20 Yanvar xatirəsi: ”Həkimə belə güllə atdılar”

“Qərənfil gözəl güldür, əkib-becərilməsi çətin olsa da. Gülün təbii gözəlliyinə baxıb deməzsən ki, ondan ancaq yaslarda istifadə olunur. Təxminən, 6 yaşım vardı. Kəndimizdə qərənfil əkilir, Rusiyaya ixrac olunurdu. 20 yanvar hadisələrindən sonra qərənfil matəm gülü hesab olunur. Biz də yetişdirdiyimiz qərənfilləri belə mərasimlərdə satırıq”-Maştağa sakini, gülçü Kamal Quliyev deyir.

1990-cı il, 20 yanvar tarixində Rus ordusunun Bakıya qəfil hücumu ilə dəyişir qərənfilin taleyi.

147 nəfər öldürülən, 800-ə yaxın yaralanan və yüzlərlə həbs edilən insanın taleyi kimi. Həmin günün şahidi Maştağa sakini Balağa Ələkbərov baş verənlər heç unutmadığını deyir: “Rusiyadan gözləmədiyim işdi. Bir çavuşu mənim gözümün önündə vurdular. Bir də həkimi… Yaralının dalınca gələn həkimə güllə atdılar. Güllələr başımızın üstündən elə gedirdi ki, biz elə bir şey görməmişdik. Dinc əhali idi. Adicə biri eyvandan səsə baxdı, ona güllə atdılar”.

Bu gün baş verən faciənin 28-ci il dönümüdür. Hər il yanvarın 20-si Bakı qərənfillə matəmə bürünür. Yaxında, uzada yaşayan insanlar şəhidləri ziyarətə gəlirlər. “Getməsəm, evdə otura bilmərəm. Nə qədər canımda can var, gedəcəm. O günlər getsin, bir də gəlməsin” – Zeynəb Sadıqova deyir.

Ziyarətə gələn bir sıra müxalifətçinin xiyabana keçmələrinə əngəl törədilib. Partiya üzvləri deyir ki, xiyabana çətinliklə keçiblər. Ziyarətə gələnlərin əllərindən qərənfil əskik olmur. Sanki qərənfil də bu günü təmsil edən gül olduğu üçün başını uca tutur…

Ana səhifəVideo20 Yanvar xatirəsi: ”Həkimə belə güllə atdılar”