İyulun 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Tovuz rayon şöbəsinin fəalı Elmar Piriyev inzibati qaydada 10 sutka həbs olunub.
AXCP-dən Meydan TV-yə verilən məlumata görə, onun həbs olunmasına səbəb sosial mediada tənqidi paylaşımlar etməsi səbəb olub.
Partiyadan bildirilir ki, iyulun 27-dən etibarən fəaldan xəbər almaq mümkün olmayıb. Daha sonra onun həbs olunduğu məlum olub.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.