Qubad İbadoğlu: “Belə getsə, Rusiya iqtisadiyyatı davam gətirə bilməz”
Martın 2-də dünya bazarında neftin qiymətləri 110 dollara yaxınlaşıb.
Brent markalı neftin qiyməti 5,8 faiz bahalaşaraq 111.25 dollar/barel səviyyəsinə çatıb.
Bu, 2014-cü ilin iyul ayının əvvəlindən bəri ən yüksək göstəricidir.
Honq-Konqdakı UBP-nin Asiya üzrə baş iqtisadçısı Carlos Casanova “Reuters” agentliyinə bildirib ki, neft qiymətləri hələ bir müddət də artan templə davam edə bilər:
“Bunun çoxu siyasi amillərdən qaynaqlanır. Hazırda Rusiya ilə bağlı vəziyyətin neftin qiymətinin bahalaşmasında rolu var. Rusiyadan gələn neft tədarükünün bir hissəsinin ABŞ şistindən yox, həm də İrandan daha çox neftlə kompensasiya edilməsindən asılıdır”.
Azərbaycanlı iqtisadçı Qubad İbadoğlu isə deyir ki, adətən, Britaniyanın Brent Crude (İCE) markalı xam neftindən ucuz satılan ABŞ-ın Qərbi Texas markalı (WTI Crude Oil (Nymex)) xam neftinin bir barelinin qiyməti də 1 gündə 7 faiz bahalaşaraq 106,03 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin martın 1-nə olan qiyməti 102,30 dollar olub.
İqtisadçı bildirir ki, qiymət bahalaşmasının başlıca səbəbi Rusiyanın SWIFT-dən çıxarılmasıdır: “Bu səbəbdən də son günlər Rusiya neftini hətta bazar qiymətindən ucuz təklif etsə də, satış problemi ilə üzləşir, çünki alıcıda ödəmə çətinliyi yaranıb”.

Qubad İbadoğlu deyir ki, ABŞ bankı “Morgan Stanley” proqnozlarına görə, bu gedişlə 2-ci rübdə dünya bazarında neftin 1 barrelinin qiyməti 110-125 dollar arasında dəyişəcək: “Başqa bir ABŞ bankı “Goldman Sachs”ın proqnozlarına görə isə orta hesabla 115 dollar ola bilər. Rusiya iqtisadiyyatı bütün sahələrdə itirə-itirə getsə, çox davam gətirə bilməyəcək”.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb.
Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir – red.) dayandırıb.
Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.
Avropa İttifaqı ölkələri, ABŞ və Kanada Rusiyanın üzünə hava məkanını bağlayıb.
Eyni zamanda, Rusiyadan olan 600-dən çox şəxsə, quruma, şirkətə sanksiyalar tətbiq edilib.
Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-dən Rusiyanın milli valyutası olan rubl dəyər itirə-itirə gedir.
Eləcə də, dünyanın bir çox ölkəsində Ukraynaya dəstək mitinqləri keçirilib.