Noyabrın 20-də Bakı İstintaq Təcridxanasının (BİT) Tibb-Sanitar Hissəsində saxlanılan Nübar Həsənova ilə Nərgizxanım Məmmədova Lənkəran Penitensiar Kompleksinə köçürülüb.
Onlarla bir kamerada qalan Çinarə Dərgahova isə BİT-in qadın korpusuna yerləşdirilib.
“Hicaba azadlıq” aksiyasında həbs olunan qadınlara hara aparıldıqları barədə öncədən məlumat verilməyib. Qadınlar buna etiraz etdikdə BİT-in qadın əməkdaşları tərəfindən zorla maşına mindiriliblər.
Hadisə zamanı Tibb-Sanitar Hissədəki bütün kameraların nəfəslikləri qapadılıb, digər məhbuslara nə baş verdiyi haqda məlumat verilməyib.
Tibb-Sanitar Hissədə saxlanılan digər hicablı qadınlar isə “onlayn məhkəməyə aparılmaq” adıyla ərazidən uzaqlaşdırılıblar. Məhbuslar yalnız səs-küydən dəhlizdə hansısa insidentin baş verdiyini eşidiblər.
TSH-yə qaytarılan digər iki qadın, Aytən Həsənova və Nigar Bağırova isə inanclı qadınların aparılmağına və özlərinin “məhkəməyə aparılmaq” adıyla aldadılmalarına etiraz edərək dəhlizdə yerə oturublar, kameralarına keçməyiblər.
Onlara Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə köçürülməsi haqqında məlumat verilib, qadınlarla əlaqə saxlanılacağı vəd edilib.
İnanclı qadınlar 19:30-da aksiyanı dayandırıb kameralarına keçiblər.
Aksiya boyu BİT rəisinin müavini Ceyhun Hacıyev onları telefon vasitəsilə kameraya çəkib və hər hansı fiziki təzyiq göstərilməyib.
Nübar Həsənova, Nərgizxanım Məmmədova və Günarə Dərgahova oktyabrın 13-də həbs olunaraq Xəzər Rayon Məhkəməsinə çıxarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
İnanclı qadınlar özlərini təqsirli bilmirlər, “Hicaba azadlıq!” tələb etdiklərini bildirirlər.