Azərbaycanlı iş adamı Emin Ağalarov Afrikanın Esvatini Krallığında yeni daşınmaz əmlak layihəsinə başlamağı planlaşdırır. “Sea Breeze” layihəsinin sahibi bu dəfə ölkənin turizm bölgəsində “Sky Breeze” adı altında 60 lüks villadan ibarət kompleks inşa etmək niyyətindədir. Yerli mətbuat layihənin tərəfdaşları arasında kral ailəsinin üzvünün də olduğunu yazır.
“Eswatini Positive News” nəşrinin yaydığı məlumata görə, layihənin ölkənin Ezulwini bölgəsində həyata keçirilməsi nəzərdə tutulur. Emin Ağalarov ölkəyə səfəri zamanı tikinti planlarını təqdim edib və ilkin hazırlıq işlərinə başlanıldığını bildirib.
Nəşr yazır ki, Ağalarov Esvatinidə investisiya imkanlarını əvvəlcədən araşdırdıqlarını və bu ölkədə biznes qurmaq qərarına gəldiklərini deyib. Onun sözlərinə görə, ilk tikinti sahəsində işlərə başlanılır və məqsəd ölkənin ən yaxşı villalarını inşa etməkdir.
Layihədə kral ailəsinin üzvü də iştirak edir
“Eswatini Observer” qəzetinin dərc etdiyi materialda isə layihənin yerli tərəfdaşları haqqında əlavə məlumatlar yer alıb.
Qəzet yazır ki, Emin Ağalarovun tərəfdaşları arasında Esvatini kral ailəsinin üzvü şahzadə Majaha və yerli iş adamı Noah Nyawo var.
Nəşrin məlumatına görə, Ağalarov yerli tərəfdaşları ilə birlikdə gələcək tikinti ərazisinə baxış keçirib. Görüşdə kral dəftərxanasının yüksək vəzifəli əməkdaşı Mgwagwa Gamedze də iştirak edib.
Şahzadə Majaha layihənin ölkə iqtisadiyyatına töhfə verəcəyinə ümid etdiyini bildirib. Noah Nyawo isə Ağalarov və şahzadə ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu ifadə edib.
Hələlik 60 villanın tikintisinə nə qədər vəsait ayrılacağı, tikintinin hansı şirkət tərəfindən həyata keçiriləcəyi, torpaq sahəsinin kimə məxsus olduğu və layihənin nə vaxt tamamlanacağı açıqlanmayıb.
100 milyon dollarlıq investisiya vədi ilə əlaqəsi nədir?
Emin Ağalarovun Esvatinidəki planları bununla məhdudlaşmır. O, ölkədə istehsal müəssisələrinin yaradılması üçün təxminən 100 milyon dollar, yaxud 1,65 milyard lilangeni həcmində maliyyə ayırmaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə məlumat Esvatini Kralı III Msvatinin iştirakı ilə keçirilmiş tədbirdən sonra yayılıb.
Maraqlıdır ki, yerli nəşrlər 60 villalı layihənin həmin investisiya vədi ilə əlaqəsini fərqli təqdim edirlər.
“Eswatini Positive News” villa kompleksini sənaye müəssisələri üçün vəd edilmiş vəsaitdən ayrıca layihə kimi göstərir. “Eswatini Observer” isə villaların 100 milyon dollarlıq investisiya planının tərkib hissəsi olduğunu yazır.
Esvatini kralının Azərbaycana səfərindən sonra
Emin Ağalarovun Esvatini ilə biznes əlaqələri Kral III Msvatinin 2026-cı ilin mayında Azərbaycana səfərindən sonra gündəmə gəlib.
Həmin səfər çərçivəsində Ağalarov kralı və onu müşayiət edən nümayəndə heyətini Bakının yaxınlığındakı “Sea Breeze” kompleksində qəbul edib.
Yerli mətbuatın yazdığına görə, kral Azərbaycandakı layihə ilə tanış olduqdan sonra Ağalarovu Esvatiniyə dəvət edib. İş adamı da səfərdən əvvəl komandasının ölkədəki investisiya imkanlarını araşdırdığını bildirib.
İndi isə Ağalarov Azərbaycanda həyata keçirdiyi kurort və yaşayış kompleksi modelini Afrikada tətbiq etməyə hazırlaşır.
Emin Ağalarov – azərbaycanlı iş adamı, Azərbaycanın xalq artisti, müğənni və daşınmaz əmlak layihələrinin rəhbəridir. O, Rusiyada milyarder kimi tanınan, “Crocus Group” şirkətinin təsisçisi Araz Ağalarovun oğludur.
Emin Ağalarov atasının yaratdığı “Crocus Group”un birinci vitse-prezidenti, Azərbaycanda isə “Agalarov Development” şirkətinin rəhbəri və Xəzər sahilində salınan “Sea Breeze” meqa kompleksinin təsisçisidir.
Ağalarov 2006–2015-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evli olub. Biznes fəaliyyəti əsasən Rusiya və Azərbaycanda daşınmaz əmlak, turizm, ticarət və əyləncə sektorlarını əhatə edir.
Emin Ağalarov Özbəkistanda da iri daşınmaz əmlak layihələri həyata keçirir. Hətta onun iki ayrı layihəsi var və bunlardan biri Azərbaycandakı “Sea Breeze”in analoqudur.