İki uşaq anası doğuş zamanı vəfat edib

29 yaşlı Zümrüd Günəşova adəti üzrə xəstəxanaya hamiləlik müayinəsinə gedib, lakin Qobustan rayon Mərkəzi Xəstəxanasının həkimi onu doğuşa qəbul edib. 17 oktyabrda təbii doğuşla uşaq dünyaya gətirən ana onu görəndən sonra vəfat edib. Qadının qohumları deyir ki, ölümə səbəb ananın vaxtsız doğuşa götürülməsidir.

İki uşaq anası olan Zümrüdün sağlamlığında indiyədək heç bir ciddi problem olmayıb – qohumları belə deyir. O, hər ay vaxtlı-vaxtında müayinəyə gedib. Hamiləlik dövründə heç bir iynə-dərman yazılmayıb. Gülizə Mikayılova Qobustan rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Kifayət Rzayevanı ölüm hadisəsində günahkar bilir.

Körpə doğuşdan bir gün sonra Bakıdakı Elmi- Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsinə gətirilib. Həkimlər uşağın vəziyyətini ağır hesab edir.

Ginekoloq Kifayət Rzayeva ittihamlarla razılaşmır və ananı hamiləliyinin 39-40-cı həftəsində doğuşa götürdüyünü bildirir. O, ölüm hadisəsinin hansı səbəbdən baş verdiyini bilmir və hadisə ilə bağlı Qobustan rayon Prokurorluğunda ifadə verdiyini deyir.

Səhiyyə Nazirliyindən bildirirlər ki, Zümrüd Günəşovanın ölüm işi ilə bağlı tibbi ekspertizanın rəyindən sonra hər şey aydınlaşacaq. Bu işdə həkim səhvi olarsa, nazirlik həkimi qanun çərçivəsində cəzalandıracaq.

Xəstəxanada uşağı Günəşov adsız Zaur oğlu kimi qeyd ediblər. Doğuşdan sonra uşağın atasının və qohumların başı yasa qarışdığından ona hələ ad qoyulmayıb.

Ana səhifəVideoİki uşaq anası doğuş zamanı vəfat edib