Sanksiyaların budəfəki hədəfi Kremlə yaxın media qurumlardır
“Google Europe” Kremlə yaxın media orqanları olan RT və “Sputnik”in “YouTube” kanallarını blokladığını açıqlayıb.
“YouTube”-un sahibi “Google” “Twitter” hesabında belə qeyd edib.
O bildirib ki, qərar verilib, lakin sistemin buna uyğunlaşması zaman ala bilər: “Ukraynada davam edən müharibə ilə əlaqədar olaraq, biz bütün Avropada RT və “Sputnik”in “YouTube” kanallarını bloklayırıq. Bunun sistemdə özünü göstərməsi zaman ala bilər, lakin komandalarımız bu istiqamətdə gecə-gündüz çalışır”.
“Google”-un baş şirkəti “Alphabet”dən “Reuters”ə bildirilib ki, RT və digər dövlətdən maliyyələşən media orqanları həmçinin, “Google News” daxil bütün xəbər xidmətlərindən yığışdırılıb.
“Google” şirkətinin qlobal məsələlər üzrə prezidenti Kent Uolker bloq postunda qeyd edib ki, bununla fövqəladə böhranda dezinformasiyanın yayılmasını önləyirlər.
“İnternetdə dezinformasiya kampaniyalarını pozmaq üçün təcili addımlar atılmalı idi”, – o bildirib.
Bundan bir neçə saat öncə Avropa İttifaqının üzvləri Avropa Komissiyasının təklif etdiyi sanksiyaları təsdiqləyiblər.
“Sputnik” və RT-nin Britaniya, Almaniya və Fransanı əhatələyən, həmçinin ingilis və ispanca kanalları məhdudlaşdırılıb.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 27-də verdiyi açıqlamada “RT və Sputnik Kremlin media maşınının tərkib hissəsidir. Aİ onların Avropada toksik və ziyanlı dezinformasiyasını qadağan etməlidir”, – demişdi.
Rusiya hökuməti isə öz növbəsində ölkəsində fəaliyyət göstərən müstəqil Kütləvi İnformasiya Vasitələrinin (KİV) yayımına qadağa qoyub.
Əsas gətirib ki, onlar Moskvanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı “qəsdən yalan məlumat” yayıb və məhz buna görə bloklanıblar.
Bloklanma ilə bağlı qərarı isə Rusiyanın Baş Prokuroluğu verib.
Rusiyanın Baş prokuroru ölkənin mediaya nəzarət orqanına “TVRain”kimi tanınan “Dojd” telekanalına və “Exo Moskvı” radiosuna “girişi məhdudlaşdırmağı” tapşırıb.
Bildirilir ki, qadağa Ukraynada “ekstremist fəaliyyətə, zorakılığa çağıran məlumatların” və “Rusiya hərbçilərinin hərəkətləri haqqında qəsdən yalan məlumatların” “məqsədli və sistemli” yerləşdirilməsinə görə verilib.
“Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov “Telegram”-da radiostansiyanın yayımdan çıxarıldığını bildirib.
“Anonymous” haker qrupu isə fevralın 28-də Rusiyanın TASS, “Fontanka” və “Kommersant” internet saytlarını sındırıb.
Həmçinin Kremlin dəstəklədiyi “Russia Today” kanalına və Kremlin saytına haker hücumu gerçəkləşdirib. Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.
Eyni zamanda, “Anonymous”un Rusiya dövlət telekanallarını sındıraraq, Ukraynaya dəstək məzmunlu vətənpərvər mahnılar və işğaldan görüntülər yerləşdirdiyi bildirilir.
Qrup “Twitter” hesabında bildirib ki, Rusiya dövlət telekanalları “Anonymous” tərəfindən Ukraynada baş verənlər haqqında həqiqəti yayımlamaq üçün sındırılıb.
“Fontankaya” daxil olmaq istəyərkən isə ekrana belə bir mesaj gəlib: “Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi qəti ölümə göndərməyin”.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.