Həbsdə olan jurnalistin həyat yoldaşı baş prokurora müraciət edib

Polad Aslanov – Foto: Chatgpt

Hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirdiyi üçün həbsxana rəhbərliyi tərəfindən işgəncəyə məruz qaldığı bildirilən jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bununla bağlı baş prokuror Kamran Əliyevə müraciət edib.

Gülmirə Aslanova noyabrın 12-də sosial şəbəkədə paylaşdığı müraciətində hadisənin araşdırılmasını, jurnalistin xəsarətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasının keçirilməsini və məsul şəxslər barəsində cinayət işinin başlanmasını istəyib.

Gülmirə Aslanova müraciətində xatırladır ki, Polad Aslanov oktyabrın 12-də məktəblərdə hicablı şagirdlərin təhsil müəssisələrinə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan bir gün sonra, oktyabrın 13-də 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov Polad Aslanovu və məhbus Zeynal Bayramovu xidməti otağına çağırıb.

Gülmirə Aslanovanın sözlərinə görə, həmin otaqda müəssisənin Teymur adlı əməkdaşı Polad Aslanovun qolunu buraraq onu yerə yıxıb. Rəis Ramiq Nəsibov isə jurnalistin sinəsindən tutaraq üz nahiyəsinə zərbələr endirib, şillə vurub və təhqir edib.

Gülmirə Aslanova müraciətində bildirir ki, fiziki zorakılıqdan sonra həyat yoldaşına qanunsuz olaraq beş günlük cəza kamerası cəzası verilib.

Onun sözlərinə görə, Polad Aslanov cəza kamerasında saxlanıldığı müddətdə hava şəraitinə uyğun olmayan nazik geyimdə olub. Kamera çox soyuq və yararsız vəziyyətdə olub. Aslanova yazır ki, həyat yoldaşı fiziki zorakılığa məruz qaldıqdan sonra ona tibbi nəzarət göstərilməyib, həkim müayinəsi aparılmayıb.

Müraciətdə qeyd olunur ki, oktyabrın 15-də Polad Aslanov soyuq havada nazik geyimdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Burada da cəza kamerası cəzası davam etdirilib və jurnalist aclıq aksiyasını dayandıran günədək pəncərəsi və istilik sistemi olmayan soyuq otaqda səkkiz gün saxlanılıb.

Gülmirə Aslanova bildirir ki, hadisələr baş verən zaman onun həyat yoldaşı ilə telefon əlaqəsinə də məhdudiyyət qoyulub. O, Penitensiar Xidmətə dəfələrlə müraciət etsə də, nəticə əldə etməyib.

Müraciətdə deyilir ki, Polad Aslanov Müalicə Müəssisəsinə gətiriləndə həkimlər onun üzündə və boynunda zorakılıq izləri görüblər və həmin izlərin fotoşəkillərini çəkiblər.

Aslanova həmçinin Ombudsman Aparatının iki əməkdaşının jurnalistə baş çəkdiyini bildirir. Onun sözlərinə görə, Polad Aslanov döyülməsi barədə əməkdaşlara da məlumat verib, onlar isə jurnalistin bədənindəki izləri fotoşəkillərlə qeydə alıblar.

Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin müraciətlə bağlı mövqeyi məlum deyil.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, bu qaydalardan sonra hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığı barədə məlumatlar yayılıb. Bu da ölkə üzrə narazılıq və etirazlara səbəb olub.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini bildirib. Nazirliyin məlumatına görə, həmin şəxslər ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.

Həmin dövrdə həbsxanalarda hicab məhdudiyyətlərinə etiraz olaraq bir neçə məhbus aclıq aksiyasına başlayıb. Sonradan aclıq aksiyası keçirən məhbusların zorakılıq və işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. Penitensiar Xidmət isə baş verənlərlə bağlı şərh verməyib.

Polad Aslanov da oktyabrın 12-də bu məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

O, 2019-cu ildən həbsdədir. Dövlətə xəyanətdə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib. Jurnalist ittihamı qəbul etmir.

Ana səhifə ▸ Xəbərlər ▸ Həbsdə olan jurnalistin həyat yoldaşı baş prokurora müraciət edib