"Bəyannamə yanlış təqdim ediləndə qonşu dövlətlərin arzuolunmaz reaksiyalarına səbəb olur"
Türkiyənin dövlət başçısı Rəcəb Tayyub Ərdoğanın iyunun 17-də “Türkiyənin Azərbaycanda hərbi baza yaratması istisna deyil və bu, Şuşa Bəyannaməsinə uyğundur” açıqlamasına Moskvadan reaksiya gecikmədi.
Əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova diplomatik şəkildə
bildirib
ki, Dağlıq Qarabağı Azərbaycanın, yaxud Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərinə qatmağı düzgün saymırlar: “Azərbaycanla Türkiyənin yüksək səviyyədə son kontaktlarına məhz bu müstəvidə baxırıq".
Ancaq xarici işlər nazir Sergey Lavrov bu barədə suala: “Biz şayiələri şərh etmirik”, – deyə cavab
verib
.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Türkiyənin Azərbaycanda hərbi baza quracağı təqdirdə addımlar atacaqlarını
söyləyib.
Peskov ölkəsinin Türkiyənin Azərbaycanda hərbi potensialı yönündə addımlarını yaxından izlədiklərini söyləyib. O əlavə edib ki, NATO üzvü Türkiyə tərəfindən belə bir addım Rusiyanın xüsusi diqqətinə, özəlliklə öz təhlükəsizlik və maraqlarını təmin etməkdən ötrü addımlara əsas yaradar.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Meydan TV-yə bildirib ki, Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi məsələsinin 15 iyun Şuşa Bəyannaməsindən sonra müəyyən intensivlik qazanması başadüşülən idi: “Çünki sənədin tarixiliyi, imzalandığı gün və məkan, eləcə də Türkiyə dövlət başçısının azad olunan torpaqlarımızda qarşılanması, Bakı ilə bərabər Şuşanın paytaxt statusu əldə etməsi ciddi hadisədir”.
Onun fikrincə, sənədin imzalanması zamanı hər iki liderin hərbi təhlükəsizlik və siyasi ittifaq məqamlarını daha çox vurğulaması sanki belə bir rəylərə və yanaşmalara müəyyən qədər ton verib: “Əlbəttə, başadüşüləndir, çünki istər Rusiyanın, istərsə də başqa dövlətlərin regionda hərbi ittifaqlara, o cümlədən hərbi bazaların yerləşdirilməsinə özünün strateji təhlükəsizlik maraqları baxımından yanaşması özlüyündə müəyyən əsaslara malikdir. Ancaq bu məsələdə bir neçə məqamı unutmamalıyıq. Əvvəla, regionda Ermənistanın Rusiya və digər dövlətlərlə hərbi əlaqələri mövcuddur. İkinci, Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb. Gürcüstanın da NATO-ya açıq şəkildə üzvlük planını ortaya qoyduğunu nəzərə alsaq, Qafqazda 3 dövlətdən ikisi hərbi təhlükəsizlik ittifaqını və hədəflərini müəyyən edib. Belə şəraitdə Azərbaycanda hərbi bazanın qurulması avtomatik olaraq bir sıra beynəlxalq dairələrdə, o cümlədən, qonşular tərəfindən Bakının artıq gələcək strateji seçimi kimi dəyərləndirilə bilər. Lakin son 2 gündə məsələylə bağlı verilən reaksiyalar onu göstərir ki, Azərbaycanın başlıca məqsədi hərbi-texniki imkanlarını ən yüksək səviyyəyə çatdırmasıdır. Vətən müharibəsindəki qələbə və Azərbaycan ordusunun qalib imici nəinki regional, həm də beynəlxalq platformalarda təhlükəsizlik funksiyalarınını yüksək səviyyədə həyata keçirməsini ortaya qoyur”.
Zahid Orucun sözlərinə görə, Rusiyanın rəhbər şəxslərinin bu məsələyə münasibəti təqdimatın yanlış verilməsi lə bağlı ola bilər: “Birinci, Azərbaycan dövləti atdığı bütün addımlarda hərbi-siyasi balansın qorunub saxlanılması mövqeyini əsas götürür. İkinci, Şuşa Bəyannaməsinin əsas müddəaları sırasında bölgə dövlətlərinin BMT dövlətləri tərəfindən tanınan sərhədlərinə hörmət məramı dilə gətirilir. Bu, həm də Ermənistan üçün müəyyən bir mesajdır. Üçüncü, milli-etnik əsasda Türkiyə-Azərbaycan hərbi alyansını üçüncü dövlətlərin ərazilərini ələ köçürmək, hansısa bir arxitekturada böyük imperiyalar qurmaq planı kimi təqdim edəndə bu, qonşu dövlətlərin kontur tədbirlərə əl atmasına, bir sıra hallarda isə arzu etmədiyimiz reaksiyalara səbəb olur".
"Başa düşürük ki, Rusiya Dövlət Dumasının müxtəlif komitələrinin sədr və yaxud müavinləri bu barədə danışıb. Amma Azərbaycan həyata keçridiyi bütün tədbirlərdə o iradəni ortaya qoyur ki, Ankara və Bakının hərbi ittifaqı qəti şəkildə üçüncü dairələrin, yaxud hər hansı hərbi blokların strateji planlarının bölgə dövlətlərinə qarşı əməliyyatı, yaxud regionun forposta çevrilməsi, onların avtomatik olaraq burada yerləşməsi anlamına gəlmir. Əlbəttə, bizim hərbi doktrinada və milli təhlükəsizlik konsepsiyasında xarici hərbi qüvvələrin iştirakı haqda müddəalar var. İndi onları xatırlatmaq istəmirəm. Eləcə də, Azərbaycanın regionda qüvvələr nisbətini hesablayaraq, postsovet məkanındakı situasiyaları dəyərləndirərək Qoşulmama Hərəkatının üzvü olmasını da xatırlaya bilərəm. Bundan başqa, Azərbaycan təhlükəsizlik mənafelərinə hər hansı təhdid hiss etdiyi təqdirdə münasibətlərini ən yüksək dərəcəyə, daha geniş miqyasa çatdımaq üçün hüquqlara və imkanlara malikdir”, – Zahid Oruc belə deyib.
Deputatın qənaətincə, Ankara və Bakı arasında hərbi təlimlər elə bir miqyasdadır ki, bu işlər vahid dövlət ağlı ilə görülür: "15 iyun Şuşa Bəyannaməsi də iki dövlətin münasibətlərini ən yüksək səviyyəyə qaldırıb. Ona görə də bölgə dövlətləri də müəyyən reallıqlara hazır olmalıdır. Ancaq biz iki dövlət münasibətlərini izləyən ölkələrə müəyyən bir mesaj ünvanlamaqda özümüzü haqlı hiss edirik. Prezident İlham Əliyev xalqımızın tarixi haqlarını ordumuzla birgə 44 günlük müharibədən sonra Şuşada ən yüksək protokolla dövlət rəhbəri qəbul edir. Buna Avropa dövlətləri, Asiya qitəsinin əsas dövlət liderləri, o cümlədən, okeanın o tayındakı ölkənin lideri gələrək Azərbaycan prezidentinin qonağı qismində oranı ziyarət edə bilər. Onlar buna hazırdırsa, bu, yalnız alqışlanacaq. O cümlədən, qonşu dövlətlərin liderləri də Şuşada Azərbaycan prezidenti tərəfindən qəbul olunmağa hazırdılarsa, çox yaxşı qarşılanacaqlar. O halda nə Şuşada, nə azad olunan digər ərazilərdə hər hansı bir xarici qüvvələrin hərbi kontingentinin iştirakına bir zərurət də yaranmayacaq. Əksinə, Şuşa Bəyannaməsi daha çox dövlətlərin, ilk növbədə prezidentlərin bəyan etdiyi kimi qonşulara yol açan, sənədin nüvəsində olan Qafqazı sülh məkanına çevirmək imkanı meydana gələcək. O dövlətlərin hamısı buna hazırdırmı bilirəm, amma Azərbaycan bütövlükdə Qafqazın hərbisizləşdirilməsinə əsaslar yaratmaq istəyir. Şuşa Bəyannaməsinin mesajları da bu cürdür”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana
gəlib
.
Səfəri zamanı o, Füzuli və Şuşada olub.
İki dövlət arasında müttəfiqliklə bağlı
Şuşa Bəyannamə
si imzalanıb.