Problemli kreditlər 36,4 faiz artıb

Foto: Sutthiphong Chandaeng\shutterstock

Ölkənin bank sektorunda problemli kredit portfeli sürətlə artır. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair məlumatına görə, ölkədə fəaliyyət göstərən bankların vaxtı keçmiş kreditlərinin həcmi 719,3 milyon manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 36,4 faiz artıb. Problemli kreditlərdə ən böyük artım cari ilin ilk altı ayında qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk altı ayında problemli kreditlərin həcmi cəmi 52,3 milyon manat və ya 11 faiz artdığı halda, cari ilin I yarısında sözügedən borcların həcmi 161,8 milyon manat yüksəlib. Beləliklə, əhalinin banklara qaytarılmayan borcları altı ay ərzində 29 faiz böyüyüb. Ən kəskin artım tempi isə bu ilin iyun ayında qeydə alınıb. Bir ay ərzində problemli kreditlər 84 milyon manat artıb.

Mərkəzi Bankın iyulun 1-nə olan məlumatına görə, ölkədə ümumi kredit portfelinin həcmi 33 milyard 881 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Bir il ərzində ümumi kredit portfeli 12,1 faiz böyüdüyü halda, problemli kreditlərin 36,4 faiz artması riskli kreditlərin ümumi portfeldə xüsusi çəkisinin yüksəldiyini əks etdirir. Nəticədə problemli kreditlərin ümumi kredit portfelində payı 2,1 faizə çatıb.

Banklar tərəfindən verilən kreditlərin böyük hissəsi istehlak kreditlərinin payına düşür. Belə ki, ilin ilk altı ayının nəticələrinə görə, banklar ev təsərrüfatlarına 20 milyard 161,3 milyon manat kredit verib. Bu da ümumi kredit portfelinin 60,5 faizinə bərabərdir.

Kreditləşmədə növbəti yeri real sektor tutur. Bu sahədə ən böyük pay ticarət və xidmət sektorunun payına düşür. İyulun 1-nə olan məlumata görə, həmin sahəyə ayrılan kreditlərin həcmi 4 milyard 600 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 13,6 faizini təşkil edir.

Bankların sənaye və istehsal sektorunun maliyyələşdirilməsində payı isə cəmi 5 faizdir. Kommersiya bankları bu sahəyə 1 milyard 693,6 milyon manat kapital yönəldib.

İqtisadçılar bildirirlər ki, kredit götürənlərin əksəriyyətini dövlət sektorunda sabit iş yeri olan şəxslər təşkil edir. Onlar hesab edir ki, bir il ərzində iş yerlərininin kütləvi şəkildə itirməsi, habelə əməkhaqlarında, gəlirlərində artımın olmaması, eləcə də ərzaq və xidmət sektorunda qiymətlərin bahalaşması əhalinin kredit öhdəliklərini vaxtında yerinə yetirmək imkanlarını zəiflədib. Nəticədə ümumi kredit portfelində problemli kreditlərin həcmi sürətlə yüksəlir.

Ekspertlər hesab edirlər ki, problemli kreditlərin ümumi kredit portfelində payının 2,1 faiz olması beynəlxalq standartlarda nəzərdə tutulan 5 faizlik kritik həddi hələ keçməyib. Bununla belə, problemli kreditlərin artım tempi artıq narahatlıq doğurmağa başlayıb. Onların proqnozuna görə, bu dinamika davam edərsə, ilin sonunadək problemli kreditlərin həcmi 1 milyard manatı keçə bilər.

Məsələ ilə bağlı Meydan TV-yə açıqlama verən iqtisadçı Toğrul Vəliyev bildirir ki, problemli kreditlərin artımı ilə paralel olaraq ümumi kredit portfeli də genişlənir: 

“Problemli kreditləri ötən ilin eyni dövrü ilə müqayisə etdikdə, onların ümumi kredit portfelindəki payının 1,7 faizdən 2,1 faizə yüksəldiyini görürük. Yəni 0,4 faiz bəndi artım var. Bu da ümumi kreditlərin həcminin artması ilə bağlıdır. Bu ilin ilk 6 ayının göstəricilərinə əsasən, ümumi kredit portfeli 34 milyard manata yaxınlaşıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici təxminən 30 milyard manat olub. Müqayisə olunan dövrlər arasında kreditlərin həcmi 4 milyard manat artıb. Əlbəttə, kredit portfelinin həcmi artdıqca problemli kreditlər də artır”.

İqtisadçının sözlərinə görə, vaxtı keçmiş borclar daha çox bank olmayan kredit təşkilatlarının (BOKT) portfelində müşahidə olunur: 

“Hazırkı statistikaya bank olmayan kredit təşkilatlarının məlumatları da daxildir. Onların portfeli nisbətən kiçikdir. Ümumi 34 milyard manatlıq kredit portfelinin 2 milyard manatı BOKT-ların payına düşür. Amma burada qısamüddətli kreditlər üstünlük təşkil edir. Hətta bu istiqamətdə milli valyutada verilən kreditləri müqayisə etdikdə görürük ki, bank olmayan kredit təşkilatlarının kredit portfeli 600 milyon manat, kommersiya banklarının isə 4 milyard manat təşkil edir. Böyük ehtimalla, problem də daha çox buradan qaynaqlanır. Çünki keçən ilin eyni dövrü ilə müqayisə etsək, burada vaxtı keçmiş kreditlərin həcmi ciddi surətdə artıb – 70 faizə yaxın. Uzunmüddətli kreditlərdə bu göstərici cəmi 30 faiz təşkil edir”.

T. Vəliyev hesab edir ki, problemli kreditlərin artımı əsasən qısamüddətli kreditlərdə müşahidə olunur: 

“Düşünürəm ki, bu, daha çox BOKT-larla bağlıdır. Prinsipcə, bu normal vəziyyətdir. BOKT-ların hesabatlarına baxdıqda görürük ki, onların kredit portfelinin əhəmiyyətli hissəsi vaxtı keçmiş kreditlərdən ibarətdir. Bununla belə, bu problemlər onların fəaliyyətinə ciddi təsir göstərmir. BOKT-lar artıq cəmiyyətdə, həyatımızda əhəmiyyətli yer tutmağa başlayıblar. Onların ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz, kommersiya banklarında isə 10 faiz artıb. Artım templəri arasında ən azı iki dəfə fərq var. Belə bir şəraitdə vaxtı keçmiş kreditlərin artımı davam edəcək”.

Lakin iqtisadçı hesab edir ki, problemli kreditlərin həcmi hələlik iqtisadiyyata ciddi təsir göstərəcək səviyyədə deyil: 

“Çünki BOKT-lar hələ də mənfəət əldə edirlər, hətta filiallarının sayını artırır, fəaliyyətlərini genişləndirirlər. Bu baxımdan vaxtı keçmiş kreditlərin həcmi hələ riskli səviyyəyə çatmayıb”.

Ana səhifəİqtisadiyyatProblemli kreditlər 36,4 faiz artıb