür. Nə gözləntim ola bilər ki? Bu hakimiyyətdən ədalətli qərar və ya ədalətli məhkəməmi? Yox. Bilirəm ki, belə belə bir şey olmayacaq. Əgər ədalətli yanaşma olsaydı, zatən Fuad və ona qədər həbs olunan bir çox insan həbs olunmazdı.


– Qorxmursuz?

– Qorxmuram, qətiyyən. Haqlı olanda insan qorxmur. Mən də haqlı olduğumu bilirəm. Sadəcə bir şeyə üzülürəm. İndi haqlı olmaq zamanı deyil, haqlı cıxmaq zamanıdır və biz hələ haqlı cıxa bilmirik. Ölkəm, onu azad görmək istəyənlər adına üzgünəm.

Ana səhifəVideoZümrüd Yağmur: ‘Ölkəm adına üzgünəm’