Vergi verməliyikmi? (3-cü yazı)

Dövlətimizə sahib çıxaq

Source:


Birinci yazını

burda

oxu



İkinci yazını

burda

oxu

Təhsil və səhiyyə:

Azərbaycan dövlətinin yürütdüyü siyasət sol meyillidir. Dövlətin nəzdində olan təhsil müəsisələri (qismən) və səhiyyə isə tam pulsuzdur. Amma Azərbaycanda elə bir insan yoxdur ki, təhsildə və səhiyyədə rüşvət və korrupsiya ilə qarşılaşmasın. İş o yerə çatıb ki, biz bunu çox təbii qarşılayır, etiraz etməyi belə ağılımızdan keçirtmirik.

Məsələ orasındadır ki, təhsil və səhiyyə, il keçdikdə öz keyfiyyət göstəricisini daha da itirir. İnsanlarımız təhsil və səhiyyə xidmətindən istifadə üçün daha yaxşı keyfiyyət xidməti təklif edən xarici ölkələrə üz tutur. Dövlət öz boynuna götürdüyü öhdəliyi icra etmir, əvəzində, insanlardan bu müəsisələri saxlamaq üçün vergi alır. Aldığı verginin qarşılığını vermir, çünki bizim verdiyimiz vergilər təhsil və səhiyyə müəssisələrinə rəhbərlik edən insanların şəxsi hesablarına axır. O zaman, vətəndaş kimi sual edirəm: Mən vergini niyə verirəm?

İş ondadır ki, bütün bunlar yalnız təhsil və səhiyyə ilə də məhdudlaşmır. Dövlətin sahibliyində olan istənilən sahə bu vəziyyətdədir. Məsələn, bütün azərbaycanlıları şikayət etdiyi, onun həyat və sağlamlığına daima təhlükə yaradan, rahatdan uzaq nəqliyyat sistemi: Dövlət söz vermişdi ki, nəqliyyatda intellektual sistem quracaq və hamı şad-xürrəm işinə-gücünə gedib gələcək. Amma 2012-ci ildə tamamlanmalı və istifadəyə verilməli olan sistem hələ də işləmir. Bu layihəyə bizim vergimiz ilə formalaşan 77 milyon pul

xərcləndi

. Bu layihənin icrası kimə verildi? Nəqliyyat naziri və onun oğluna məxsus olduğu

sənədlərlə

sübut olunan “ZQAN” Holdinqə.

İndi hər bir vətəndaş sual verməlidir: əgər bir ölkədə ki, istifadə etdiyin nəqlliyat sənin nəynki rahatlığını, heç sağlamlığını da vecinə almırsa, verdiyinin vergilər nazir və oğlunun cibinə axırsa, o zaman bu işi sənin pulun ilə təşkil edən dövlətə vergi verməlisənmi?

Söz azadlığında durum nə yerdədir?

Azərbaycanda bütün ənənəvi və son zamanlarda internet mediası da dövlətin nəzarətindədir. İnsanlar xarici və daxili senzuranın əziyyətini çəkir. Ölkədə səsin çıxarılması dərhal hədə və həbslə təhdid olunur. Söz batıb Azərbaycanda. Bu haqda çox yazmağa ehtiyac yoxdur. ABŞ-da yerləşən «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016» hesabatında Azərbaycan 199 ölkə arasında

189-cu yer

tutaraq, “qeyri-azad” ölkə sırasında yer alıb.

“Selektiv vergi siyasəti?”

İndi isə gələk, dövləti idarə edənlərin, xalqın adından onu təmsil edənlərin vergi məsələsində özlərinin etdiklərinə. Bu günə kimi Xədicə İsmayıl və digər araşdırmaçı jurnalistlərimiz prezidentin və onun ailəsinin, eləcə də, bir çox nazirlərin və digər dövlət rəsmilərinin milyonluq mal-mülklərini üzə çıxardan çoxsaylı araşdırmalar çap ediblər. Bu yaxınlarda isə “Panama Sənədləri” adlı

dünya miqyaslı araşdırmada

, dövləti idarə edənlərin bilmədiyimiz digər mülkləri üzə çıxdı.

Bilməyənlər üçün deyim ki, “Panama Sənədləri” vergidən yayınmaq üçün pullarını ofşorlara köçürdən biznes insanlarının, siyasətçilərin, idmançıların və bir sözlə, vergi vermək istəməyən tərbiyəsiz, oğru insanların mülkünü üzə çıxartmaq üçün araşdırma idi. Bu pullara adətən “çirkli pullar” deyirlər. Yəni ki, əmək və ləyaqətlə qazanılmamış pullardır bunlar. Qısası, “Panama Sənədləri”ndə adı keçən adamlar öz ölkəsində vergidən yayınan və ya korrupsiya ilə pul qazanan insanlardır.

Əgər bizim dövlət nümayəndələri də ofşorda milyonlar saxlayırsa, o zaman bir sual ortaya çıxır: bu pulları necə qazanıblar?

Hər halda, “atasından qızıl küpə qalmışdı, onu çoxaldıb” kimi nağıllara inanacaq səviyyədə sadəlöv deyilik. Demək ki, əksəriyyəti təşkil edən sadə insanların vergisi, insanlara xidmət etməli olan dövlət adamlarının şəxsi hesablarına gedir. O zaman, axı niyə vergi veririk?

Zəruri yekun qeyd: Deyə bilərsiniz ki, Azərbaycan dövləti insanların vergisi hesabına yaşamır, neft və qazdan qazandığı pullara bel bağlayır. Ona görə də, vətəndaşı saya almır və vətəndaş da pulun əsası hissəsinin ondan yox, “qara qızıldan” qazanıldığını bildiyi üçün səsini çıxartmır. O zaman sual edirəm: məgər neft və qaz xalqa məxsus deyil? Əlbәttə xalqa məxsusdur. Amma başa düşürəm ki, xalq bunu hiss edə bilmir, orada onun əməyi olmadığı üçün neft və qazı özününkü saya bilmir.

Bunun da mexanizmi var, sağ olsun, yaxşı dövlətlər buna da çarə tapıblar. Elə etmək olardı ki, məsələn, Norveçin misalında, neft və qazdan gələn gəlirləri xalqa verib, daha sonra onu “ikili vergiyə” cəlb edərək, neft və qazın xalqa məxsus olduğu hissini yarada bilərdi. Xalq ondan alınan pulun, ona məxsus olduğunu anlayardı.

Qeyd: Normal dövlətə vergi vermək lazımdır və vacibdir. Çünki dövlət insanlarındır. Dövlət insanlara xidmət etmək, onun ehtiyaclarını qarşılamaq üçün mövcuddur. Dövlət prezident, nazir, deputat, icra başçısı deyil, dövlət bizik.

Dövlətimizə sahib çıxaq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəVergi verməliyikmi? (3-cü yazı)