Dəli çayın ”dəliliyi” kəndliləri küçədə qoyub


Mazıx kəndindəki evlər, tövlələr, fındıq bağları, quşçuluq təsərrüfatları suyun altında qalıb

“Evlərimizi, həyətlərimizi, tövlələrimizi su basıb. Heç yaxın düşəsi deyil. İkinci gecədir bu soyuqda əynimizdə kürkümüz, yorğana bürünüb küçədə otururuq”.

Bunu Meydan TV-yə Zaqatalanın Mazıx kəndinin sakinləri deyir.

Aprelin 13-dən 14-nə keçən gecə və ayın 14-də rayonda güclü leysan olub. Nəticədə bir neçə kəndin ərazisindən keçən Dəli çay daşıb və yaxınlıqdakı yaşayış yerlərini su basıb. Mazıx kəndinin sakinlərinin deməsinə görə, təqribən 200-yə yaxın fərdi həyətyanı sahə və ev su ilə dolub. Bəzi evlər qəzalı vəziyyətə düşüb.

Kəndli zərərdən necə çıxacağını bilmir

Mazıx kəndi Zaqatala-Balakən yolunun yaxınlığında yerləşir. Təqribən 1500 əhalisi var. Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır. Kənd sakini Vahid Məmmədova məxsus fındıq bağını su basıb. Həyətindəki şəxsi quşçuluq təsərrüfatı da sel sularının altında qalıb:

“Bu zərərdən necə çıxacağımı bilmirəm. Qardaşımın iri bostan sahəsi də suyun altında qalıb. Evlərimizin içərisi su ilə dolub, divarlarda yarğanlar əmələ gəlib. Bir sözlə, batmışıq”.

Suçəkən nasoslar lazımdır

Şükufə Mirzəyeva deyir, evə dolan su boşaldılmayıb və hələ də azyaşlı övladları ilə küçədə qalıb:

“Nasoslar lazımdır ki, su çəkilsin. Hələ ki, ev suyun içindədir. Yorğan-döşəkdən tutmuş paltarlarımıza kimi hamısı suyun altında qalıb. Həyət, tövlə – bir sözlə, hər şey suyun altındadır. Kömək istəyirik”.

Mazıx bələdiyyəsindən bildirilib ki, leysan nəticəsində iri və xırda dağ çaylarında suyun səviyyəsi qalxıb və çay məcrasından çıxıb. Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də xeyli evi və həyətyanı sahələri su basıb, fərdi təsərrüfatlara ziyan dəyib. Ancaq daha çox Mazıx zərər çəklib.

Rəsmi qurum: Komissiya üzvləri ərazidədir, bütün tədbirlər görülür

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, leysanla əlaqəli kəndlərdə kəsilən elektrik enerjisi aprelin 15-də bərpa olunub: “İki gündür rayonun Fövqaladə Hallar Komisiyası ərazidədir, texnikaların köməyi ilə həyətyanı sahələrdən və evlərdən suların çəkilməsi ilə məşğul olurlar. Təsərrüfatlara dəyən zərərlər araşdırılır. Nəticə ilə bağlı rəsmi saytımıza məlumat yerləşdiriləcək”.

Mazıxlılar deyir, Dəli çayın əvvəllər də “dəliliyi” tutub. Ancaq zərər bu miqyasda olmayıb. Hətta kəndlilər rəsmi qurumlara çay kənarında bəndbərkitmə işləri aparılması üçün müraciətlər də ediblər. Onlar kənd təsərrüfatlarının və əmlaklarının su altında qalmaması üçün qabaqlayıcı tədbirlər görülməsini tələb ediblər. Demələrinə görə, müraciətləri cavabsız qalıb.

Ana səhifəVideoDəli çayın ”dəliliyi” kəndliləri küçədə qoyub