”Lapşinin həbsi ucuz şoudur”

“Əgər İsrail və Azərbaycan razılaşsalar, biz də onlar istəyən kimi edəcəyik.Onlar razılaşmaq istəmədi. Onda mən də elə vəziyyətdə qaldım ki, Rusiya nəsə istəyir, İsrail nəsə istəyir, bəlli deyil nə. Azərbaycanın istədiyi aydın və bəllidir”-Belarus prezidenti A. Lukaşenko deyib.

2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Belarusda saxlanılan bloqqer Aleksandır Lapşin Bakıya gətirilib. O, Erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur.

Xarici İşlər Nazirliyi bloqqeri Azərbaycanın icazəsi olmadan Qarabağa getdiyi üçün “Arzuolunmaz şəxslər”-in siyahısına daxil edib. Ancaq bundan sonra da o, Azərbaycana gəlib. Nazirlik qeyd edir ki, Aleksandr Lapşin Rusiya, İsrail, Kanada və Ukrayna vətəndaşlığını daşıyır.

“Məlumatlı, bilikli adamlar bilirlər ki, bu bir ucuz şoudur”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, hökumət Qarabağla bağlı məsələlərdə həssaslığını göstərmək istəyir.

“Nəzərə alsaq ki, Lapşin Azərbaycanın hörmət etdiyi və asılı olduğu iki ölkənin vətəndaşıdır (Rusiya və İsrailin Z.Ə.) Lapşinə heç nə etməyəcəklər. Onu bir müddət həbsdə saxlayacaqlar. Təbii ki, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsində Azərbaycan vətəndaşları kimi onu çırpmayacaqlar, döyməyəcəklər, işgəncə verməyəcəklər sadəcə bir az saxlayacaqlar, soruşacaqlar niyə keçmisən? O da deyəcək, Azərbaycandan keçmək mümkün deyil, ona görə keçmişəm. Daha sonra bir məhkəmə quracaqlar. Bizim “sifarişli” hakimlər ki, var hansısa bir hökm oxuyacaqlar, ondan da sonra İsrail və Rusiyanın xahişi ilə onu azad edəcəklər. İlham Əliyev böyük “genişürəklilik” nümayiş etdirib onu azad edəcək. Mən belə fikirləşirəm”.

Blogerin həbsi ilə bağlı danışan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu addımın İlham Əliyevin imicini yüksəltmək üçün atıldığını bildirir.

“Məncə, burada bir razılaşma var. Razılaşma ondan ibarətdir ki, sadəcə formal olaraq o prosedur həyata keçirilir. O, ölkəyə gəlir, burada öz günahını boynuna alır, sərhədi keçməklə, yazıları ilə bağlı başqa tipli ifadələr verir. Azərbaycan tərəfi humanist bir addım ataraq o jurnalisti dost olan Rusiya və İsrail dövlətlərinə təhvil verir, onu buraxır. Hamı da razı qalır. Bu da İlham Əliyevin, yəni prezidentin nüfuzunun artırılmasına xidmət edir”.

İsrail və Rusiya bloqqerin Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar. Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, hər şey sadə deyil, aysberqin görünməyən tərəfləri var.

“İsrail Azərbaycanla çox sıx münasibətdədir. İsrail istəsə, bu adamın başından bir tük əskik olmayacaq. Düşünürəm ki, nə demək istədiyimi anladınız. Ona görə də bu məsələnin üstünə çox getmək lazım deyil.Çünki çox qaranlıq məqamlar var. Aysberqin görünməyən tərəfi çoxdur. Onlar razılaşacaqlar”.

Ana səhifəVideo”Lapşinin həbsi ucuz şoudur”