Aleksey Venediktov: “”Prokurorluğun iddiaları heç bir sübutla təsdiqlənmir, əsassızdır”
“Exo Moskvı” radiostansiyanın fəaliyyəti dayandırılıb.
Bu barədə Direktorlar Şurası martın 3-də səsçoxluğu ilə radiokanalın və “Exo Moskvı”nın saytının ləğvi barədə qərar qəbul edib.
Radiostansiyanın baş redaktoru Aleksey Venediktov “Novaya gazeta” saytına deyib ki, Roskomnadzor “Google”dan “Exo Moskvı” proqramını silməyi tələb edib.
Martın 1-də Rusiyanın Baş Prokurorluğu “Exo Moskvı”nı efirə çıxmasını qadağan edib.
Səbəb kimi radiostansiyanın Ukraynada “xüsusi hərbi əməliyyat” çərçivəsində Rusiya hərbçilərinin hərəkətləri barədə ekstremist fəaliyyətə çağıran materiallar və yalan məlumatlar yayması göstərilib.
A.Venediktov redaksiya heyətinin Baş Prokurorluğun təqdimatı ilə qətiyyən razı olmadığını bildirib.
“Prokurorluğun iddiaları heç bir nümunə, heç bir sübutla təsdiqlənmir, əsassızdır. Həmçinin jurnalistləri və Rusiya vətəndaşlarını təhqir edir”, – deyə baş redaktor söyləyib.
Radio ilk dəfə 1990-cı il avqustun 22-də Moskvada yayımlanıb.
2020-ci ildən radionun səhmlərinin 66 faizi “Qazprom-Media Holdinq”ə məxsusdur.
“Exo Moskvı” ilə yanaşı Baş Prokurorluq “Dojd” telekanalının saytını da bloklayıb.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.