”Nə vitse-prezidenti, nə prezidenti bu yerlərdə gördüm”

Uşaqlar yorğun-arğın məktəbdən qayıdır. Mərkəzdən 28-km uzaqda yerləşən qəsəbənin məktəbi yoxdur.

“Biz indi məktəbdən gəlirik. Hər günümüz belədir. Səhər saat 7-də uşaqları evdən götürüb məktəbə aparıram. Bir saat yol gedirik. Neçə illərdir bu vəziyyətdə yaşayırıq. Belə dövlət olar? Belə quruluş olar? Belə haqsızlıq olar? Belə ədalətsizlik olar?”

Binə Atçılıq Mərkəzinin yanında yerləşən yaşayış massivini sakinlər elə klubun dili ilə “Binə Atçılıq” adlandırır. Elə onlara gələn işıq, su, qaz qəbzlərində də belə yazılır.

Sakinlərin dərdi bir məktəblə bitmir. Yolları da asfalt üzü görməyib. Bir az yağış yağan kimi çala-çuxur yollarda gölməçələr yaranır. Massiv əhalisi aidiyyatı dövlət qurumlarına müraciət etsə də, yollarını ağ günə çıxaran olmayıb.

“Təcili Tibbi Yardım yola görə buralara gəlib çıxa bilmir. Yazıq anam 2-3 ay bundan qabaq elə də getdi. Yardım gəlib çıxa bilmədi”,- deyə Vüsalə Əliyeva gileylənir.

Sakinlərin dediyinə görə, 30 minə yaxın əhalisi olan massivdə sakinləri daşıyacaq avtobuslar da yoxdur. Yalnız sahibkarlara məxsus bir neçə marşrut var ki, yollara tab gətirə bilsə, sərnişinləri mənzilbaşına çatdırır.

“Qarşıdan prezident seçkiləri gəlir. Biz hamımız prezidenti dəstəkləyəcəyik. Amma onun yerlərdəki səlahiyyətli nümayəndələri gəlsin bizimlə görüşsün. Görsünlər, bu yolla bizə çata biləcəklər, ya bilməyəcəklər”,- qəsəbə sakini İbrahim Musayev belə deyir.

“Dövlətin başçısı bilmir? Yolu bağlayırlar, saxlayıb deyə bilmirik ki, düş, yolumuza bax. Ya baxçaya bax, məktəbə bax. Uzun müddətdir mən burada yaşayıram, nə vitse-prezidentini, nə prezidentini buralarda görmüşəm. Qoymurlar, yaxın buraxan yoxdur”,- uşaqlarını məktəbdən gətirən Qadir Mahmudovun sözləridir.

Məktəbi, salamat yolları, adı olmayan qəsəbəyə dövlət qurumları da sahib çıxmır. Massivə ən yaxın Binə qəsəbəsidir ki, onun da aid olduğu Xəzər Rayon İcra Hakimiyyətindən bildirirlər ki, məhz massiv ərazisi onlara aid deyil.

“Ora Buzovna kənd təsərrüfatı müəssisəsinə və Prezidentin İşlər İdarəsinə aiddir. Bizə aid deyil”.

Prezidentin İşlər İdarəsindən suallarımıza cavab verən olmadı.

Abşeron Rayon İcra Hakimiyyəti isə deyir ki, ərazi əvvəl onların balansında olsa da, 2008-ci ildən onlardan alınıb.

Bu massivin adı heç internet axtarışında, xəritədə belə çıxmır. Gözə çarpan məlumatlar yalnız “Binə atçılıqda torpaq satılır” kimi alqı-satqı elanlarıdır.

Torpaq alan da, satan da, məskunlaşıb yaşayan da var… Bircə sakinlərin problemini həll edəcək yetkililər gözə dəymir…

Ana səhifəVideo”Nə vitse-prezidenti, nə prezidenti bu yerlərdə gördüm”