Müxalifətçilər mühacirlərlə bağlı dindirilib

20 apreldə AXCP sədrinin müavini Gözəl Bayramlı və partiyanın Təşkilat Şöbəsinin sədri Saqif Qurbanov Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində ifadə veriblər. Partiya nümayəndələri bildirib ki, saxta sənədlərlə xaricdə oturum izninin alınması ilə bağlı açılan cinayət işində şahid qismində dindiriliblər. “İstintaqa partiyamızın adından istifadə edən digər şəxslər tərəfindən saxta sənədlərlə xaricdə oturum alanlar barədə məlumatlar verdim. Mənə göstərilən bəzi sənədlər var idi, təsdiq etdim ki, bu sənədlərin AXCP-yə heç bir aidiyyatı yoxdur. Xaricdə oturum almaq üçün bir şəbəkə var və onlar AXCP-nin adından istifadə edirlər”-Gözəl Bayramlı bildirib.

Saqif Qurbanov: “ Bildirdiklərinə görə, əllərində kifayət qədər faktlar var. Əllərində olan faktları araşdırmaqla məşğuldurlar. Görək nəticəsi necə olur”.

Saqif Qurabnovun vəkili Namizəd Səfərov: “Cinayət işi o vaxt açılır ki, kimsə ona qarşı qanunsuz hərəkət törədildiyi üçün şikayət edir. Bugünkü gün elə bir hal yoxdur, yəni bizə məlum deyil. İnternetdəki yazışmalardan bir neçə səhifənin surətin çıxararaq cinayət işinin əsasın qoyublar. Belə aydın oldu ki, keçən ilin axırlarından bu cinayət işi qaldırılıb”.

AXCP sədri Əli Kərimli  istintaqa ifadə vermək üçün 21 apreldə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət olunub. Gözəl Bayramlı bildirir ki, dindirmələr partiyaya qarşı növbəti təzyiqdir.

“Milli Şuranın 8 aprel mitinqi öncəsi YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Əli Kərimlini korrupsiyada ittiham edib ona qarşı cinayət işinin açılmasını Azərbaycan hakimiyyətinə təklif elədi. İfadəmdə də qeyd elədim, orada gördüklərim də onu deyir ki, ümumiyyətlə bu məsələnin AXCP-yə heç bir adiyyatı yoxdur”.

Bu ilin fevralında İstintaq İdarəsinə dəvət olunan Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı və keçmiş başqanı İsa Qəmbərə də xaricdə yaşayan Müsavat Partiyasının üzvləri və digər şəxslərlə bağlı  suallar vermişdilər.

Baş Prokurorluq cinayət işi ilə bağlı məlumat verməyib.

Ana səhifəVideoMüxalifətçilər mühacirlərlə bağlı dindirilib