Rusiya-Ukrayna müharibəsi (yenilənir)

Kiyev. Foto: Reuters

23.41

Rusiya İsveçin hava məkanını pozub

Rusiyanın 4 döyüş təyyarəsinin (SU-27 və SU-24) İsveçin hava məkanını pozduğu deyilir. Bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik mövcud vəziyyəti nəzərə alaraq, hadisəyə çox ciddi yanaşır:
“Bu, Rusiyanın qeyri-peşəkar və məsuliyyətsiz hərəkətidir”.

23.36.

Pakistan Rusiya ilə ticarət müqaviləsi imzalayıb

Xan qaz idxalına razılaşıb

Pakistanın Baş naziri İmran Xan Ukraynaya hərbi müdaxiləsinə ilə bağlı etirazlara baxmayaraq, Rusiyadan təbii qaz idxalına dair razılaşma əldə etdiklərini bildirib.

İmran Xan. Foto: https://indianexpress.com/

Ölkələr sanksiyalar tətbiq edərkən və Vladimir Putini təcrid etməyə çalışarkən, Xan hücumdan sonra Rusiya ilə yeni ticarət müqaviləsi imzalayan ilk lider olub.


18.00.

“Mariupol şəhəri su kəsintisi ilə üz-üzədir”

Ukraynanın Mariupol liman şəhəri Rusiya qüvvələrinin fasiləsiz hücumundan müdafiə olunduğu üçün kütləvi itkilər və su kəsintisi ilə üz-üzədir.

Şəhərin meri Vadim Boyçenko Ukrayna televiziyasının canlı yayımında belə deyib.

Bildirib ki, Rusiya Federasiyasının hərbi qüvvələri yarım milyonluq dinc əhalinin şəhərdən çıxışını əngəlləmək üçün hər şeyi edir: “Rusiya qüvvələri artıq 12 saatdır ki, bizi dayanmadan atəşə tutur. Şəhəri dümdüz edirlər”.

Vadim Boyçenko əlavə edib ki, atışma dayanmadığı üçün bu gün küçələrdən, evlərdən yaralıları çıxara bilməyiblər.


17.48.

Kusturitsa ona verilən kino mükafatının geri alınmasını şərh edib

Serbiyalı kinorejissor Emir Kusturitsa Praqa Beynəlxalq Film Festivalının Rusiya ilə əməkdaşlığına görə onu mükafatdan məhrum etməsinə münasibət bildirib.

Kusturitsa mükafatı Praqa otellərinin birində unutduğunu deyib.

Emir Kusturitsa. Foto: vilena krasnitska/shutterstock

“Mükafatı qaytarmaq istəyirlərsə, Praqa otelləri arasında müsabiqə elan etsinlər”, – rejissor bildirib.

Emir Kusturitsaya 2017-ci ildə verilən “Kristian” mükafatının geri alınmağının səbəbi sənətçinin 2022-ci il fevralın 21-də Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru vəzifəsində çalışmağa razılıq verməsidir.


17.19.

Hava şirkəti ukraynalı qaçqınlara 100 min pulsuz bilet təklif edib

Macarıstanın aşağı büdcəli hava şirkəti olan “Wizz Air” ukraynalı qaçqınlara qısamüddətli uçuşlar üçün 100 000 pulsuz bilet təklif etdiyini açıqlayıb.

“Wizz Air”. Foto: Vytautas Kielaitis/shutterstock

Şirkət bu barədə elanı “Twitter“ hesabında yayıb.

Bildirilib ki, ukraynalı qaçqınların harada olmaqlarından asılı olmayaraq, təyinat yerlərinə çatmağa kömək etməyə hazırdırlar.


15.33.

Rusiya-Ukrayna müharibəsində “informasiya cəbhəsi”

“Google Europe” Kremlə yaxın media orqanları olan RT və “Sputnik”in “YouTube” kanallarını blokladığını açıqlayıb.


15.07.

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı diplomatları Rusiyanın Ukraynaya hərbi müdaxiləsində dəstək verdiyinə görə Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib.

Sanksiyalar əsasən, “bəzi iqtisadi sektorlara, xüsusilə də ağac, polad və kalium sahələrinə” təsir edəcək.

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Avropa İttifaqı rəsmisi bu həftə bildirib ki, sanksiyalardan biri də Belarus mallarının Avropa İttifaqı ölkələrinə ixracını dayandırmaqdır.


14.28.

Rusiya nümayəndə heyəti Kann Kino Festivalına buraxılmayacaq

Qərarı festivalın təşkilat komitəsi qəbul edib.

“Festivalın təşkilat komitəsi qərara gəlib ki, Ukrayna xalqının maraqlarını təmin edəcək şərtlərlə hücum dayandırılana qədər Rusiya hökuməti ilə əlaqəli rəsmi nümayəndə heyət və ya nümayəndələri qəbul olunmayacaq”, – festivalın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.


14.21.

Navalnı rusları gündəlik etiraz aksiyalarına çağırıb

Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı rusları Moskvanın Ukraynadakı hərbi kampaniyasına qarşı gündəlik etiraz aksiyaları keçirməyə çağırıb.

Aleksey Navalnı. Foto: Dmitry Laudin/shutterstock

“Aleksey Navalnı insanları hər gün saat 19:00-da, istirahət günləri isə saat 14:00-da küçələrə çıxıb müharibəyə etiraz etməyə səsləyir. Harada olmağınızdan asılı olmayaraq, şəhərin əsas meydanına çıxın və etiraz edin”, – Aleksey Navalnının sözçüsü Kira Yarmış belə deyir.


14.12.

Neftin qiyməti artır: “Səbəb Rusiyanın SWIFT-dən çıxarılmasıdır”

Martın 2-də dünya bazarında neftin qiymətləri 110 dollara yaxınlaşıb.

Brent markalı neftin qiyməti 5,8 faiz bahalaşaraq 111.25 dollar/barel səviyyəsinə çatıb.

Rusiya-SWIFT. Foto: Kim Kuperkova/shutterstock

Honq-Konqdakı UBP-nin Asiya üzrə baş iqtisadçısı Carlos Casanova bildirib ki, neft qiymətləri hələ bir müddət də artan templə davam edə bilər:

“Bunun çoxu siyasi amillərdən qaynaqlanır. Hazırda Rusiya ilə bağlı vəziyyətin neftin qiymətinin bahalaşmasında rolu var”.


13.59.

Anton Qeraşenko: “Avropa “nüvə fəlakəti”nin bir addımlığındadır”

“Növbəti “Çernobıl fəlakəti” təkrarlana bilər”

“Putinin çılğınlığına görə Avropa yenidən “nüvə fəlakəti”nin bir addımlığındadır”.

Ukraynanın daxili işlər nazirinin müavini Anton Qeraşenko belə deyir.

O bildirib ki, Ukraynanın energetika paytaxtı Enerqodar Rusiya ordusunun hücumuna hazırlaşır.

Anton Qeraşenko. Foto: https://www.promoteukraine.org/

Nazir müavini əlavə edib ki, Avropanın ən böyük Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi şəhər təslim olmayacaq, döyüşəcək: “Hazırda Atom Elektrik Stansiyasını Ukrayna Milli Qvardiyasının əsgərləri qoruyur. Onlar təslim olmayacaqlar, döyüş olacaq. Mərmilər AES-in yaxınlığına düşə bilər”.
Anton Qeraşenko bildirib ki, düzdür, mərmilər reaktorun beton qabığını yarıb keçə bilməz, lakin AES-in təhlükəsizliyi üçün zəruri olan transformatorları, turbinləri və digər avadanlıqları zədələməsi mümkündür: “Bu da qəza baş vermək ehtimalı yaradır. Nəticədə, Çernobıl Atom Elektrik Stansiyası və ya Fukusima AES-də baş verən fəlakət təkrarlana bilər”.

Nazir müavini Rusiyanın generallarına səslənib, bu şəhərə hücum etmək fikirlərini dəyişmələrini söyləyib: “Yeni Çernobıl üçün şərait yaratmayın. Radiasiya millət tanımaz, hamıya təsirləri olacaq. Ən yaxşısı, Enerqodar və Zaporojye AES tərəfdən yan keçin”.


Co Biden: “İndi isə rus oliqarxların arxasınca getmək vaxtıdır”

Martın 1-i gecə saatlarında ABŞ Prezidenti Co Biden elan etdi ki, ABŞ Rusiya təyyarələrinə hava məkanını bağlayır. O, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq rus oliqarxlarının arxasınca gedəcəyinə də söz verib.

“Bu addımlar Vladimir Putini daha da təcrid edəcək. Hazırda rubl 30 faizdən çox dəyər itirib. Rusiya fond bazarı isə dəyərinin 40 faizini itirib və ticarət dayandırılıb. Rusiya iqtisadiyyatı çökür və günahkar təkcə Putindir”.

Ana səhifəSiyasətRusiya-Ukrayna müharibəsi (yenilənir)