”Camaat acından qırılır”

Yeni ildə əhalinin gəlirində hər hansı artım müşahidə edilmir. Bəs gündəlik xərcində necə, dəyişiklik varmı? Bunu öyrənmək üçün bazarlara üz tutduq. Öncə Sabunçu bazarna baş çəkdik. Alver necə gedir, insanlar nəyi ala bilir, nəyə pulları çatmır deyə soruşduq


“Gələn 20 qəpiklik şor istəyir, alver yoxdur”.

40 ilə yaxındır Sabunçu bazarında işləyən Bəsti Xəlilova belə deyir. O, daha bazarın əvvəlki bazara oxşamadığını, insanların alver etmək üçün pul tapmadığını söyləyir.

Sabunçu bazarında alıcı da, satıcı da eyni sözü deyir: “Pulumuz yoxdur. Nə almağa, nə də satmağa”. Bildirirlər ki, ard-arda olan iki devalvasiya bazarları müştərisiz qoyub. Alıcılar qiymətlərin bahalanmasından narazıdır, amma günahı satanlarda görmürlər.

“Qiymətlər kəllə-çarxdadır. Ucuz olsa, camaat alardı. Qiymətlər çox bahadır. Satıcı yazıq nə etsin? Gedib elə alıb gətirir ki, baha satmağa məcbur olur. O da öz ailəsini dolandırmalıdır”.


“Nə edəcəyik? Bahalıqdır. Kasıb təbəqə yaşaya bilmir”.

Satıcılar əvvəlki illərə baxanda qiymətlərin qalxdığını, alverin də zəiflədiyini deyirlər. Ancaq birtəhər ailələrinə pul apardıqlarına görə bu duruma da şükür deyib keçirlər.

“Əsasən soğan bahalaşıb. Soğanın topdan satışı əvvəl 30-23 qəpikarası olardı. İndi 55 qəpikdir. Qışın bu vaxtı isə pomidorun qiyməti 1-1 manat 50 qəpik civarındadır. Amma pomidoru kimdir alan? Camaat kələm turşusu qoyub azdan-çoxdan yeyir”.

Metronun “28 May” stansiyası yaxınlığında yerləşən “Xırda bazar”da isə alıcı gözə dəymir. Bu bazarda satıcılar müştəri görəndə sevinir. Elə işlərinin çoxu da səhərdən axşamacan piştaxtanın arxasında oturub müştəri yolu gözləməkdir.

“Yeri gələndə qiymətlər baha deyil. İstəyirik hamı gəlib mal ala bilsin. Camaatda pul olmdığından gəlib-gedən də yoxdur. Kimi dindirirsən, deyir, pulu yoxdur”.

Ana səhifəVideo”Camaat acından qırılır”