Ülviyyə Sadıqovanın vəziyyəti qaraciyər köçürməsindən sonra tibbi yardım ala bilmədiyi üçün ağırlaşıb
“Qaraciyəri, dalağı şişib, qarnına su yığılıb, qan azlığından ciddi əziyyət çəkir. Maddi imkanımız yoxdur deyə atıblar xəstəxananın bir küncünə, heç bir tibbi yardım göstərmirlər. Vaxt qazanırlar ki, xəstə ölsün, bunların da canı qurtarsın”.
Bunu Meydan TV-yə Yevlax sakini Telman Sadıqov deyir. Onun sözlərinə görə, 5 il əvvəl qaraciyər transplantasiyası keçirmiş bacısı Ülviyyə Sadıqova xəstəxana küncündə ölümlə çarpışır. Səbəbsə xəstəyə lazımi tibbi xidmətlərin göstərilməməsidir.
Xəstə qalıb ortalıqda…
Telman Sadıqov deyir ki, xəstə qalıb ortalıqda, bir-birlərinin üzərinə yıxırlar: “O deyir, filankəsin işidir, filankəs deyir, onun işidir. Bacım onsuz da canıyla əlləşir, bir tərəfdən də həkimlərin davranışına əsəb keçirir. Xəstənin axırına çıxmaq üçün sanki sözü bir yerə qoyublar”.
Ülviyyə Sadıqovaya 5 il əvvəl xeyirxah insanların yardımı ilə Gömrük Hospitalında qaraciyər köçürülüb. Xəstəxanadan çıxandan sonra imkansızlıq üzündən lazımi dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb. Hazırda isə hayıta ciddi müalicələrdən asılıdır. Müalicəyə maddi imkanı çatmır. Telman Sadıqov:
“Yevlax xəstəxanasında bacımın müalicəsi üçün imkan yoxdur. Həkimlər özləri də deyirlər, ciyər köçürməsindən sonrakı müalicələr bizlik deyil. Xəstə gözümüz görə-görə ölümlə çarpışır. Yıxıblar palatanın bir küncünə, gözləyirlər ki, ölsün, ölüsünü bizə versinlər”.
Xəstəxanalar qəbul etmir
Telman Sadıqovun sözlərinə görə, bacısı 2018-ci ilin dekabr ayından Yevlax və Mingəçevir xəstəxanalarında müayinələrdən keçib. Həkimlər müayinələrin nəticələrinin transplantoloqa təqdim edilməli olduğunu bildiriblər:
“Deyirlər, xəstənin durumu haqqında yalnız ona ciyər köçürmüş transplantoloq rəy verə bilər. Bu əməliyyatı hazırda Gömrük Hospitalında işləyən transplantoloq Mircəlal Kazımi həyata keçirib. Orada isə pullu xidmət olduğuna görə bacımı qəbul etmirlər. Ötən ay Mircəlal Kazımiyə müraciət etmişik. Gömrük Hospitalın rəyi əsasında xəstənin öd yollarının açılması üçün Diaqnostika Mərkəzinə göndəriş verilsə də, mərkəzdə xəstənin vəziyyətinin ağır olduğunu bəhanə gətirərək əməliyyatı həyata keçirmirlər. Sığorta şirkətinin Gömrük Hospitalı ilə müqaviləsi olmadığına görə bacım növbəti müayinələrə üçün Mərkəzi Klinik Xəstəxanasına göndərilib. Orada transplantoloq Tariyel Nadirov bəzi müayinələri etdi. Bildirdi ki, xəstə yalnız onu əməliyyat etmiş transplantoloqun nəzarəti altında müalicə olunmalıdır”.
Xəstə: “İki həftədir qida qəbul edə bilmirəm”
Xəstəliyə görə ikinci qrup əlil olan Ülviyyə Sadıqova hazırda Yevlax rayon Mərkəzi Xəstəxanasındadır. Ülviyyə xanım özü də Meydan TV-yə zəng edərək durumundan danışıb:
“İki həftədir qida qəbul edə bilmirəm, qanım çox aşağıdır, halsızam. Hiss edirəm ki, bu gedişlə həyatımın son günlərini yaşayıram. İstəsələr, əllərindədir, hər cür yardım edə bilərlər. İstəmirlər, çünki pulumuz yoxdur. Deyirlər, bizim xəstə deyilsən, sənin yerin bura deyil, deyirəm, bura deyilsə, göndərin harda olmalıyam, ora… Deyirlər, özün getməlisən. Qalmışam ortalıqda, pulsuzluqdan sahib çıxan yoxdur. Öz həkimimin yanında müalicə almalıyam. “Albumin” vurulmalıdır ki, vəziyyətdən çıxım, bu preparat dövlət hesabına verilməlidir, ancaq deyirlər ki, xəstəxanada yoxdur. Qardaşım bahalı dərmanları apteklərdən nisyə götürür. Borcun içində üzürük. O xəstəxanalarda ki, müalicə almalıyam, özəl xəstəxanalardır, icbari tibbi sığortaya görə müqavilələri yoxdur, ona görə də məni yaxın buraxmırlar. Ölmək istəmirəm, cavanam, niyə ölüm axı… “Albumin” çatışmazlığından əziyyət çəkirəm, bu boyda xəstəxanada ya var, vermirlər, ya da doğrudan yoxdur. Varsa, niyə xəstəyə vurmurlar? Yoxdursa, niyə yoxdur? Bəs dövlət büdcəsindən dərmana bu qədər pullar ayrılır, niyə mənə vurmağa xəstəxanada dərman tapılmır?”
Hospital imtina edib
Bu il yanvarın 21-də Ülviyyə Sadıqova tibbi xidmətə göndəriş vərəqəsi ilə Mərkəzi Klinik Xəstəxanaya ixtisaslı həkim müyinəsinə göndərilib. Orada bəzi müayinələrdən keçirildikdən sonra xəstəyə bildirilib ki, müalicə işlərini qaraciyər köçürməsini həyata keçirmiş transplantoloq görməlidir.
Meydan TV məsələyə Gömrük Hospitalından münasibət öyrənə bilməyib. Ancaq hospitaldan xəstənin ailəsinə rəsmi məktub var.
Xəstənin ailəsi də əməliyyatın keçirildiyi Gömrük Hospitalına müraciət edib. Ancaq bu il fevralın 5-də ailəyə məktubla bildirilib ki, xəstənin müalicəsi bu xəstəxanada mümkün deyil:
“Aparılan müayinələr nəticəsində xəstəyə “Malnutrisiya, ümumi zəiflik və öd yollarında minimal darlıq diaqnozu qoyulub. Müvafiq müalicə verildikdən sonra öd yollarına “balon dilatasiyası” tibbi xidməti məsləhət görülüb. Lakin hospitalda bu tibbi xidmət göstərilmir. Bu səbəbdən də xəstənin Gömrük Hospitalında müalicə alması mümkün deyil”.
Xəstənin ailəsi isə iddia edir ki, əslində həmin hospitalda qeyd olunan müalicə mümkündür. Sadəcə pullu olduğuna görə hospital xəstəni yaxın buraxmır. Xəstənin qardaşı Telman Sadıqov deyir, o, bu məktubu aldıqdan sonra hospitalla telefon əlaqəsi saxlayıb:
“Bildirdim ki, sizdə bu müalicə mümkündür, niyə belə cavab yazıb göndərmisiz? Dedilər, həkim səhv yazıb, göndərib. Növbəti dəfə düz yazar. Sonra da bildirdilər ki, “axı sizə dəfələrlə deyilib, tibbi sığortanız yoxdur, burda isə pullu xidmətdir”. Deməyim odur ki, əslində bacımın həmin hospitalda müalicəsi mümkündür, sadəcə, pulsuzluq imkan vermir. Tibbi sığorta şirkətininsə həmin xəstəxanayla müqaviləsi yoxdur”.
Xəstəxana: “Hər cür tibbi yardım göstərilir”
Meydan TV Yevlax Mərkəzi Xəstəxanası ilə də əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, Mərkəzi Klinik Xəstəxanada müayinələrdən sonra xəstə stasionar müalicə üçün buraya göndərilib, xəstəyə lazımi dərman preparatları vurulur, müalicəsi davam edir. Ancaq xəstənin yaxınlarına da bildirilib ki, bu müalicələr xəstəyə qaraciyər köçürülməsini həyata keçirmiş transplantoloqun nəzarətində olsa, daha məqsədəuyğundur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Ülviyyə Sadıqovanın ailəsi agentliyə müraciət edərək onun Gömrük Hospitalında işləyən transplantoloq Mircəlal Kazımi tərəfindən daimi nəzarətdə olması üçün göndəriş verilməsini istəyib. Ancaq agentliyin həmin tibb müəssisəsi ilə müqaviləsi olmadığına görə göndəriş verilməsi mümkün olmayıb.
Ülviyyə Sadıqova Yevlax rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah İlkin Əlizadə tərəfindən müayinə olunub. Xəstəyə “Qaraciyər transplantasiyasından sorakı vəziyyət, öd yollarının daralması” diaqnozu qoyulub. Növbəti tibbi xidmətlə təmin olunmaq üçün icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə çərçivəsində 18 yanvar 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə göndərişlə təmin olunub. Orada həm həkim invaziv cərrah Ağakişi Yəhyayev tərəfindən, həm də laborator-instrumental müayinələrdən keçib. Qarın boşluğunda maye izləndiyi üçün invaziv prosedurun həyata keçirilməsi məsləhət görülməyib. Xəstə reanimasiya şöbəsində bir gün tibbi xidmət aldıqdan sonra həkim-transplantoloqun müayinəsi üçün yenə pilot layihə çərçivəsində Mərkəzi Klinik Xəstəxanasına göndərilib. Orada həkim-transplantoloq Tariyel Nadirov tərəfindən müayinə olunub, baza zərfi çərçivəsində tibbi xidmətlər göstərilib. Həkim-transplantoloq müalicə təyin edib, xəstə həmin müalicəni almaq üçün Yevlax rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Xəstəxanada müalicəsi bitdikdən sonra təkrar ixtisaslı həkim müayinəsi üçün Mərkəzi Klinik Xəstəxanasına göndəriləcək.
Hələ 5 il əvvəl Ülviyyə Sadıqova əməliyyatdan çıxdıqdan sonrakı müalicələri götürə bilmədiyinə görə səhiyyədən şikayətini ictimailəşdirmişdi. Bu səbəbdən də onun ailə üzvlərini dövlət idarəsindəki işdən çıxarmışdılar.