Avropaya üz tutanlar da əsasən qadınlar və uşaqlardır
Rusiya raketlərinin paytaxt Kiyevi vurmasından sonra müharibədən qaçan minlərlə insan Polşa, Rumıniya, Macarıstan və Slovakiyaya axışır.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləyə başlamasından bir gün sonra Ukrayna hökuməti 18-60 yaş arası kişilər üçün ölkədən çıxışı məhdudlaşdırıb.
Odur ki, Avropaya üz tutanlar da əsasən qadınlar və uşaqlardır.
“Reuters” Polşanın yerli mediasına istinadla yazır ki, insanlardan bir qismi soyuq havada Polşanın cənubundakı Medykaya keçmək üçün 16-18 saat gözləyib.
Sərhəd rəsmiləri fevralın 24-də Ukraynadan Polşaya 29 min insanın keçdiyini açıqlayıb.
Onlardan nə qədərinin evlərinə dönən əcnəbilər, nə qədərinin müharibə qaçqınları olduğu bəlli deyil.
Polşa daxili işlər nazirinin müavini Pave Szefernaker bildirib ki, Ukraynada hərbi xidmətə çağırış yaşlı kişilər saxlanıldığı üçün ukraynalı avtobus sürücüləri sərhədi keçə bilmirlər.
Polşanın cənubundakı Podkarpakye bölgəsinin sözçüsü Micha Mielniczuk isə gələn insanlara müvəqqəti yaşayış yerinin təklif edildiyini söyləyib.
O, PAP xəbər agentliyinə bildirib ki, gələnlərin böyük əksəriyyət isti yemək aldıqdan sonra Polşanın başqa yerlərinə getməyə davam edir.
Hadisə yerində olan insanların “Reuters”ə bildirməsinə görə, Rumıniyanın şimal sərhəddində qadınlar həyat yoldaşları və ya sevgililəri ilə vidalaşarkən ağlayıblar.
Vidadan sonra isə Siqhetu Marmatieiyə keçmək üçün yola düşüblər.
Rumıniyadakı yerli KİV-in məlumatına görə, avtomobillər Dunay çayı üzərindən Moldova ilə Qara dəniz arasında yerləşən İsaccea şəhərinə gedən bərəyə minmək üçün gözləyəndə uzun növbələr yaranıb.
Slovakiya hakimiyyəti insanları qan verməyə və ordu və ya NATO-nun istifadəsi üçün ayrılmış 5380 çarpayılıq xəstəxanalar qurmağa çağırıb.
Mərkəzi Avropada, NATO-nun şərq cinahında isə könüllülər sərhədlərdən gələn insanları mənzil və nəqliyyatla təmin etmək üçün sosial mediada postlar paylaşıb.
Fəallar həmçinin insanları yemək və isti içki ilə təmin edən məntəqələr yaradıblar.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Bundan sonra Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirilib və bundan qorxan dinc əhali Kiyev də daxil olmaqla, şəhərləri tərk etməyə başlayıb.
Fevralın 24-də Kiyevdən çıxmaq istəyən avtomobillər böyük tıxac yaradıb.
Rusiyanın Ukraynaya müdaxiləsini Qərb ölkələri pisləyib. Buna görə Rusiyaya sanksiyalar tətbiq ediblər və bildiriblər ki, Putinin buna görə cavab verəcək.