Dərbənddə saxlanılan azərbaycanlılar buraxılıb


“OMON-çular tökülüşdü obyektə, 200-ə yaxın adamı apardılar”

Dərbənddə saxlanılan azərbaycanlılar buraxılıb. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumata verilib. Bildirilib ki, səfirlik məsələ ilə əlaqədar Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.

Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də fevralın 9-da Dağıstan Respublikasının Federal Miqrasiya Xidmətinin Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.

Fevralın 13-də “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev səfir Polad Bülbüloğlu ilə telefonla danışıb və məlumatı təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan vətəndaşı belə yoxdur.

Saxlanılanlardan bir neçəsinin Meydan TV-yə verdiyi məlumata görəsə, Miqrasiya Xidmətinin həbs etdiyi azərbaycanlıların sayı 400-ə yaxındır və onlar 1 gün deyil, 4 gün saxlanılıblar.

Adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, onlar sənədlərinin qaydasında olmamasına, vaxtından artıq ölkədə qaldıqlarına görə saxlanılıblar:

“Biz inşaatda işləyirik. Səhər saat 9 olardı, OMON-çular tökülüşdü obyektə, 200-ə yaxın adamı apardılar. Yoldan, obyektdən, Miqrasiya Xidmətinin həyətindən qaçan da oldu. Aramızda sənədləri qaydasında olanlar da vardı. Hamını qatmışdılar bir yerə. 3 gün ac-susuz döşəmənin üstündə yatdıq. Patentin olanların pasportunu veriblər. Patenti olmayanların isə sabah məhkəməsi olacaq. Deyirlər, rus dilində imtahan verib patent almalısan. Rus dilini bilmirəm, necə imtahan verim? Biz də gəlmişik bir tikə çörək qazanaq. Kreditimiz var, necə ödəyək bəs?”

Saxlanılan şəxs deyir ki, orada olduqları müddətdə onlarla səfirlikdən heç kim maraqlanmayıb. Yalnız problem işıqlandırıldıqdan sonra münasibət bildirilib.

Ana səhifəVideoDərbənddə saxlanılan azərbaycanlılar buraxılıb