Vergi verməliyikmi?

Hər bir vətəndaş dövlət üçün xəzinədir…

Source:

Artıq bir neçə il idi ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinə qarşı müxtəlif adlar altında repressiya aparır. Vətəndaş cəmiyyəti Cinayət Məcəllləsinin müxtəlif maddələri adı altında istintaqa cəlb edilir,

onun rəhbərləri və işçiləri həbs edilir

.

Qaldırılan cinayət işləri yalnız vətəndaş cəmiyyəti və onun təmsilçilərini əhatə etmir. Belə ki,

Azərbaycan dövlətindən azad şəkildə fəaliyyət göstərən media qurumlarını və onların nümayəndlərini də əhatə edir.

Son günlərdə isə

MeydanTV-yə qarşı qaldırılan cinayət işi bu qəbildən idi

.

Azərbaycan dövlətini təmsil edən prokurorluq orqanlarının vətəndaş cəmiyyəti və azad mətbuata qarşı qaldırdığı bu cinayət işlərində əsas xəttlərdən biri vergi cinayətləri ilə bağlı idi. Cinayət işlərinin tamamilə siyasi sifariş olduğu, məqsədinin vətəndaş cəmiyyəti və dövlətdən asılı olmayan media qurumlarını sıradan çıxartmaq məqsədi daşıdığı heç kimə sirr deyil. Amma yazıda məqsədim bu “işlərin” hüquqi əsaslarını araşdırmaq deyil. Məni düşündürən “dövlət-vətəndaş-vergi” problemidir.

Dövlət nədir? Və ya, daha doğru və praktik sual: dövlətin öhdəçiliyi nələr olmalıdır?

Karl Popper “Açıq Cəmiyyət və Onun Düşmənləri” əsərində yazır ki, dövlət nədir sualı kimi heç bir praktik əhəmiyyəti olmayan sualı verməkdənsə, dövlətin görməli olduğu işlərdən, öhdəçiliklərindən danışmaq daha doğrudur. Biz də, 20-ci əsrin ən böyük fikir adamlarından olan K.Popperin düşüncəsindən yola çıxaraq, dövlətin cəmiyyət, vətəndaşı qarşısında öhdəçiliyi nələr olmalıdır sualını özümüzə verək.

Bu suala minimal amma əhəmiyyəti çox böyük olan cavabı vermək üçün xüsusi bilik və məlumata sahib olmağa ehtiyac yoxdur. Hər bir insan ətrafına və yaşayışına, eləcə də polisinə, məhkəməsinə, ordusuna, səhiyyəsinə, təhsilinə və s. baxaraq və daxilində daşıdığı ədalət duyğusu ilə ölkədə baş verənləri çək-çevir edərək, bu suala cavab verə bilər. Əminəm ki, böyük əksəriyyətin verəcəyi cavablar bir-biri ilə üst-üstə düşəcək.

Demək istədiklərimdən uzaqlaşsam da, fikrim bu istiqamətdə dartınıb uzanmaq istəyir, ona görə də fikrimin bu uzantı arzusuna azadlıq vermək üçün bir iki qeyd edim: çox ciddi tarixi, sosial, siyasi, iqtisadi, mədəni səbəblərdən (bütün səbəblər bir yerdə toplaşaraq) azərbaycanlıda dövlət haqqında mücərrəd fikirlər, önyarğılar formalaşdırıb.

Dövlət deyəndə, azərbaycanlı insanını elə məşhum qorxu-hürkü bürüyür, ağlına o qədər zadlar gəlir ki, azərbaycanlı bu ağır simvolikaların (bayraq, prezident aparatı, prezidentin və nazirlərin yol keçidləri və s.) və qorxudan doğan fikirlərin qarşsında əzilir, dövlət və onun haqqında sadə şəkildə düşünə və qərar verə bilmir. Əlləri naçar yanlarına sallanır, düşüncədən soyuyur, yumağa dönür. Amma ki, əslində, belə olmamalı idi.

İndi isə icazənizlə, mən ən minimal səviyyədə – dünyada, dövlətin rolu ilə bağlı ümumi qəbul edilmiş çərçivədə – dövlətin əsas öhdəçiliklərini sadalayım (xatırladım ki, öhdəçilikləri vacibliyi əsasında birinci və ya sonuncu kimi sinifləndirmirəm, məramım başqadır):

1) Birinci öhdəçilik: dövlət onun sərhədləri kimi qəbul edilmiş ərazidə yaşayan insanların ən təbii ehtiyacı olan yaşamaq hüququnu təmin etməlidir. Açması: Birincisi, yəni ki, dövlət orduya (profesional və ya könüllü) sahib olmalıdır ki, onun ərazisində yaşayan insanların yaşamaq hüququna ziyan vura biləcək xarici qüvvələrin hücumunu dəf etsin (Azərbaycanın indiki yerləşdiyi coğrafiyada düşmənləri çox olduğu üçün bunu yazdım. Avropanın göbəyində olsaydıq və ya Kanadada yaşasaydıq, bu orduya ehtiyac olmayacaqdı).

İkincisi, dövlət daxildə ola biləcək mümkün terroru, cinayət törədərək bir başqa vətəndaşın yaşamaq hüququnu pozmuş şəxsləri zərərsiləşdirmək üçün daxildə təhlükəsizlik qüvvələrinə – yəni, indi dünyada tanınmış adı ilә – polisə sahib olmalıdır. Bu polisin ən ümdə vəzifəsi insanların evdə, küçədə, gecənin bir alemində qorxmadan, ürəyi çırpınmadan, sağ-salamat yaşamasınını təmin etməkdir.

2) İkinci öhdəçilik: dövlət ədaləti təmin etməkdir. Yəni ki, dövlət ədalətsizliklə üzləşmiş insanların hüquq və haqlarını bərpa etməli, mümkün ədalətsizliyin qarşısını almaq üçün müxtəlif – yumuşaq və sərt – ön qoruyucu tədbirlər görməlidir.

Bunu təmin etmək üçün, birincisi, dövlət ədalətli qanunlar qəbul etməli, o qanunlar qarşısında ölkədə olan bütün insanların bərabər olduğunu diqqətlə izləyib, təmin etməli, o qanunları pozanları isə cəzalandırmalıdır. Qanunların ədalətli olması üçün onu qəbul edən qanunverici orqan, qanunları qəbul edərkən, yüz düşünüb, min daşınmalıdır. Ölkənin fikir mərkəzləri, siyasi partiyaları, vətəndaş cəmiyyəti, media vasitəsi ilə qanunların icitimai müzakirəsin keçirtməli, hamının üzünü güldürəcək qanun(lar) qəbul etməli və ya mövcud olan, amma köhnəlmiş qanunları dəyişdirməli, düzəlişlər etməlidir.

İkincisi, qanunları pozan, daha dəqiq, qanunlarda ifadə olunmuş ədalət ruhunu pozan, insanların cəzalandırılması və eləcə də bu pozuntundan zərər çəkmiş insanların hüquq və haqlarını bərpa etmək üçün azad, ədalətli, rüşvətsiz, korrupsiyasız, qərəzsiz məhkəmələrin olmasını, onların yan neqativ təsirlərə məruz qalmadan işləməsini təmin etməlidir.

3) Üçüncü öhdəçilik: Burda bir az sola meyillənib deyirəm ki, dövlət hər bir vətəndaşının yaxşı təhsil almasını təmin etməlidir. Təhsilin məqsədi, ən bəsit formada ifadə etsək: məlumatlı, düşünən, baş verən bütün ictimai əhəmiyyətli hadisələri sorğulayan, haqqını və hüququnu tələb etmək bacarıqlarına sahibənmiş vətəndaş yetişdirməkdir. Bunun üçün dövlət ibtidai və orta icbari təhsil məktəbləri açmalı, onları maddi-texniki baza, keyfiyyətli insan resursları – müəllim, psixoloq və s. ilə təmin olunmasına maksimum çalışmalıdır. Dahası, insanlarının daha yaxşı yaşayışa çatması üçün dövlət çalışmalıdır ki, onları ali təhsillə təmin etsin. Ali təhsilli, bacarıqlı insanları yetişdirmək üçün dövlət maddi və mənəvi (həvəsləndirici) tədbirlər görməlidir. Bu hissəni çox uzatmadan deyim ki, təhsil millətin indisi və gələcəyidir.

4) Dördüncü öhdəçilik: sol meylimi davam etdirib, əlavə edim ki, dövlət insanların yalnız fiziki mövcudluğunu mümkün şiddətdən qorumamalı – zəhmət olmasa, yuxarı hissəyə baxın – həm də, ruhun sağlam olması üçün sağlam bədənin qayğısına qalmalıdır. Bunun üçün dövlət səhiyyə sistemini ən mümkün avadanlıqlar, yaxşı təhsil almış tibb işçiləri ilə təmin etməli, özəl səhiyyə sistemlərinin yaradılması üçün həvəsləndirici çoxsaylı işlər görməlidir.

5) Beşinci öhdəçilik: dövlət, insanların azad düşünə-daşına, yaşadıqları cəmiyyətdə baş verənlərə biganə qalmayan, bir sözlə, aktiv vətəndaş yetişdirməsi üçün də çalışmalıdır. Bunun üçün dövlətin daha çox neqativ və bir azda pozitiv öhdəçiliyi var. Açması: Neqativ öhəçilik budur ki, dövlət, vətəndaşın düşünməsinə, sorğulamasına, sual etməsinə, cavablar axtarmasına, tələb etməsinə qarşımamalıdır.

Pozitiv öhdəçiliyi budur ki, dövlət sorğu edən, sual edən, tələb edən vətəndaşın bu hərəkətlərini heç kimdən və heç nədən qorxmadan, cəzalandırma hürküsü olmadan etməsi üçün bütün münbit şəraiti yaratmalıdır. Dövlət vətəndaşın düşünməkdən qorxmasına səbəb olan bütün “qara qüvvələri” zərərsiləşdirməlidir. Dövlət onun hərəktlərini sual edən vətəndaşa sahib olmaq üçün can-başla çalışmalıdır.

Bunun üçün dövlət ilk olaraq, medianın azad olmasına şərait yaratmalıdır. Media vasitəsi ilə gələn suallara cavab verməli, qaldırılan problemlərə dərhal münasibət bildirməli, problemləri əlində olan bütün mümkün imkanları ilə həll etməlidir. Qısası, səsi yüksəkdən gələn hər bir vədəndaş dövlət üçün xəzinədir.


İkinci yazını

burda

oxu


Üçüncü yazını

burda


oxu


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəVergi verməliyikmi?