“İlham Əliyevin rəhbərlik etdiyi hökumətin yürütdüyü repressiv siyasət şaxələnib”
“Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev son dönəmlər hakimiyyətin yürütdüyü iqtisadi, hüquqi, hərbi, sosial və s. siyasəti sərt, lakin etik və mədəni çərçivədə tənqid edən partiya sədri kimi tanınırdı. Təsadüfi deyil ki, Əli Əliyev həbsə qədər Baş Prokurorluğa dəvət edilərək xəbərdarlıq edilib. Bundan bir qədər sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən jurnalist Elçin Rəhimzadə ilə birlikdə saxlanılıb, ritorikasında dəyişiklik edilməsi tələb olunub, əgər nəticə çıxarılmazsa, daha ağır tədbir görüləcəyi barədə anons verilib”.
Bu fikirlər Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə əksini tapıb.
Komitə ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Komissiyası, Beynəlxalq Amnistiya Təşkilatı, “Human Rights Watch” Beynəlxalq hüquq müdafiə təşkilatı və Norveç Krallığının “İnsan Hüquqları Evi” Fondundan bu məsələni diqqətə almağı xahiş edib.
Müdafiə Komitəsi vətəndaşların düşüncəyə, rəyə, mülahizəyə, ehtimala görə cəmiyyətdən təcrid edilmələrindən, alternativ və tənqidi fikir yayanların qurama ittihamlar əsasında inzibati və cinayət məsuliyyətinə cəlb olunmasını İlham Əliyevin rəhbərlik etdiyi hökumətin yürütdüyü repressiv siyasətin şaxələnməsi sayır: “Ağır şərtlər altında mübarizə aparan fəallar, ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri, sivil toplum təmsilçiləri olaraq insan haqları sahəsində ixtisaslaşan beynəlxalq təsisatların, demokratik institutların, siyasi güc mərkəzlərinin zorakılığa söykənən üsul-idarənin hərəkətlərini qınayan çağırış və müraciətlərinin ləngiməsindən, əməli və adekvat reaksiyaların verilməməsindən, müdafiəsiz buraxılmağımızdan məyusuq”.
Müdafiə Komitəsi təəssüflənir ki, proses boyu Əli Əliyevin cinayət məsuliyyətinin prinsipləri gözlənilməyib: “Xüsusi ittihamçıların və təqsirləndirilən şəxsin məhkəmə qarşısında bərabərliyi, müdafiə hüququ, cinayət mühakimə icraatının əsas prinsipləri, şərtləri, obyektivliyi, qərəzsizliyi, ədalətliliyi təmin olunmayıb, çəkişmə prinsipi kobud şəkildə pozulub. Müdafiə tərəfinə iş materialları ilə tanış olmaq üçün cəmi otuz dəqiqə vaxt verilib. Təqsirləndirilən şəxs Əli Əliyev son söz hüququndan belə məhrum edilib. Əli Əliyevin səhhətinin pisləşməsinə, qan təzyiqinin kəskin qalxmasına baxmayaraq, zəruri tibbi xidmət göstərilməsinə də şərait yaradılmayıb”.
“Müxalif mövqeyi ilə fərqlənən partiya sədrinin qanuni əsas olmadan azadlıqdan məhrum edilməsi hakimin hüquqi iradəsinə söykənən qərar əsasında deyil, birbaşa dövlət başçısı İlham Əliyevin siyasi aktı ilə mümkün olub. Çünki Azərbaycanda hakimiyyətlər arasında balansın qorunmadığı, qanunverici və məhkəmə hakimiyyətinin ali icra hakimiyyətindən asılı olduğu, qanunun üstünlüyünün rəsmi hüquq siyasəti tərəfindən iqnor edildiyi sirr deyil. İnanırıq ki, Əli Əliyevin ehtimallar üzərində qurduğu sözügedən nitqi söz və fikir azadlığına əsaslanır, milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Bu fikirlər Ümmumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu (Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir), Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu (Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir), Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (söz və fikir azadlığı) maddələrinə əsaslanır”, – deyə komitə bəyan edib.
Sənəddə bildirilir ki, ölkədə ifadə azadlığı ciddi basqılar altındadır: “Azərbaycanda getdikcə pisləşən insan haqlarının vəziyyətinə, hakim siyasətin təbliğatçılarından fərqli düşünən vətəndaşların, fəalların, müxalifətçilərin ən yaxşı halda inzibati, ən pis halda cinayət təqibinə məruz qalması halına, ifadə azadlağının xeyli həddə məhdudlaşdırılmasına, demokratik dəyərlərə etinasız münasibət sərgilənməsinə, insanların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququnun əngəlləməsinə, nəhayət, Əli Əliyevin ətrafında cərəyan edən, hüquq və qanunla bir araya gəlməyən proseslərə müdaxilə edəsiniz, mümkün səylərinizi əsirgəməyəsiniz”.
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub.
Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.
Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.