Nazir: Sosial yardımın verilməsində ”sövdələşmə”lər olub

DSMF-nin 11 rayon şöbəsinin müdiri işdən çıxarılıb

Source:


DSMF-nin 11 rayon şöbəsinin müdiri işdən çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, qurumun tərkibində yaradılan İşçi Qrupun növbəti iclası olub.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır:

“Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub”.

Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb. Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.

İşçi Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

S.Babayev deyib ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.

Meydan TV-nin bölgələrdən olan reportajlarında insanlar dəfələrlə işsizlikdən, kasıblıqdan danışıblar. Onların əksəriyyəti sosial yardım almaq üçün müraciət də ediblər. Məsələn, Saatlının

Dəllər kəndi

nin sakini Tofiq Cavadov da işsizdir. Deyir, illərdir iş tapa bilmir. Mal-heyvan saxlamaq, əkin-biçin etmək də mümkün deyil. Olsa belə, təsərrüfatla iluzunu ailə dolandırmaq olmur:

“Sosial yardım almaq üçün müraciət etdik, dedilər, sizə düşmür. Heç nəyimiz yoxdur. Evə ayda 1 qəpik pul girmir, bundan artıq nə olasıdır, anlamıram. Heç olmasa əvvəllər uşaqpulu verilirdi. İndi o da yoxdur. Barı onu bərpa etsələr, birtəhər dolanarıq. Dəfələrlə iş üçün aidiyyatı qurumlara müraciət etmişəm. Hər dəfə də “nəzərimizdəsən, iş olsa, məlumat verəcəyik”, – deyilib. Mən artıq ailəmin üzünə baxa bilmirəm. Bir-iki malımız var idi. O da evimizi sel basanda dəyən ziyanı təmir etmək üçün satdıq. Onun da kökü kəsildi”.


Ağstafa

nın Qırılı kəndində yaşayan Əmiraslanovlar ailəsi də dəfələrlə sosial yardım üçün müraciət edib. Ailə 2 uşaq, bir insult xəstəsi, bir vərəm xəstəsi və körpə uşaqları olan anadan ibarətdir. Onlardan heç biri işləmir. Vərəm xəstəliyindən əziyyət çəkən Şahmar Əmiraslanovun aylıq aldığı 50 manatlıq pensiya ilə dolanırlar.



Evin xanımı Vüsalə Əmrahova sual edir: “Sosial yardım bizə düşmürsə, bəs kimə düşür?”

V.Əmiraslanova deyir ki, dövlət onlara azca kömək etsə, əllərindən tutsa, bircə addım önə getsələr, ardı gələr:

“Vallah, düzələrik. Heç olmasa, sosial yardım versinlər. Ancaq etmirlər də, nə deyim. Aidiyyatı qurumların da vəziyyətimizdən xəbəri var. Deyirlər, sizə yardım düşmür. Bəs kimə düşür? Saxlamaq üçün heyvan istədik, onu da vermədilər. Kartof alıb həyətə əkdik. İnanın, hələ onun pulunu da verməmişik. Sabah-axşam gəlirlər ki, az qala kartof yetişir, nə zaman verəcəksiz? Yardımı ancaq imkanlı şəxslər alır”.

Vətəndaşlar şikayətlərində dəfələrlə sosial yardımı kəndin imkanlı şəxslərinin aldığını söyləyiblər. Onlar bölgələrdə pulla sosial yardım düzəltmənin mümkünlüyündən şikayətləniblər.

Ana səhifəXəbərlərNazir: Sosial yardımın verilməsində ”sövdələşmə”lər olub