Azad insan: azərbaycanlı rəssamın guşənişin və yazıçı olma hekayəti

Üç il əvvəl azərbaycanlı rəssam Fərhad Yalquzaq qəfildən işini atıb, ailəsini şəhərdə buraxıb, əşyalarını başqalarına paylayaraq meşəyə çəkildi.

Bu barədə yerli mətbuat çox yazdı, sosial şəbəkələrdəki istifadəçilər isə müxtəlif ehtimallar irəli süürdülər: kimi rəssamın bu yolla diqqət çəkmək istədiyini iddia etdi, kimlərsə də fikirləşdi ki, o, sadəcə dəli olur. Uzun müddət rəssamdan xəbər-ətər çıxmadı, ancaq hərdən dostları onun hansısa meşədə bir komada yaşadığını yazırdılar.

Bu gün o, bunların necə baş verdiyini və bu yolda nələrlə qarşılaşdığını Meydan.TV-yə danışır.

Художник Фархад Ялгузаг
Rəssam Fərhad Yalquzaq

Düşündüm ki, rəssam kimi də, insan kimi də tükənirəm

Fərhad Qəbələdə doğulub, Bakıda böyüyüb və təhsil alıb. Yaradıcılığa olan yanğısına baxmayaraq, o, düz iyirmi il tamam başqa sahədə işləyib – “British Petroilium” (Bp) adlı neft nəhənginin Azərbaycan nümayəndəliyində. Hətta burda mühafizə şöbəsinə rəhbərlik də edib.

Fərhad deyir ki, rəsmlərini boş vaxtlarında çəkirdi. Amma zamanla bu boş vaxtı tapmaq çətinləşirdi – o biri, zövq almadığı işi getdikcə daha çox güc və vaxt tələb edirdi.

“Getdikcə dostlarımla görüşməyə, kitab oxumağa, əlimə fırça almağa vaxtım olmurdu. Müqaviləyə görə, telefonum 24 saat açıq olmalı idi – sakitlikdə düşünmək, tənhalığa çəkilmək imkanım heç yox idi. Bir məqamda düşündüm ki, rəssam kimi də, insan kimi də tükənirəm”.



Robinzon Kruzo kimi

Fərhad yorulub tükəndikcə, uşaqlıq arzusu barədə daha çox düşünüb:

“Uşaqlıqdan Robinzon Kruzo kimi yaşamaq istəyirdim – tamamilə tək, məsələn, bir meşədə. İstəyirdim ki, ətrafımda nə sivilizasiya olsun, nə adamlar. Ancaq təbiət, vəhşi heyvanlar və mən…”

Bu arzu uzun illər imkansız kimi görünüb, amma sonra məlum olub ki, onu gerçəkləşdirmək üçün işdən çıxıb, “Facebook”da elan vermək kifayət imiş. Belə gəlirli işdən getmək fikrini dostlarının çoxu başa düşməsə də, meşəylə bağlı ona kömək edə biləcək adamı gələcək guşənişin sosial şəbəkələrdə çox tez tapa bilib.

“Təkcə çantanı çiyninə at, gəl, mən sənin yerləşməyinə kömək edərəm” – deyə yazan adam, Fərhadın “Facebook”dakı dostlarından biri, özü də meşəbəyi idi.

Amma Fərhad çiyin çantasından və xüsusi meşə paltarından başqa özü ilə balta, mişar, bıçaqlar, fənər, çadır da götürüb. Xeyli yarımfabrikat və konserv tədarükü görüb.

O, əşyalarını, kitablarını, rəsm əsərlərini tanışlara paylayıb. Sonra da uzaq kəndlərdən birinə yollanıb – meşəbəyi dostu onu orada gözləyirdi.

Onlar birlikdə dağ yerləri üçün nəzərdə tutulmuş maşına minərək, daha onlarla kilometr irəliləyiblər. Nəhayət, meşə başlayanda, Fərhadgil atlara minərək meşənin dərinliklərində yerləşən köhnə bir komaya gedib çıxıblar. Burdan ən yaxın yaşayış məskəninə az qala yüz kilometrlik məsafə olub.



Ən vacib olanlar

«Ora gedənə qədər elə bilirdim ki, odun qırıb, özümə koma tikməli olacam. Amma məlum oldu ki, koma da var, içində yaşamaq üçün lazım olan hər şey də – çarpayı, masa, kətil, qab-qacaq, lampa, mazut…”

Səhəri gün meşəbəyi dostu və digər bələdçilər ona burda yaşamaqla bağlı təlimatlar verib, atı da onun yanında qoyub, rəssamı meşədə tək buraxıblar. Fərhad meşədə tamam tək qalıb.

“İlk günlər çox qorxurdum, üşənirdim. Gündüzlər sükut, gecələr vəhşi heyvanların səsi məni dəhşətə gətirirdi. İstəyirdim, telefonu açım, dostuma zəng edim və deyim ki, gəlib məni burdan aparsın. Amma nəsə vardı ki, məni saxlayırdı, nədənsə fikirləşirdim, bu hal keçicidir. Bir az gözləmək lazımdı, hər şey yoluna düşəcək”.

Fərhad yanlmayıb – ən çətini elə ilk günlər imiş. Sonra o səhər sübhdən oyanmağı, bulaqdan su gətirməyi, burda çoxlu kitab oxumağı öyrənir. Tam təklik, yeni şərait, boş vaxt bolluğu, əvvəllər oxumaq imkanı tapmadığı kitablar – bütün bunla əsl ilham mənbəyi olur və Fərhad yaradıcılığa başlayır, təkcə rəsm çəkməklə qalmır, həm də kitab yazır. Sonra o, kitabının adını “Orman adamı” qoyacaqdı…

Beləcə, rəssam 8 ay meşədə tək yaşayıb. Onun yığdığı, meşədəki ərzaqlarına, şəhərdə qalan yoldaşı və qızına qoyub gəldiyi pullar ancaq bu qədər müddətə çata bilib.

O, meşədən qayıtmaq istəməsə də, buna məcbur idi: Fərhad qərara gəlir ki, qazanc üçün şəhərə qayıtsın. Bu qazanc yerini tapmaq guşənişin rəssama elə də asan olmayıb, amma “Orman adamı”adlanan kitabını nəşr etdirə və bir müddət kitabdan gələn qazancla dolana bilib. “Orman adamı” uğurlu alındı deyə, Fərhad növbəti iki cildi də yazır.

Ailəsi üçün bir qədər pul topladıqdan sonra o yenidən meşəyə gedib. Amma bu dəfə Rusiya meşələrinə. Burda o, cəmi iki ay qala bilib. Çünki orda meşə də başqa, iqlim də daha sərt idi.

İndi Fərhad yenə Azərbaycandadır və ilk guşənişinliyi zamanı ilhamlandığı rəsmlər silsiləsinin üzərində işləyir. Nəşriyyatlardan birindən sifarişlər götürərək, ingilis və rus dillərindən ədəbi tərcümələr edir. Daimi qazanc gətirəcək iş axtarır. Amma həm də meşəyə qayıtmağı arzulayır.

“Çoxuna bu hərəkətim – mənə yüksək gəlir gətirən, yaşlananda yaxşı təqaüd vəd edən işdən getməyim ağılsızlıq kimi görünür. Onlar düşünür ki, axı mən bunu nəyin naminə etmişəm. Çoxu bunu anlamır, amma mənim bu suala cavabım var. Əvəzində özümü bir azad yaradıcı adam kimi hiss elədim, təzələndim, yeni mövzular tapdım. Ən başlıcası, özümü indi də azad adam kimi hiss edirəm, vaxtımı idarə edirəm, telefonumu nə vaxt söndürüb, nə vaxt açacağıma, dostarla nə zaman görüşüb, əlimə nə vaxt fırça alacağıma özüm qərar verirəm”.

Ana səhifəVideoAzad insan: azərbaycanlı rəssamın guşənişin və yazıçı olma hekayəti