Əli Əliyev fikirlərinə görə həbs olundu (yenilənib)

Əli Əliyev, Foto: Vətəndaş və İnkişaf Partiyası

Hakim vəkilə və təqsirləndirilən şəxsə müdafiə üçün vaxt verməyib

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub. Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.

Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

Əli Əliyev dekabrın 9-da “Youtube” platformasındakı “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.

Polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilov da buna görə partiya sədrinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Yanvarın 13-də Emil Cəfərovun iddiasına hakim Hüseyn Səfərovun sədrliyilə baxılıb. Səfər saat 11 radələrindən başlayan məhkəmə prosesi 16.00-a qədər davam edib. Günorta nahar fasiləsi zamanı Əli Əliyev nahar etmək üçün məhkəmə binasından çıxmaq istəsə də, ona icazə verilməyib.

Məhkəmədə Əli Əliyevin vəkili Cavadov iş materiallarıyla tanışlıq üçün məhkəmədən vaxt istəyib. Lakin hakim ona cəmi yarım saat vaxt verib.

Prosesin gedişində Əli Əliyevin vəziyyəti pisləşib, təzyiqi yüksəlib, məhkəmə binasına təcili tibbi yardım çağırılıb.

Məhkəmədə partiya sədri bildirib ki, səhhətindəki problemlərlə əlaqədar çıxış edə bilməyəcək. Buna baxmayaraq, hakim prosesi davam etdirməkdə israrlı olub.

Əli Əliyev bildirib ki, normalda məhkəmə ümumiyyətlə, bu cür iddianı icraata götürməməliydi. Çünki şəxs fikir azadlığından istifadə edərək, qiymətləndirici mülahizə irəli sürüb: “Mən siyasətçiyəm, qəza ilə bağlı öz düşüncə və gümanlarımı bölüşmüşəm. Konstitusiya, qanunlar mənə ifadə azadlığı verir. Mən inanmıramsa, bu da mənim fikrimdir. Mən kimsəyə böhtan atmamışam. Heç kimin də adını çəkməmişəm”.

Partiya sədrinin sözlərinə görə, insanın düşüncəsinə görə cinayət təqibinə məruz qalması istər ölkə Konstitusiyası və yerli qanunlar, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla təminat verilən söz və ifadə azadlığına ziddir.

Əli Əliyev vurğulayıb ki, onun çıxışıyla bağlı məhkəməyə təqdim olunan sübut obyektiv deyil. Onun sözlərinə görə, çıxışının bir hissəsi kəsilərək, montaj olunmuş şəkildə məhkəməyə təqdim olunub.

Partiya sədri və vəkilinin etirazına baxmayaraq, hakim Hüseyn Səfərov məhkəmə prosesini bir gündə yekunlaşdırmaqda israrlı olub. Vəkildən müdafiə çıxışı etmək, Əli Əliyevdən də son sözünü demək tələb olunub. Onlar çıxışa hazır olmadıqlarını bildirərək, vaxt istəyiblər.

Hakim onlara vaxt verməkdən imtina edib: “Sadə bir məsələdir, vaxta ehtiyac yoxdur…”

Vəkil Cavad Cavadov hakimin bu cür yanaşmasına etiraz edib: “Sizin üçün sadə məsələdir. Burada insan taleyi həll olunur…”

Müdafiə çıxışı və son söz olmadan hakim müşavirəyə yollanıb və az sonra geri qayıdaraq, Əli Əliyevin 5 ay azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.

Partiya sədrinə qarşı DSX-nın digər zabiti Ramin Ədilovun iddiası isə hakim Rauf Daşdəmirovun icraatındadır. Həmin iddia üzrə məhkəmə prosesi davam edir.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, proses prosessual qanunvericiliyin normalarının pozulmasıyla müşayiət olundu:

“Mənə vəkil kimi hazırlaşmağa imkan verilmədi. Əli Əliyevin səhhəti pisləşdi. Təzyiqi 220/130 idi, buna baxmayaraq, hakim təkidlə prosesi davam etdirdi. Bizi danışmağa qoymurdu. Faktiki nə biz vəkillər çıxış elədik, nə Əli Əliyev son sözünü dedi. Prosesin gedişi də göstərirdi ki, belə bir hökm veriləcək. Hətta Əli Əliyevə nahar fasiləsində gedib çörək yeməyə də imkan vermədilər. Görünürdü ki, artıq sifariş verilib. Bircə o qalmışdı ki, məhkəmənin hakimi vəkilləri döysün. Audio və videoçəkiliş aparılır, ədliyyə naziri, Ali Məhkəmənin sədri götürüb baxsın, görsünlər ki, məhkəmədə nələr baş verirdi. Sifariş gələndə gözlərinə heç nə görünmür. Səhhətinə görə çıxış edə bilmir. Deyir ki, özünüz bilərsiz, danışmırsız, danışmayın”.

Vəkil bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək: “Biz hüquqi müdafiə vasitələrindən istifadə edəcəyik, başqa yol yoxdur”.

Cavad Cavadovun sözlərinə görə, müdafiə tərəfi digər iddianın da eyni icraatda birləşdirilməsini və birlikdə baxılmasını istəmişdi. Vəkil deyir ki, qanun da, məntiq də bunu tələb edirdi. Lakin bu barədə vəsatət təmin olunmayıb. Müdafiəçi istisna etmir ki, digər iddiaya baxılanda Əli Əliyevə verilən cəza daha da ağırlaşdırıla bilər.

Ana səhifəXəbərlərƏli Əliyev fikirlərinə görə həbs olundu (yenilənib)