Tarix Hacıyev sənəddən oxuyur:
“Elmar –Tikinti” MMC, “Texniki Təchizat-N”, “Araz”MMC, “BS Kontinental” MMC, “A+R” MMC, “İnşaat Tikinti Kompanii”MMC, “Kross-LTD-KO”MMC”
– Bu şirkətlərin hansı sizə məxsusdur?
-Heç biri mənə məxsus deyil. Hamısı Füzuli rayonunun Vergilər Şöbəsinin rəisinə məxsusdur. Amma vergi rəisi sənəddə təsisçi kimi məni göstərib.
– O, həm də sizin qardaşınızdır ?
-hə, qardaşımdır.
Poçtalyon gətirdiyi hər məktubda Tarix Hacıyevə bir şirkət qazandırır. O, sənədlərdə 7 şirkətin təsisçisidir. Onlardan dördünün (“BS KONTİNENTAL” MMC, “A+R” MMC, “KROSS-LTD-KO” MMC, “İNŞAAT TİKİNTİ KOMPANİİ” MMC) hüquqi ünvanı kimi Tarix Hacıyevin yaşadığı Füzuli rayonu, Zobucuq qəsəbəsi, ev 189 göstərilib.
Tarix Hacıyev ilk dəfə 2013-cü ildə müstəntiq ona zəng edərək, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağıranda adına şirkətin olduğunu bilib. Şirkətlərin hər birinin 4000, 5000, 7000 manat vergi borcu var. Həmin ildən başlayaraq, o, Füzuli-Bakı yolunda get-gələ düşüb. “Qardaşım dedi: “Səhər vəsiqəni götür gəl Beyləqan Vergilər İdarəsinə”. Vəsiqəni götürüb getdim, saat bir idi, gördüm məni pilləkəndə gözləyir. “Hə, gəl bura, keç içəri, vəsiqəni qoy stolun üstünə” -dedi. Bir nəfər də cavan oğlan oturub, o da yazır. “Bura qol çək”, “bura qol çək” stolun da üstündə bir jurnal olur həmişə. Daha sonra bilmişəm ki, bu, nizamnamədir. Mən nə bilim nizamnamə nədir ? “Ora qol çək, bura qol çək, hə, qardaş, gedək notariusa, ondan sonra çıx get evə” dedi. Oradan da mindik onun qara “pradosuna”, getdik notariusa. Orada da “bura qol çək”, “bura qol çək”, hə, qardaş, çıx get evə” dedi. Çıxdım getdim evə. Daha nə müəssisə yarandı, nə oldu, bu, nədir belə, nə olacaq, heç mənim ağlıma gəlmirdi. Marağında da deyildim ki, qardaşımdır də, deyir elə, eləyirəm”-Tarix Hacıyev deyir.
“Proxy şirkətlər” kəliməsi bir neçə ildir Azərbaycan mətbuatında dolaşır. Bu şəbəkə üzvləri gələcəkdə onlara problem yaratmayacaq, az pulla qane olub, onların dediklərin edəcək şəxsləri seçib, adlarına şirkət açırlar. Həmin şəxslər notariusda, bankda, pulköçürmələrində iştirak edib, işin qanuni tərəfini görürlər. Amma şirkətin əsl sahibi başqası olur və pul ona çatır. Elə “proxy” şirkətlər açmağın səbəbi də əsl sahibi gizlətməkdir.
Vergilər Nazirliyinin göndərdiyi sənəddə Tarix Hacıyev bu şirkətlərin təsisçisidir: “Elmar –Tikinti” MMC, “Texniki Təchizat-N”, “Araz”MMC, “BS Kontinental” MMC, “A+R” MMC, “İnşaat Tikinti Kompanii” MMC, “Kross-LTD-KO”MMC. Satınalmalar üzrə Dövlət Agentliyinin saytında göstərilən şirkətlərdən bir neçəsinin tenderdə qalib olduğu yazılıb. 2013-cü ildə “Elmar –Tikinti” MMC Səhiyyə Nazirliyinin elan etdiyi tenderdə qalib olub. Şirkət Sumqayıt şəhər 2 saylı xəstəxanasına dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satınalınması üçün 4136 manat vəsait alıb. 2010-cu ildə digər şirkət “Araz” MMC (Qeyd: bu adla bir neçə şirkətin qeydiyyatı var, dəqiq bilmirəm ki, tenderdə udan odur, ya yox, çünki VÖEN verilməyib) Müdafiə Nazirliyinin tenderlərində toplam 117.177 manatlıq sifariş götürüb. “Kross-LTD-KO”MMC Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin tenderlərindən ümumi 134.472 manatlıq tender udub. Tarix Hacıyev keçirilən tenderlərdən xəbərdar olmadığını deyir
: “Deyirdim, ay Rəşad, ay Füzulinin rəisi bəs axı şirkətlər qaldı. “Heç nə olmaz, sildirəcəm hamısın gedəcək. Bir-ikisi qalıb, onları da sildirəcəm” -deyirdi. Elə on ildir deyir, 2-3 qalıb, sildirəcəm. Necə sildirə bilir? Onu kiməsə satıb, direktor qoyub, qol çəkdirib, ora da möhür vurub. Altdan da mənim adımı yazıb. Mənim adımı yazıb, ora qol çəkirsən, ay Füzulinin vergi rəisi, özün də möhür vurursan, elə öz adını yaz, özün də ora möhür vur. Bəs mənim adımı orada niyə təsisçi kimi göstərirsən?”
Rəşad Hacıyev Füzuli rayon Vergilər Şöbəsinin rəisidir. O, 1950-ci ildə anadan olub. Tarix Hacıyev deyir ki, o şöbə yaranandan qardaşı orada rəis işləyir.
Tarix Hacıyev: “Biri Nərimanovda, biri Razində, biri Qaraçuxurda, biri Mərdəkanda, deyirlər, hələ çox yerdə evi var onun. Elə bu üç-dörd dənə deyil ki”.
– Bəs qardaşınız o pulları nəyin hesabına qazanır?
– Bilmirəm. Məni salıb quyunun dibinə, müəssisəni yaradıb məmim adıma, onun adına, o xalaoğlunun adına, o əmioğlunun adına, hamısını aparıb satıb.
Təsisçini bu il Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə sorğu-suala çağıranda müstəntiq işdə şöbə rəisinin adının keçdiyini eşidincə, izahat almaqdan imtina edib. “Deyir, direktoru, mühasibi çağır bura, borcu ödəsinlər”. Dedim, a kişi, ay qardaş, ay müstəntiq, mən tanımıram bu direktoru, bu mühasibi tanımıram. Onları təyin edən Füzuli rayonunun Vergi Şöbəsinin rəisidir. Onu çağır, desin. “Bu rəisdir, böyük adamdır, yuxarıya danışım görüm, onu bura yazmaq olar?” -dedi”.
Tarix Hacıyev 7 şirkətin təsisçiliyindən çıxmaq istəyir. Bu barədə müraciətinə cavab olaraq Vergilər Nazirliyi məsləhət görüb ki, məhkəməyə müraciət etsin. Tarix Hacıyevin isə vəkilə verməyə pulu yoxdur. Onun qazancı əlilliyinə görə verilən müavinət və məcburi köçkün olduğu üçün aldığı 90 manat çörək pulundan ibarətdir.”Dövlət mənə 90 manat çörək pulu verir. 90 manatla qalıram yollarda. Bir aydır bizim evdə un yoxdur. Əmioğludan, xalaoğludan, burada mağazası var, düşən kimi ondan borc alıram, gedirəm Bakıya, gəlirəm”.
Onun fikrincə, Füzuli şəhərində yaranan bütün müəssisələr qardaşına məxsusdur. O, Rəşid Hacıyevin bir neçə qohumunun adına da şirkət açdığını bildirir. Amma şəxslər razı olmadığı üçün adlarını açıqlamır. Deyir, qohumların heç biri ummur ki, Rəşid Hacıyev onlara bir qəpik versin, deyirlər ki, təki adımızı harasa qeyd edib müstəntiqlərin yanına göndərməsin. “Vergilər naziri Fazil Məmmədova vurduğum teleqramlardır. İkisi-üçü buradadır, ikisi-üçü evdə. Teleqram vur, nə xeyiri var? Füzuli rayonunun vergi rəisi o qədər zəngin adamdır ki, nazirə ha teleqram vur. Dayaqları möhkəmdir, ona heç kim bata bilməz.
Tarix Hacıyevin təsisçi kimi göstərildiyi “KROSS-LTD-KO” MMC və “İNŞAAT TİKİNTİ KOMPANİİ” MMC-də Şamil Əliyev qanuni təmsilçi kimi qeyd olunub. O, hazırda külli miqdarda vergi ödəməkdən yayınmada ( CM 213.2.2) təqsirli bilinərək, həbs həyatı yaşayır. Şamil Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 3-cü ilini çəkir.
“”Təchizat MMC” – ni qardaşımın adına açdılar. Qardaşıma 300 manat maaş söz verdilər. Bankdan pul çəkəndə 20 manat, 10 manat, 15 manat da pul verirdilər. Bir ildən sonra qardaşımı tutdular”- məhbusun qardaşı Samir Əliyev bildirir.
Samir Əliyev deyir ki, qardaşı onu bu işlərə Sumqayıt sakini Əmrah adlı şəxsin cəlb etdiyini, Bakıda Cəbrayıl və Şahoğlan adlı şəxslərlə tanış etdiyini danışıb. Şahoğlan adlı şəxs bu qrupun başçısı kimi təqdim olunub. O, tək-tük hallarda gəlib şirkətin işləri ilə maraqlanır. İşlərə əsasən Cəbrayıl və Əmrah adlı şəxslər nəzarət edir. Şamil Əliyevə 300 manatın qarşılığında deyilən zamanlarda banka onlarla birlikdə gedib, pul köçürmələrinə imza atmalı olduğunu bildiriblər. Ona köçürmə əməliyyatında “şirinliyin” olacaq deyə vəd veriblər. Bu məqsədlə Şamil Əliyevə 13 bankda hesab nömrəsi açılıb.
Sinxron:
– Bankdan pul çəkəndə nə qədər pul çəkirdilər ?
Samir- 500 min, 200 min, 100 min, 250 min, müxtəlif məbləğlər olurdu.
– Bu puldan qardaşınıza nə qədər verirdilər ?
– O puldan qardaşıma 10-15 manat, maksimum 20 manat pul verirdilər.
Bura öz aralarında Şahin deyə tanıdıqları Şahoğlan Əliyevin evidir. Qapını xanımı açaraq, bizə yoldaşının evdə olmadığını və adətən gecələr qayıtdığını deyir. Yoldaşının nə işlə məşğul olduğunu soruşuruq. “Hamı necə, o da elə, ticarətlə məşğuldur. Onun işin mən bilmirəm. Bizim tərəflərdə qadınlar kişidən heç nə soruşmurlar, nə gətirirsə qane olurlar”- deyir.
Şamil Əliyevi “Proxy” şirkət sahibi etməkdə adı keçən Cəbrayıl deyir ki, bu işdə başqa adamın adı çəkilməli idi:
– Şamil Əliyevlə tanış olmusunuz?
– Xeyr. Axı bu nə işdir, mənim adımı niyə verir? Mən kiməm ki? Samir kimin adın bilir, onu versin, mənim adımı niyə verir?
– Kimin adın verməli idi ?
-Mən bilmirəm, xanım.
“Proxy” əməliyyatında iştirak edən digər şəxs Əmrah deyir ki, Şamili onunla Şakir adlı şəxs tanış edib. O isə Şamili Cəbrayılla danışığa yönəldib.
– Siz Şamillə necə tanış olmusunuz?
– Qonşusu gətirmişdi.
– Nə məqsədlə gətirmişdi ?
– Müdir işləməyə.
– Amma onun ali təhsili yox idi. (4:14 hissəsin kəsmək)
-Heç kimi yox idi, nə onun, nə o birisinin …
– Siz özünüz direktor təyin edirsiniz? Sizin yanınıza niyə gətirmişdi?
– Yox, Cəbrayıl onu müdir təyin edib.
– Hara müdir təyin eləmişdi?
– Nə bilim o müəssisənin adını…
– Şahoğlan bəyi tanıyırsınız? Aranızda Şahin deyirlər ona.
– Hə, onu tanıyıram.
– O, nə işlə məşğul olur ?
– Elə odur başçı.
– O, hansı vəzifəni daşıyır?
– Bütün işlərə o baxırdı.
– Sizinlə ünsiyyətdə olurdu ?
– Yox, mənimlə heç kim danışmırdı. Qohumu ilə danışırdı, Cəbrayılla, bibisi oğludur. Mən onun qardaşına (red. Şamilin qardaşı Samir Əliyevi nəzərdə tutur S.V.) tutulanda 10 min pul vermişəm.
– Nəyə görə verirdiniz ?
– Qardaşı dedi ki, işi qurtaracam. 10 min pulu mən şəxsən ona verdim.
– 10 mini sizə kim vermişdi ?
– Şahoğlan.
– Demişdi qardaşına verərsiniz, nəyə görə ?
– İşi qurtarmaq üçün.
– O işi necə qurtaracaqdı ?
– Ay xanım, mən onu bilmirəm. Mən bilmirəm, o nə deyir, demir, amma onun qardaşına bu pul verildi.
Samir Əliyev: “Müstəntiq özü zəng edib məni “kontakt”a çağırırdı ki, gəl, qardaşın şikayət eləməsin. Qardaşım onların hamısının adını vermişdi. Şahoğlan pul verir ki, gedin bu işi həll edin. Müstəntiqə pul verirlər, hakimə pul verirlər. Dedim ki, mən heç yerə gəlmirəm, mən ancaq şikayət edirəm”.
Şamil Əliyevin həbsindən Vergilər Nazirliyinin rəsmi qəzeti “Vergilər” də yazıb. Qəzet yayımlayıb ki, “Təchizat Servis” MMC-nin rəhbəri Şamil Əliyevin 1 milyon 504, 903 manat vergi borcu var. Samir Əliyevin ünvanına gələn məktublarda “KROSS-LTD-KO” MMC-nin vergidən 4000 manat yayındırdığı yazılıb. Müstəntiq deyib ki, 4000 manat ödənilməsə, Şamil Əliyevə qarşı əlavə cinayət işi açılacaq.
“İki qardaş yetimliklə böyümüşük, anamız 1993-cü ildə rəhmətə gedib. Görüblər ki, yaxşı qohumumuz yox, yaxşı adamımız yox, özümüz də savadsızıq… Bizdən qorxmurlar, mənə deyirlər ki, get nə istəyirsən elə. Çox uşaqlar bunların əlindən içəridə əziyyət çəkir. Qardaşım 5 il alıb. 3 il bir aydır yatır. 7 il alan da var, 3 il alan da. Bu iş belədir. Biri hətta içəridə xəstəlikdən ölüb. Vərəm xəstəliyindən nədirsə… Kasıb oğlan olub, yanına gedib-gələn olmayıb, onlar da getməyiblər, ölüb”.
Füzuli Vergi Şöbəsinin rəisi Rəşad Hacıyev “qardaşınız iddia edir ki, onun adına 7 şirkət açmısınız” sualına “yalandır, yalan deyir” deyə cavab verib və telefonu söndürüb.
Vergilər Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Tarix Hacıyevin müraciətləri araşdırılıb. “Araşdırma zamanı T.Hacıyevin təsisçisi olduğu hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanına təqdim olunmuş ərizələrdə ona məxsus imzanın həqiqiliyinin notarius tərəfindən təsdiq edildiyi müəyyən edilib. Vətəndaş T.Hacıyevə izah edilib ki, o, təsisçilikdən imtina etmək istədiyi halda, müvafiq hüquqi prosedurların keçirilməsi üçün ərizə ilə müvafiq vergi orqanına müraciət etməlidir”.
Nazirlik Rəşad Hacıyevin şirkətlərlə bağlı başlanılmış istintaqa dəvət edilib-edilmədiyi ilə bağlı suala cavab verməyib.
Tarix Hacıyevə isə hər ay məktublar gəlir. Poçtalyon artıq bilir ki, hər gəlişində ona bir şirkət “qazandırır”. O, gətirdiyi məktubların qarşılığında şirkət sahibindən nəsə umur da… Tarix Hacıyev isə “adı mənim, dadın özgənin” deyir :
“Mənə deyir ki, səni hər an həbs gözləyir. Dedim, qağa, 60 yaşım var, günümü görüb, dövranımı sürmüşəm, elə həbsdəki kimi yaşayırıq burada. Bu düşərgə, ya türmə, eyni şeydir. Qoy elə o qardaşım sevinsin ki, Füzuli rayonunun vergi rəisi, bunu tutdular”.