Birinci yazını
burda
oxu
Bu hissədә dərindən nəfəs alıb, düşünürəm ki, siyahını uzadım ya yox? Nəfəsimin hara qədər gedib çıxa biləcəyini bildiyimdən, sərhədlərimi cızıram və dayanıram. Çünki bu məslələlər haqda məndən min dəfə çox və daha yaxşı düşünən insanlar çoxsaylı kitablar və məqalələr yazıb. O fikir adamlarından utanıram, amma həm də, bunu bilməyən, daha dəqiq, bilmək istəməyən insanlarımızdan da utanıram. İkinci utanmaq hissi daha ağır gəldiyindən, bu yazını yazıram, yoxsa, qızarmaq kimin xoşuna gəlir ki?!
İndi sual budur ki, startı niyə belə uzaqdan götürdüm? Birinci paraqrafla ikinci paraqraf arasında əlaqə nədir ki? Bu işdə mənə indi yazacaqlarım kömək edəcək deyə düşünürəm.
Demək, dövlətin yuxarıda sadaladığım və nəfəsim kəsildiyindən sadalaya bilmədiyim bir çox öhdəçiliklərini normal icra etməsi üçün onun maddi imkanları olmalıdır. Normal ölkələrdə, dövlət insanlardan vergi yığmaqla bunu edir. Demək ki, dövlət insanların həyatını qorumaq, ədalətli qanunlar yaratmaq, o qanunların icrasına nəzarəti təmin etmək, ölkədə ədalət ruhunu yaratmaq və ədalət keşikçilərinin qorxusuz şəkildə işlərini görməsini təmin etmək, insanların orta və ali təhsil almasına çalışmaq, onların sağlamlığının qayğısına qalmaq üçün mövcudur. Bütün bu ağır amma şərəfli öhdəçilikləri icra etməsi üçün isə onun pula, demək, vətəndaşının vergisinə ehtiyacı var. Vətəndaşın vergisi isə o deməkdir ki, o bu verginin qarşılığında dövlətdən yuxarıda sadalanları tələb edə bilər və etməlidir də.
Bəs əgər, dövlət vətəndaşdan vergi alıb, amma yuxarıda sadalananları heç birini icra etmirsə və ya pis və çox pis icra edirsə? O zaman haqlı sual ortaya çıxır: Vətəndaş belə dövlətə vergi verməlidirmi?
Sizi bilmirəm, mən düşünürəm ki, qətiyyən vergi verməməlidir.
Sualımıza və ona cavaba öz ölkəmizin, yəni, Azərbaycanın misalında (həm də dövlətin sadaladığım elementar öhdəçilikləri fonunda) cavab axtaraq.
Azərbaycan dövləti vətəndaşının sağ-salamat yaşamaq hüququnu təmin edə bilirmi? Cavabım: xarici təhlükəyə qarşı çox pis təmin edir, daxildən gələn təhlükəyə qarşı isə nəyinki təmin edir, hətta özü terrora çevrilib.
Heç kimə sirr deyil ki, Azərbaycan ordusunda qulluq edən əsgərlərin maddi təminatını vətəndaşın verdiyi vergi ilə təmin etməli olan dövlət, bunu çox pis formada edir. Azərbaycan əsgərini, uşağını əsgərliyə göndərən (əslində, imkanları olsa, heç göndərməzlər ki, bu da vətəndaşın sağlam düşündüyünü göstərir) və onun yaxşı qidalanması və gigiyenasının qayğısına qalan Azərbaycan ailələridir.
Mənə inanmırsınızsa, özünüzün məşəqqətli əsgərliyinizi xatırlayın. Qulluq etdiyim hərbi hissədə bizə çatmalı olan kalorili qidaların heç birini şəxsən mən heç zaman dada bilməmişəm. Amma əvəzində, kiçik iynə yarasından barmaqları, ayaqları çirklərlə əhatə olunmuş çoxsaylı əsgər görmüşəm. Əvəzində, yaxşı qidalana bilmədiyi üçün rəngi ağ kağıza bənzəyən çoxlu əsgər görmüşəm. Əvəzində, ayda bir-iki dəfə yanına gələn ailəsinin gətirdiyi qidadan dadan, bir az toxdamış əsgərlər və onlara qıraqdan baxan rəngi saralmış əsgərlər görmüşəm.
Həmin əsgərlərə çatmalı olan qidaları yeyib-dağıdan və satan hərbi hissə komandirinin, ev yeməklərinə qıraqdan baxan əsgərləri “sümsük it” adlandırdığını görmüşəm, eşitmişəm. Və həmin anda və indi də düşünmüşəm ki, biz kimi kimdən qoruyuruq? Kasıbın uşağı ön cəbhəyə ölümə göndərilir, onları göndərənlərin uşaqları isə Londonda kef edir.
O zaman, bu dövlətin çoxluq təşkil edən vətəndaşları papaqlarını və yaylıqlarını qarşılarına qoyub düşünməlidir: biz kimi kimdən qorumaq üçün vergi veririk? Ona görəmi ki, bizim vergimizi sorub, milyonçu olan dövlət təmsilçilərinin uşaqları Londonda gəzsin, öz uşaqlarınız isə cəbhədə həlak olsun?
Keçək asayişin və insanların sağ-salamat yaşamasının keşiyində durmalı olan polis bölmələrinə. Yəqin, heç kimə artıq sirr deyil ki, Azərbaycan dövlətinin polisi vətəndaşın sağ-salamat qalmasının dərdini və qayğısını yox, özünün sağ-salamat və şad-xürrəm yaşamasının qayğısına qalır. Özünün bu zəruri və lüks ehtiyaclarını ödəmək üçün polis, vətəndaşı terrora məruz qoyur, istədikdə onun cibinə “nəşə” atır, istədikdə “xuliqanlıq” etdiyini əsas tutaraq həbsə atır, əllərindən pullarını alır.
Məsələ, heç ictimai tanınmış insanlara qarşı qaldırılan saxta cinayət işlərində deyil. Polis adi vətəndaşlara qarşı daha çox qəddardır. Mənə inanmırsınızsa, vəkil və hüquqşunaslardan soruşa bilərsiz. Onların tonlarla belə işləri olub. Küçədə döyülən, öldürülən insanları görən insanlarımızın hadisənin yanından biganə və ya qorxaraq keçməsi və heç bir köməklik etməməsi ilə bağlı çoxsaylı hekayələri hamınız eşidib.
Hamımız o insanları daş ürəklikdə ittiham etmişik. Amma hamımız özümüzü “biganələrin” yerinə qoyanda hiss etmişik ki, əslində, məsələ daş ürəklilikdə deyil, məsələ hadisəyə müdaxilə edib sonradan özünün polis tərəfindən şərlənmənin çox yüksək ehtimal olmasındadır. “Boynuma yıxarlar, nəyimə lazımdır?” deyib vəhşiliyə göz yummağa
məcbur edilmişik.
Və bunu görən sadə vətəndaş düşünür, düşünmürsə, düşünməldir: Əcəba, mən bu dövlətə niyə vergi verirəm? Ona görəmi ki, mənim vergimdən evinə yemək aparan polis, gəlib məni etmədiyim cinayət hadisəsində ittiham edib, dama bassın? Pul vermədiyim, verə bilmədiyim üçün məni döyüb öldürsün?
Azərbaycanda qanunlar necə yaradılır və icra edilir? Ədaləti təmin etməli olan məhkəmələr necə işləyir?
Selektiv qanunlar, selektiv ədalət
Artıq heç kimə sirr deyil ki, Azərbaycanda Qanunverici orqan olan Milli Məclis qəbul etdiyi qanunların ədalətli olub-olmaması, onun icra edilib-edilməmәsi ilə qətiyyən maraqlanmır. Bunun ən sadə səbəbi, qanunverici orqana seçilməli deputatların xalq tərəfindən
seçilməməsidir.
Xalq tərəfindən seçilmədikləri üçündür ki, qanunverici orqan qətiyyən ədalətli qanun qəbul etməyə, qanunlara ədalət prinsipin rəhbər tutaraq, dəyişiklik və düzəlişlər etməyə nə maraqlıdır, nə də buna savadları çatır. Hər bir normal ölkənin üç əsas hakimiyyətindən biri olan qanunverici hakimiyyətin ölkəmizdə xalqı yox, ovuc boyda insanların bizneslərin və siyasi maraqların təmin etməyə çalışması onu xalqın gözündə tamamilə etibarsızlaşdırıb və hörmətdən salıb.
Milli Məclisin legitimliyi itirməsi, hər bir vətəndaşı düşündürməlidir: Mən vergi ona görə verirəm ki, cəmiyyətin maraqlarını qorumalı olan qurum, onun maraqlarına zidd olan ədalətsiz qanunlar qəbul etsin? Mən vergi ona görə verirəm ki, mənim dilim olub danışmalı olan xalq təmsilçiləri, hansısa maraq qruplarının köləsinə çevrilsin? Axı onlar mənim vergim ilə aylıq maaş alır, xidməti maşınlardan istifadə edir, adi insanların sahib olmadığı imtiyazlardan istifadə edir. Bəli, belə qanunvericisi olan ölkədə vergi verməməyin özü əsl vətəndaş mövqeyi sayılmalıdır.
Ya məhkəmələr? Məhkəmələrimizin hansı durumda olduğunu, ora yolu düşən hər bir vətəndaşımız çox yaxşı bilir. Məhkəmələr hökümətin siyasi marağında olan işlərlə bağlı birmənalı olaraq vətəndaşı dövlətin repressiya maşının qabağına verib, əzişdirilməsinə səbəb olur. İnanmırsınızsa, İntiqam Əliyev, Leyla Yunus və Arif Yunus, Anar Məmmədli, NİDA-çıların məhkəmələrini (siyahını 100-dən çox uzatmaq olar) yazıb “google” edə bilərsiniz. Qarşınıza məhkəmələr və onların hakimlərinin icra hakimiyyəti qarşısında necə alçaldığı ilə bağlı çoxsaylı məlumatlar çıxacaq.
Azərbaycan məhkəmələri və onun hakimlərinin “həyat və yaradıcılıqlarında” ədalətli qərarların sayı, yüzün ona nisbətində ola, ya olmaya. Məsələ təkcə ictimai şəxslərin məhkəmələri ilə məhdudlaşsaydı, bəlkə də, məhkəmələrimizdə bir balaca ədalətin qığılcımı olduğunu qəbul edərdim. Amma axı, dövlətin istənilən qurumu ilə mübahisəsi düşən və haqlı olan vətəndaş, məhkəmədə ədaləti bərpa edə bilmir. Azərbaycanda istənilən varlı və “yuxarılarla əlaqələri” olan şəxs, kasıb və “yuxarılara əli çatmayan” şəxsləri asanlıqla məhkəmələrdə “udur”. Ədalət yuvası şər yuvasına çevrilib. Azərbaycan insanının məhkəmələr ilə münasibətləri Kafkanın “Məhkəmə”-sində təsvir etdiyi absurdluğu yaşayır. Kim nə üçün mühakimə olunduğunu heç zaman bilmir.
Vətəndaş bu yerdə sual etməlidir: Məhkəmə binaların bizim vergilərlə tikirlər, binalarda oturub ədalətli qorumalı hakimlər və onların köməkçilərinin maaşlarını bizim vergilər ilə alırlar. Bəsit formada ifadə etsək, məhkəmənin və onun təmsilçilərinin əsas işi cəmiyyətdə haqlını haqsızdan müdafiə etmək, insanların ədalətlə çatımlılıq hüququnu təmin etməkdir. Gördüyünüz kimi hər şey çox sadədir, eləcə dә, bizim sual da bu sadəliyə uyğun olaraq belə olmalıdır:
Bizi haqsızlıqdan qorumayan, ədalət axtarışımıza qapılarını bağlayan, bizi güclülərin, qolu zorluların qurbanı edən məhkəmələrin saxlanılmasına, alın təri ilə qazandığımız pulu vergi şəklində verməliyikmi?
Üçüncü yazını
burda
oxu
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.