Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan bir qrup siyasi fəalın sərbəst toplaşmaq hüququnun pozulmasına dair şikayətləri ilə bağlı qərarını elan edib.
Azərbaycan hökumətinin hüquq pozuntularını qəbul etməsi və tərəflər arasında barışıq razılaşmasının əldə olunması səbəbindən iş üzrə icraata xitam verilib.
Müraciətçilər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin sabiq sədri Nurəddin Məmmədli, eləcə də fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva yer alıblar.
Onlar AİHM-ə təqdim etdikləri ərizələrdə dinc aksiyaların keçirilməsinə şərait yaradılmadığını, həmçinin ölkədaxili məhkəmə və digər hüquqi mexanizmlərin şikayətlərinə effektiv baxmadığını bildiriblər. Ərizəçilər bununla əlaqədar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 11-ci maddəsinin (sərbəst toplaşmaq və birləşmək azadlığı) və 13-cü maddəsinin (effektiv hüquqi müdafiə vasitələri hüququ) pozulduğunu qeyd ediblər.
AİHM-də aparılan kommunikasiya prosesi zamanı Azərbaycan hökuməti sözügedən pozuntuları etiraf edib və ərizəçilərə kompensasiya ödənilməsi barədə razılıq verib. Razılaşmaya əsasən, hər bir ərizəçiyə mənəvi zərərin əvəzi kimi 1800 avro, məhkəmə və hüquqi xərclərin qarşılanması üçün isə əlavə 250 avro ödəniləcək. Şikayətçilər də bu şərtləri qəbul ediblər.
Məhkəmə tərəflər arasında əldə olunan razılaşmanı nəzərə alaraq, şikayətlərin baxılan işlər siyahısından çıxarılması barədə qərar qəbul edib.
İqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyası 2024-cü ilin may ayında fəaliyyətini dayandırdığını açıqlayıb. İbadoğlu 2023-cü ilin avqustunda həbs edilmiş, 2024-cü ilin aprelində isə ev dustaqlığına buraxılmışdı. Onun azadlığa çıxmasından bir ay sonra partiyanın fəaliyyətinə son verildiyi elan olunub.
AXCP Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli də 2024-cü ilin oktyabrında partiyadan ayrıldığını açıqlayıb. 80 yaşlı siyasətçi qərarını yaşı və səhhətində yaranan problemlərlə əsaslandırıb.
Azərbaycan Konstitusiyasında sərbəst toplaşmaq azadlığı təsbit edilsə də, müxalif siyasi qüvvələr uzun illərdir kütləvi aksiyaların keçirilməsi üçün etdikləri müraciətlərin rədd olunduğunu bildirirlər. Beynəlxalq təşkilatlar da vaxtaşırı Azərbaycan hakimiyyətini vətəndaşların bu fundamental hüququnun təmin olunmasına çağırır. Avropa İnsan Hüquqları Məhkəməsi isə daha əvvəl də sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı Azərbaycan əleyhinə oxşar qərarlar çıxarıb.