“Rusiya dərhal qoşunlarını Ukrayna ərazisindən çəkməlidir”
Fevralın 25-də D18 Hərəkatının üzvləri Bakıdakı Ukrayna Səfirliyi önündə Ukraynaya dəstək aksiyası keçirib.
Aksiya təşkilatçıları bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsi yolverilməzdir və heç bir hüquqa əsaslanmır: “Biz Rusiyanın işğalçı siyasəti ilə bağlı bəyanat hazırlamışıq. Qərara gəlmişik ki, dost və qardaş Ukraynaya dəstək olaq”.
Aksiyanın bəyanatında bildirilir ki, D18 Hərəkatı Rusiyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə müdaxiləsinə qarşıdır: “Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edib. Açıq müharibəyə başlayıb. Əvvəlcə qondarma Donetsk və Luqans “respublikaları”nın müstəqilliyini tanıdı. Bununla da işğalçı siyasətinə start verdi. Ümumiyyətlə, Rusiya daim qonşuluğundakı dövlətlərə qarşı işğalçı mövqedə olub. Bir neçə il öncə qonşu və qardaş Gürcüstanın torpaqlarını da işğal edib. Bizlər imperialist güclərə qarşı birləşməliyik və onların suverenliyimizə müdaxilə etməsinə imkan verməməliyik”.
Səslənən bəyanatda daha sonra vurğulanıb ki, Rusiya dərhal qoşunlarını Ukrayna ərazisindən çəkməlidir: “Ukraynanın ərazi bütövlüyünü tanımalıdır. Ukrayna hazırda ərazi bütövlüyü uğrunda mübarizə aparır. Biz Ukrayna xalqı ilə həmrəyik və onlara dəstəyik”.
Daha sonra iştirakçılar “Slava Ukraine” (“Ukraynaya zəfər”) şüarı səsləndiriblər.
Aksiyaya hər hansı müdaxilə baş verməyib. İştirakçılar sonda bəyanatlarını Ukrayna Səfirliyinə təqdim ediblər.
Sonda isə iştirakçılar “yaşasın azad və demokratik Ukrayna” şüarı ilə aksiyanı bitiriblər.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirən bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.
Həmçinin bəzi ölkələrdə Ukraynaya dəstək aksiyaları təşkil edilib.
Azərbaycanın paytaxtı Bakıda, Gürcüstanın Tbilisi, Batumi və digər böyük şəhərlərində, Almaniyada, Böyük Britaniyada, Çexiya Respublikasında və nəhayət, Rusiyanın Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərində də insanlar küçələrə çıxıb.
Onlar Ukraynaya dəstəklərini, müharibə istəmədiklərini ifadə ediblər.