”Pensiyamla işıqpulunu ödəsəm, məcburam dilənim”


Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində müavinət müəyyən edilib.

Məcburi köçkünlər artıq yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manatla yetinməli olacaqlar. Yanvarın 23-də ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanda həmçinin Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılması tələbi də vurğulanıb.

Bəs kommunal xərcləri də 36 manatın hesabına ödəməli olan köçkünlər fərmanla razıdırmı?

– Dövlət maaşı yox, iş yeri yox, qab yumaq yox, silib-süpürmək yox. Bir gəlir yeri yoxdur ki, gülə-gülə kartı vurub, kommunal xərcləri ödəyəsən. Bu imkan olmayandan sonra camaat nə etməlidir? 40 qəpiyə çörək almağa imkanı olmayan adamlar var. Həftələrlə ət yeməyən adamlar var. Ona görə də çətindir. Camaat qalxıb üsyana, bundan sonra ev də istəmirik, aparsın tullasın Ağdama, Laçına – torpağımıza, orada odun qalayacağıq.

– Onu deyə bilərəm ki, vəziyyətimiz çox ağırdır. Mənim evimdə hazırda epilepsiya xəstəsi var. Prezident həmişə biz qaçqınlara kömək edib, həmişə bizi nəzərində saxlayıb. İndi gəlib başımızın üstünü kəsirlər ki, bura sayğac qoymalıyıq. Bu 36 manat nəyi ödəyəcək? Bir gün axşamacan yandıracaqsan, 10 manat gedəcək. Vallah, mən də aldığım pensiya ilə xəstəmə, özümə, bir də bir ayrı oğlum var, işləmir, iş yoxdur, ona baxıram. İndi bunu da mən işığa ödəsəm, məcburam ki, əl açıb dilənim. Onu da şəxsiyyətimə sığışdırmıram. Heç bunu prezidentimə də sığışdırmaram ki, onun qaçqını gedə yolda oturub dilənə.

– Verilən müavinatla işıqpulu ödəmək sərf eləmir. Ona görə ki, biz qaranlıqda yaşayırıq. İşıqlar sönəndə, qazlarımız da olmur. Nə istifadə edək? Suyu da, yeməyi də onunla qızdırırıq.

– Bizim bu binada qaz yoxdur, işıqdır ancaq. Bizim də gücümüz çatmır ödəyək. Şəxsən mənim üç uşağım var, bir otaqda yaşayırıq. Çox əziyyət çəkmişik. Beş nəfər bir otaqda yaşaya bilmirik. İstəyirik ki, bizi evlə təmin eləsinlər, sonra sayğac qoyarlar. Biz sayğac istəmirik. Çünki biz yeməyi, suyu işıqla qızdırırıq. Uşaqları çimizdirmək üçün qazanda su isidirəm. Bunun üçün də bizi qane eləmir. Bizim gücümüz çatmır.

– O müavinatla məcburi köçkün bunu necə ödəyə bilər? Prezident çox gözəl fərman verib, mən razıyam onunla. Amma bu ödəniş heç cür alına bilməz. Burada hər şey işıqla həll olunur. Qaz yoxdur. O, əmri icra edən məmurlar gəlsin qaçqınların həyat tərzi ilə maraqlansın, görsün necə yaşayırlar, ondan sonra istədiklərini eləsinlər.

– Bizə əlavə 20 manat verirdi. Onu da əlimizdən alırlar. Çünki bizdə qazlaşdırma yoxdur. Bütün günü piltə işlədirik. Yemək bişiririk, nə ilə bişiririk? Əvvəlcə qazlaşdırsınlar, sonra sayğaçı qoysunlar.

– Allah prezidentimizin canını sağ eləsin. Bizə bir gün ağlasın. İşıqpulu yazmasın, sayğac qoymasın. Ən çox 70 qaçqın ailəsi var burada. Qalanı yerlidir.

Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun isə vətəndaşlara başqa təklifi var:

“Ailə var 10 nəfərdən ibarətdir, bu alacaq 360 manat, ailə var 5 nəfər, bu, alacaq 180 manat. Bu, böyük vəsaitdir. İndi hər ailə kimi məcburi köçkün ailəsinin də müxtəlif problemləri var. Yəni o dəqiqə o vəsaiti hara gəldi xərcləməsinlər. Suya, qaza, nə istifadə edibsə, hamısının sayğacına baxsın, o vəsaiti ayırsın, qoysun qırağa. Çünki ayın sonunda kommunal xidmət təşkilatları gəlib qapılarını döyəcək ki, ödə. Və bu narazılığın yaranmaması üçün məcburi köçkünlərdən xahiş edirəm, o böyük vəsaiti ələ alıb, sevincindən tez bazara qaçmasın”.

Ana səhifəVideo”Pensiyamla işıqpulunu ödəsəm, məcburam dilənim”