Hökumət 26 ildən sonra, gələn ildən etibarən kənd təsərrüfatı sektoruna vergi tətbiq etməyə başlayacaq. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin mətni hələ ictimaiyyətə tam açıqlanmasa da, mediada mənfəət və gəlir vergisinin 10 faiz dərəcəsində tətbiq olunacağı, habelə fiziki şəxs olan kəndlilərin müəyyən malların satışından əldə etdikləri gəlirlərdən 2 faiz vergi tutulacağı barədə məlumatlar dərc olunur.
Digər tərəfdən, Hesablama Palatası açıqladığı son rəydə ölkənin strateji ərzaq məhsulları ilə təminatının aşağı səviyyədə olduğunu qeyd edir.
Palatanın məlumatına görə, son beş ildə taxılçılığın inkişafı üçün dövlət büdcəsindən 1 milyard manata yaxın maliyyə dəstəyi göstərilməsinə baxmayaraq, ərzaqlıq buğda istehsalında irəliləyiş əldə olunmayıb.
Təkcə 2025-ci ildə taxıl əkinləri üçün fermerlərə 193,2 milyon manat subsidiya ödənilib. Ən çox subsidiya ayrılan sahə isə buğda əkini olub.
Sənəddə qeyd edilir ki, ötən il buğda üçün verilən əkin subsidiyalarının məbləği 88,4 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 16,3 milyon manat və ya 15,6 faiz azdır.
Bununla yanaşı, ötən il 124,2 min ton ərzaqlıq buğda istehsal olunub. Ərzaqlıq buğdaya görə verilən məhsul subsidiyasının həcmi isə 34,8 faiz artırılaraq 15 milyon manata çatdırılıb.
Həmçinin güzəştlə satılan ərzaqlıq buğda təyinatlı pivot suvarma sistemlərinin quraşdırıldığı sahələr üzrə buğda istehsalçılarına göstərilən maliyyə dəstəyi 2,2 dəfə artırılaraq 11 milyon manat təşkil edib.
Arpa, çəltik, digər dənli və dənli-paxlalı bitkilər üzrə əkin subsidiyalarının məbləği də artıb.
Beləliklə, son beş ildə taxılçılığın inkişafı üçün dövlət büdcəsindən ümumilikdə 928,1 milyon manat vəsait xərclənib. Bunun 510 milyon manatı buğda istehsalının payına düşüb.
“Son üç ildə ərzaqlıq buğda istehsalının stimullaşdırılması üçün 38,6 milyon manat vəsait xərclənib. Buna baxmayaraq, buğda ilə özünütəminetmə səviyyəsi hələ də qənaətbəxş deyil”, — Hesablama Palatası bildirir.
Palata buğda əkinlərinə görə verilən subsidiyaların azalmasını əkin sahələrinin azalması ilə əlaqələndirir:
“Buğda əkin sahəsinin tədricən azaldılması və məhsuldarlığının yüksəldilməsi hesabına istehsal həcminin artırılması əsas məqsədlərdən biri kimi hədəflənsə də, 2025-ci ildə ölkə üzrə buğdanın orta məhsuldarlığı 2023-cü ilin səviyyəsindən aşağı olub. Ümumilikdə son beş il ərzində bu sahədə orta məhsuldarlıq 34 sentnerdən yüksək olmayıb”.
2025-ci ildə ölkə üzrə buğda əkinlərinin sahəsi 62,3 min hektar və ya 11,4 faiz azalıb. Bununla belə, ötən il taxıl əkinlərinin təxminən 50 faizi buğdanın payına düşüb.
Nəticədə, ötən il buğda istehsalı əvvəlki illə müqayisədə 75,9 min ton və ya 4,5 faiz azalaraq 1,6 milyon tona düşüb.
Qeyd edək ki, Prezident İlham Əliyev də bu ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə taxılçılıq və ərzaqlıq buğda istehsalı ilə bağlı problemləri xüsusi vurğulayıb:
“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünütəminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.
Hesablama Palatası vurğulayır ki, ötən il taxıl əkinlərinin 20 faizi kənd təsərrüfatı müəssisələrinin, 2,8 faizi fərdi sahibkarların, 77,2 faizi isə ailə kəndli və ev təsərrüfatlarının payına düşüb.
Maraqlıdır ki, hökumət kiçik fərdi təsərrüfatların fəaliyyətinin səmərəli olmadığını əsas gətirərək iri təsərrüfatların yaradılmasını təbliğ edir. Hətta torpaqların konsolidasiyası ilə bağlı qanun layihəsi də hazırlayıb. Amma Hesablama Palatasının rəyində göstərilir ki, buğda üzrə məhsuldarlıq fərdi sahibkarların, eləcə də ailə kəndli və ev təsərrüfatlarının sahələrində kənd təsərrüfatı müəssisələrinə nisbətən daha yüksəkdir.
Belə ki, ötən il buğdanın orta məhsuldarlığı kənd təsərrüfatı müəssisələrində 29,4 sentner/hektar, fərdi sahibkar təsərrüfatlarında 43,6 sentner/hektar, ailə kəndli və ev təsərrüfatlarında isə 34,7 sentner/hektar təşkil edib.
Bu baxımdan, Palata ailə kəndli və ev təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsini də məqsədəuyğun hesab edir:
“Taxıl əkin sahələrinin böyük hissəsinin (754,7 min ha) ailə kəndli və ev təsərrüfatlarında olmasına baxmayaraq, bu təsərrüfatların ayrı-ayrılıqda kiçik pay torpaq sahələrinə malik olması, mütərəqqi becərmə texnologiyalarından istifadə imkanlarının zəif olması, istehsal vasitələrinə çıxış imkanlarının yetərli olmaması məhsuldarlıq potensialının daha çox reallaşdırılmasına imkan yaratmır. Odur ki, iri və fərdi sahibkar təsərrüfatlarının inkişaf etdirilməsi ilə yanaşı, kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarından olan ailə kəndli və ev təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi və onların istehsal imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin davam etdirilməsi sektorun ümumi inkişafına müsbət təsir göstərə bilər”.