Natiq Cəfərli: Enerji sisteminin həddən artıq yüklənməsi fikri qəbuledilməzdir

Vüqar Bayramov: “Kommunal xidmətlərdə idarəetmənin özəl sektora verilməsi bir daha aktuallaşıb”

Source:


Vüqar Bayramov: “Kommunal xidmətlərdə idarəetmənin özəl sektora verilməsi bir daha aktuallaşıb”

Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisinin verilməsi bərpa edilib.

Bu barədə iyulun 3-də “Azərişıq” ASC-nin yaydığı məlumatda qeyd edilir.

Meydan TV-yə verilən məlumata görə isə, cənub regionlarında, Sumqayıtın bir sıra ərazilərində, Xırdalanda, Sabunçuda və Keşlədə elektrik enerjisinin verilməsindəki fasilələr davam edir.

İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanda elektrik enerjisinin verilməsi

dayandırılıb.

Mingəçevirdə yaşayan jurnalistlərin Meydan TV-yə verdikləri məlumata görə, elektrik enerjisinin kəsilməsinə səbəb stansiyada partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Mingəçevir İES-in 6-cı blokunda yanğın baş verib.

Yüklənmə 40 faiz artıb

“Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb”.

Rəsmi qurumlar hadisənin ilkin səbəbini həddindən artıq yüklənmə ilə izah edirlər.

Energetika Nazirliyinin rəsmi məlumatına əsasən, anomal isti hava şəraiyi ilə əlaqədar yüklənmə 40 faiz artıb.

Olaydan az sonra Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda da bu məqam vurğulanıb:

“İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.

Bildirlib ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə gediblər.

Y.Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Elektrik enerjisində yaranan problem su təchizatında, Sumqayıt-Bakı elektrik qatarında, Bakı Metropolitenində, xəstəxanalarda və digər dövlət əhəmiyyətli obyektlərdə problemlər yaradıb.

“Azərsu” Ceyranbatan su anbarında sutəmizləyici qurğularda yaranan problemin aradan qaldırılması üçün işlərin aparıldığı haqda məlumat yayıb. Ancaq hələ də paytaxt və ətraf bölgələrə su verilmədiyi qeyd olunub.

Sumqayit-Bakı qatarı səhər saat 08:00 reysi işləməyib. Bununla bağlı Dövlət Dəmir Yolları ASÇ sərnişinlərdən üzr istəyib.

Qurum növbəti xəbərində bildirib ki, yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

Səbəb korrupsiya amili və dayanıqlı, normal infrastrukturun qurulmamasıdır

İqtisadçı Natiq Cəfərli rəsmi məlumatda “temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi nəticəsində həddindən artıq yüklənmə” fikrini qəbuledilməz hesab edir.

O, Meydan TV-yə deyib ki, əslində, hökumət bu izahla qurduğu infrastrukturun yükləmələrə dözmədiyinə haqq qazandırmaq niyyəti güdür.

“Amma indiyə qədər elektrik enerjisinin alt yapısının qurulmasına 4-5 milyard manat xərclənib, “Azərenerji” buna görə beynəlxalq qurumlardan kredit götürüb. Bir sözlə, qoyulan vəsaitlərin dayanıqlı olmadığı iyulun 2-dən 3-nə keçən gecə üzə çıxdı. Səbəb korrupsiya amili və dayanıqlı, normal infrastrukturun qurulmamasıdır”.

Ekspert sual edib ki, ölkə niyə bir mənbədən asılı olmalıdır?

“Artıq yükləmələr olan kimi sistemdə problem yaranır. Bəli, dünyanın müxtəlif ölkələrində belə qəzalar olur. Sadəcə, alternativ mənbələr işə düşür və problem aradan qaldırılır. Təsəvvür edin, gündüz olsaydı, insanlar metroda, liftlərdə qalar faciələr yaşanardı. Yaxud reanimasiya şöbələrində işıqın kəsilməsi nələrə səbəb olardı?!”

Ölkənin bir enerji blokundan asılı olması ciddi problemlərdən xəbər verir

N.Cəfərli xatırladıb ki, hökumət Azərbaycanın enerji istehsalçısına çevrildiyini, ixraacatı ilə məşğul olduğunu daim bəyan edir.

“Əsas problem odur ki, qoyulan vəsaitin insanların normal şəkildə elektrik enerjisi ilə təmin olunmasına kifayət etməyib. Hətta Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi ixraacatçısına çevrilib, ancaq yerli vətəndaşlar artyıq yükləmərdən əziyyət çəkir. Artıq yükləmələrin qış və yay aylarında olması təbiidir, gərək, infrastrukturu buna hazırlıqlı hala gətirsinlər. Bütün ölkənin bir enerji blokundan asılı olması kifayət qədər ciddi problemlərdən xəbər verir və deməli, qurulan infrastruktur müasir tələblərə cavab vermir”.

Vüqar Bayramov
Vüqar Bayramov

Alternativ mənbələrdən istifadə edilməlidir

İqtisadçı Vüqar Bayramov baş verən hadisənin bir neçə məsələnin aktuallaşdırdığını bildirib:

“2-3 iyul olayı kommunal xidmətlərdə idarəetmənin özəl sektora verilməsini bir daha aktuallaşdırıb. Son hadisə göstərdi ki, mavi qazın, içməli suyun, elektrik enerjisinin satışı və təminatı daxil olmaqla digər xidmətlərin dövlətdən alınaraq özəl sektora verilməsi səmərəliliyi artırar və həm də şəffaflığı gücləndirər. Bütövlükdə kommunal xidmətlərin və elektrik enerjisinin istehsalı və satışında müasir texnologiyadan istifadə edilməsi ilə nəticələnər”.

O, təəssüfünü bildirib ki, kommunal xidmətlərin təminatında və satışında hələlik özəl sektorun aktiv iştirakı müşahidə olunmur.

“Amma inkişaf etmiş ölkələrdə fərqli mənzərədir. Əgər buna gedilsə, müasir texnologiya transfer ediləcək, vətəndaşlar daha keyfiyyətli elektrik enerjisi alacaq və səmərəliliyin artırılması üçün baza yaranacaq”.

Digər bir məqam kimi, V.Bayramov alternativ mənbələrdən istifadə edilməsinin vacibliyini bildirib.

“Yalnız Bakını və Abşeronu günəş və külək enerjisi ilə təmin etmək olar. Amma təəssüf ki, istifadə olunmur. Bu gün alternativ enerjinin ümumi enerjidə payına diqqət yetirilsə, cüzi rəqəm alınar. İlk növbədə bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir, yəni özəl sektorun alternativ enerjisinin istehsalında iştirakına və onlara güzəştin tətbiqinə ehtiyac var”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Enerji sisteminin həddən artıq yüklənməsi fikri qəbuledilməzdir