Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul edib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.
Bu, Milli Məclisin aprelin 23-də keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident (əcnəbilər) fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə qədər gəlir vergisindən azad olunacaq.
Həmçinin qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad olunur.
Digər dəyişikliklə isə COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Hazırda qüvvədə olan qanuna görə, nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməməsinə dair tələb yalnız qeyri-hökumət təşkilatlarına şamil olunur.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
COP tədbirlərində adətən gündəlik müəyyən olunur və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.
Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil. 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcəyi güman edilir.