779 şəxs sosial yardım almaqdan məhrum edilib

Sual yaranır: İşsiz adamın yardıma daha çox ehtiyacı olmurmu?

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


İqtisadçı: “Deməli, bu adamlar cüzi gəlirlərdən də məhrum olub, sosial yardıma möhtac qalıblar”

779 vətəndaşın ünvanlı sosial yardım almaq hüququ dayandırılıb. Səbəb saxtakarlıq faktının aşkar edilməsidir.

Məlumatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

yayıb.

Nazirlik sosial yardımın təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmalara başlayıb. Açıqlanan məlumatda bildirilir ki, təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb. Müəyyən edilib ki, 779 vətəndaşla olan 855 halda 206 işəgötürən tərəfindən bu il yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb. Həmin müqavilələrə çox qısa müddətə xitam verilib:

“Bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə bildiriş elektron sistemə daxil edildikdən bir neçə saat sonra xitam verilib. 37 müqavilə 1, 20 müqavilə 2, 35 müqavilə 3, 28 müqavilə 4, 19 müqavilə isə 5 gün qüvvədə qalıb. Həmin şəxslərə sosial yardım təyinatı aparıldıqdan sonra müqavilələrinə xitam verilib”.

Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib:

“Həmin müqavilə bağlanılanların hamısı sosial yardım təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanıb”.

İqtisadçı Nemət Əliyev deyir ki, yardımı yeni kəsilən 779 nəfərlə birgə son 3 ildə sosial yardımı dayandırılanların sayı 467 min nəfərə çatıb:

“Nazirlik deyir ki, yardımın təyinatı zamanı şəffaflığı və ünvanlılığı təmin etmək adı ilə araşdırma aparıb. Məncə, nazirlik faktlardan düzgün nəticə çıxara bilməyib. Qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarıb. 779 nəfəri əmək müqaviləsinə qısa müddətdə xitam verilməsi səbəbilə yardım almaq hüququndan məhrum edib. Sual yaranır: İşsiz adamın yardıma daha çox ehtiyacı olmurmu?”

İqtisadçı deyir ki, əslində ünvanlı sosial yardım alanların əmək müqavilələrinə xitam verilməsi faktlarından başqa nəticələr də çıxarmaq olardı:

“Həmin 779 nəfər sonuncu iş yerlərini də itiriblər. Deməli, bu adamlar cüzi gəlirlərdən də məhrum olub, sosial yardıma möhtac qalıblar. Həmin 779 nəfər “aztəminatlı ailələr” statusundan “tam təminatsız ailələr” statusuna eniblər. Deməli, ehtiyacları daha da artıb”.

Nemət Əliyev əlavə edir ki, nazirlik məsələnin çox vacib olan, həssas tərəfinə diqqət yetirməyib. O insanlara verilən müavinətlərin həcmi itirilən gəlirlərin ölçüsündə artırmalıydı:

“Çünki onların ehtiyac meyarı ilə orta gəlirləri arasındakı fərq çoxalıb. 2019-cu ildə bu göstərici 143 manatdır. Bir sözlə, demək istəyirəm ki, indi o insanların heç bir gəliri yoxdur. Onların sosial yardımları artırılmalıydı, ancaq kəsilib”.

Nemət Əliyev
Nemət Əliyev

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 11 rayon şöbəsinin rəhbəri işdən azad edilmişdi. Səbəb sosial yardımın verilməsində

''sövdələşmə''lər

in olması idi.

Meydan TV-nin bölgələrdən olan reportajlarında insanlar dəfələrlə işsizlikdən, kasıblıqdan danışıblar. Onların əksəriyyəti sosial yardım almaq üçün müraciət də ediblər. Məsələn,

Ucarın Rəstəcə kəndi

ndə yaşayan Cahangirovlar ailəsi dəfələrlə sosial yardıma müraciət etdikləri halda, ala bilməyiblər.

Ailə 6 nəfərdən ibarətdir. Heç kim çalışmır, 4 uşağı çox böyük çətinliklə məktəbə göndərə bilirlər. Aylıq gəlirləri olmayan ailə sosial yardımdan da əlini üzüb.

Goranboyda yaşayan

Xəyalə və Sənan Əsədovlar

isə 2007-ci ildə ailə qurublar.

Birgə nikahdan 5 övladları dünyaya gəlib. Xəyalə Əsədova deyir ki, ailəsinin aylıq gəliri 80 manatdır. Bununla 5 uşağa baxmaq mümkün deyil:

“Dolana bilmirik. İnanın, elə günlər olur ki, biz quru çörək tapa bilmirik”.

Ailənin ən böyük uşağının 11 yaşı var, ən kiçiyi isə 4 aylıq körpədir. 37 yaşlı Sənan Əsədov heç yerdə işləmir. Həftədə 1-2 dəfə qohum-qonşunun həyətində, evində fəhləlik edir. O da iş olanda.

“Gündən-günə hər şey bahalaşır, əlimizdə olan qəpik-quruşla dolanmaq çətindir. Bir qarnı ac, bir qarnı tox yaşamaqdan, cana doymuşuq. İş yoxdur. Ünvanlı sosial yardım da ala bilmirik”.

Bunu isə Meydan TV-yə bir qrup

İsmayıllı sakin

i demişdi.

Onlar Dövlət Sosial Müdafiə Fondununun İsmayıllı Rayon Şöbəsindən narazıdırlar. Deyirlər, yardım üçün hansı quruma müraciət edirlərsə, onlardan rüşvət tələb edirlər.

Vətəndaşlar şikayətlərində dəfələrlə sosial yardımı kəndin imkanlı şəxslərinin aldığını söyləyiblər. Onlar bölgələrdə pulla sosial yardım düzəltmənin mümkünlüyündən şikayətləniblər.

Ana səhifəİqtisadiyyat779 şəxs sosial yardım almaqdan məhrum edilib