Leyla Yunus: “Putinin Ukraynaya qarşı aqressiyası Azərbaycan hökumətinə repressiyaları gücləndirməyə yaxşı imkan verdi”.
“Zerkalo”qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsi ilə siyasi məhbus məsələsi yenidən aktuallaşdı. Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru, hüquq müdafiəçisi Leyla Yunusla söhbətimizdə gündəmin bu istiqamətdə olan suallarına cavab almağa çalışdıq.
–
Leyla xanım, Böyük Britaniya XİN-nin dəstəyiylə Sülh və Demokratiya İnstitutu və “Region” Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyiniz layihə barədə Azərbaycan XİN-ni məlumatlandırırdınızmı?
– Hətta Azərbaycan Xarici İşlər Nazirliyini online müsahibələrə dəvət edirdik. Adi bir fakt, Ermənistan XİN online müsahibəyə razılıq versə də, Azərbaycan tərəfi razılıq vermədi.
– Siz cavab almaq üçün cəhd etdinizmi?
– Hər dəfə məktub göndərəsi deyildim ki.
– Reaksiyaları da olmadı…?
– Xeyr.
– O zaman apardığınız layihədə hansı dövlət sirri, cəsusluq ola bilərdi?
– Sülh və Demokratiya İnstitutu “Region” Araşdırmalar Mərkəzi ilə 2005-ci ildən bir yerdə işləyir. Layihənin məqsədi Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq yaratmaqdır, Donorumuz Böyük Britaniyanın bir təşkilatıydı, 2008-ci ildə hər iki ölkənin ekspertlərinin müsahibələrindən ibarət kitab buraxdıq. Daha sonra Böyük Britaniyanın hər iki ölkədəki səfirliyi layihəni dəstəklədi və bunun nəticəsində sayt yarandı. Sayta maraq güclüdür.
–
Respublika Prokurorluğunun bəyanatında bildirilir ki, Rauf Mirqədirov Laura Baqdasaryan vasitəsilə Ermənistan xüsusi xidmət orqanlarına məxfi hərbi məlumatlar ötürürmüş…
– Mən Laura Baqdasaryanla 2005-ci ildən işləsəm də, onun üzünü görməmişəm. Çünki bu layihədə görüşlər olmayıb. Çox narahatam ki, hörmətli Natiq bəy nəyə istinad edib mənə, hörmətli Leyla xanıma sual verir?!
– Respublika Prokurorluğuna istinad edirəm…
– Respublika Prokurorluğu 37-ci ildə olduğu kimi yaza bilər ki, Rauf Mirqədirov Marsın agenti idi, siz isə Saturuna işləyirsiniz və Laura Baqdasaryanla Venerada görüşübsünüz. Mən prokurorluğun bəyanatına gülürəm, çünki 35 ildir insan hüquqlarının müdafiəsilə məşğul olduğumdan prokurorluğun o qədər saxta sənədlərini oxumuşam ki. Bu hakimiyyət Novruzəli Məmmədovu İran cəsusu ittihamıyla öldürdü, sonra da övladlarını öldürdü. Yaxud Ruslan Bəşirliyə cəsusluq ittihamı verib, adamın 7 illik ömrünü aldılar. Başqa gənc fəalları narkotik ittihamı ilə həbs ediblər. Mən ona görə həmin bəyanatları oxumuram, çünki 37-ci ildə olduğu kimi onlar da namussuz, vicdansız, qeyrətsiz adamlardır.
– Saxta adlandırdığınız araşdırmalar sizə qarşı yönələcəkmi?
– Əlbəttə. Mən təzyiqlərə bu gün yox, sovet vaxtından hazıram. 1987-ci ildə Rusiyada qeyri-rəsmi görüşlərin birində dostum Valya dedi ki, Sibirdə iki düşərgəni boşaldıblar, həmin düşərgələrdən biri onun kəndinin qonşuluğunda yerləşdiyindən qohumları da orda işləyir. Ona görə narahat olma, ora düşsən, sənə yaxşı baxacaqlar.
– Rauf Mirqədirovun həbsində Ankaranın rolunu necə görürsünüz? Çünki onu Türkiyədən deportasiya edəndən sonra Bakıda həbs ediblər…
– Dəqiq cavab verə bilməsəm də, ehtimalla deyə bilərəm ki, bu həbsdə Bakının Ankaradan xahişi olub və o yerinə yetirilib. Məsələ ondadır ki, Rauf bəyi Ankaradan yola salanda deyiblər ki, onların ona heç bir iradları yoxdur, bu, Bakının sifarişidir.
– Bu mənada siz Türkiyədəki həmkarlarınıza olayı araşdırmaq üçün müraciət edəcəksinizmi?
– Bilirsiniz, işləməyə adam azdır. Gərək, o işlə məşğul olaq ki, nəticəsi olsun. Dediyiniz məsələ heç bir nəticə verməyəcək.
– Siz beynəlxalq təşkilatların Mirqədirovun həbsinə reaksiyasıyla razısınızmı?
– Razıyam, o mənada ki, bütün beynəlxalq təşkilatlar müraciətimizə reaksiya verdilər və onlar çox açıq danışdılar. Həmin təşkilatlar deyir ki, Azərbaycanda vəziyyət nəinki kəskin, çox dəhşətlidir. Əfsuslar ki, Ukrayna olayları onlara Azərbaycana daha çox vaxt ayırmağa imkan vermir. Mən onları yaxşı başa düşürəm, çünki Ukrayna hadisələri İlham Əliyevə çox kömək etdi. Putinin Ukraynaya qarşı aqressiyası Azərbaycan hökumətinə repressiyaları gücləndirməyə yaxşı imkan verdi.
– Beynəlxalq təşkilatlar hökumətlə də açıq danışırlar?
– Məncə, hakimiyyət onların bəyanatlarını oxuyursa, yaxşı başa düşür. Açıq şəkildə yazdılar ki, Şəki Rayon Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu haqqında hökmləri siyasi sifariş idi. Bəli, siyasətlə, insan haqları müdafiəsiylə məşğul olmayanlar üçün qəribə gəlir, deyirlər ki, necə yəni, o boyda Amerika Azərbaycana təzyiq edə bilmir? Amma vəziyyəti izləyənlər, tarixi bilənlər anlayır ki, Azərbaycanın öz pulu var, Avropadan asılı deyil. Amerikanın Əfqanıstanda qoşunu var və s. Görün, Azərbaycan məmurları ABŞ səfirini necə aşağılayırlar.
– Amma ABŞ qrant layihələrini də hökumətyönlü QHT-lərə ayırır…
– Əlbəttə, hökumət də deyir, daha çox yox, 100 faiz ver və ümumiyyətlə, müstəqil QHT və media qalmasın.
– Bu proses parlament seçkilərinə hazırlıq deyilmi?
– Yox, bu, avtoritar rejimin Azərbaycanı əbədi idarə etmək məsələsidir. Ancaq siz növbəti il seçkilərindən danışırsınız.
– Çünki “Turan İA”-nin direktoru Mehman Əliyev Meydan TV-yə belə demişdi…
– Mehman bəyə hörmət edirəm, amma mən fərqli düşünürəm. Çünki mən Özbəkistanda, Qazaxıstanda vəziyyəti bilirəm.
– Adlarını çəkdiklərinizdən fərqli olaraq Azərbaycan Avropa Şurasının üzvüdür, həm də Bakı Nazirlər Kabinetinin sədrliyinə doğru gedir. O zaman reaksiyalar necə olacaq?
– Yaşayarıq görərik. Rəsmi Bakıya deyəsəklər ki, SDİ 140 nəfərliq siyasi məhbus siyahısı təqdim edib, yaxşı deyil, bunları azad edin. Hakimiyyət də Yeni il amnistiyasını gözləməyi məsləhət görəcək. Ümumiyyətlə, hakimiyyət Azərbaycanda siyasi dustaq olmadığını iddia edir.
– Bunu İlham Əliyev deyir, amma siz siyasi məhbusun olduğunu bildirirsiniz…
– Bəli, mən siyasi məhbusun olduğunu deyirəm, amma hakimiyyət Avropa Şurasına deyəcək ki, yalandır, Azərbaycanda siyasi məhbus yoxdur.
– Sizin “Region” Araşdırmalar Mərkəzi ilə apardığınız layihə “xalq diplomatiyası” adlanırdı, ancaq Milli Məclisdə buna qarşı qanun layihəsi hazırlanır. Bu mənada layihənizə qarşı hansısa addımlar gözləyirsinizmi?
– Deməli, yalnız bu layihəyə yox, başqa layihələr də hədəfdə olacaq. Mən internetdə bir nəfərin yazısına rast gəldim, deyilir ki, İlham Əliyev “xalq diplomatiyası”nı rədd etməkdə düz deyir. Düzdür, açıq deməsə də, Raufun həbsi elə o deməkdir. Hakimiyyət rəsmən sülhdən danışacaq, amma 2003-cü ildən ermənilərə Bakıda keçirilən beynəlxalq tədbirlərə gəlməyə qadağa qoyub. Rauf Mirqədirovun həbsi ilə yanaşma daha da sərtləşəcək. Ermənilərlə ayrı görüşlər olacaq, amma o təşkilatlarla ki, onlar hakimiyyətə yaxındır. Məqsəd hər şeyə nəzarət etməkdir.
– Bu prosesin Dağlıq Qarabağ məsələsinin həllinə hansısa müsbət təsiri ola bilərmi?
– Əksinə, Sərkisyan və Əliyevə Qarabağ probleminin həlli lazım deyil, çünki hər ikisi vəziyyətdən qazanırlar. Rusiya isə ümumiyyətlə, problemin bu cür qalmasında maraqlıdır, səbəb odur ki, Kreml münaqişə vasitəsilə hər iki respublikanı özündən asılı durumda saxlayır.
– Leyla xanım, bütün məsələlərdə bədbin deyilsinizmi?
– Yox, mən reallığı deyirəm.
– Yəni, Avropa Şurası Azərbaycanda durumun “yumşalması” üçün addım da atmayacaq?
– İmkanları yoxdur.
– O qədərmi gücsüzdürlər?
– Bəli