“Azərbaycan hakimiyyətinin Rusiya ilə müttəfiqliyi xalqın iradəsini əks etdirmir”
Siyasi fəal Elman Quliyev və Monitor TV-nin rəhbəri Orxan Baxışlı Bakıdakı Rusiya səfirliyi önündə etiraz aksiyası keçirib.
Səbəb Rusiyanın Ukrayna ərazisinə qoşun yeritməsi və belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə müttəfiqlik sənədi imzalamasıdır.
“İmzalanan razılıq, sənəd Azərbaycan xalqının iradəsi xaricindədir. Aparılan siyasətdən belə görünür ki, Rusiya Azərbaycan hakimiyyətini idarə edir. Biz isə azərbaycanlı gənclər olaraq həm Azərbaycan hakimiyyətinin, həm də Rusiyanın apardığı siyasətə etiraz edirik”, – deyə Elman Quliyev bildirib.
Orxan Baxışlı isə deyib ki, imzalanan sənəd, bu gün Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz olaraq bəyanat hazırlayıblar. Onu həm də rus dilinə tərcümə ediblər: “Həmin bəyanatı Rusiya səfirliyinə vermək istəyirik. Bilsinlər ki, etdikləri ilə heç razı deyilik. Üstəlik, anlaşılmayan xeyli məqamlar var”.
“Rusiya 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistana tam dəstək verdi. Azərbaycan hakimiyyəti isə bu hadisədən sonra Rusiya ilə müqavilə imzaladı. Bu, nə dərəcədə doğrudur? Biz illərdir Rusiyanın təzyiqi altından çıxmağa çalışırıq. Azərbaycan hakimiyyəti isə hərləyib, fırladıb bizi Rusiyadan asılı edir”, – deyə o qeyd edib.
Elman Quliyev bu gün Rusiyanın diplomatiya dilini yox, müharibəni seçdiyini və addımının zorakı olduğunu deyib. Bundan sonra o, səfirliyin önündə hazırladıqları bəyanatı səsləndirib.
Polis aksiyaçılara müdaxilə edib.
Bildirib ki, əvvəlcə özlərini təqdim etsinlər, sonra etirazlarını bildirərlər. Lakin polis sonra aksiyaçıların hazırladıqları bəyanatı səfirliyə təqdim etməsinin qarşısını alıb.
Aksiya keçirən Elman Quliyevə güc tətbiq edərək ərazidən uzaqlaşdırıb.
Fevralın 22-də prezidentlər Vladimir Putin və İlham Əliyev Moskvada “Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb.
Bundan bir gün sonra fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verdi.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov bildirib ki, 22 fevralda imzalanan Moskva Bəyannaməsi Azərbaycanın hər hansı hərbi toqquşmasız, ağrısız olaraq Rusiyanın hərbi boyunduruğuna girməsini hədəfləyib