Müştərilərindən şəxsiyyət vəsiqəsi tələb edən usta: “Təhlükəsizlik üçün…”

Fotolar: Meydan TV

“Sənətin çörəyini yemişəm, ona xəyanət edə bilmərəm”

“İş yerimə gəlməyənə qədər insanlar açarın hazır gəldiyini düşünür, ancaq əməksiz çətin olduğunu burada görüb dərk edirlər. İşsizlikdən bu sənətə gəldim, artıq sənətsiz ömrümü təsəvvür edə bilmirəm”.

Bunu  Meydan TV-yə Göyçay sakini Seymur Əhmədov deyir.

Çoxlarına sadə usta kimi görünsə də, o, bir çox peşə bacarıqlarına qadirdir, zəhmətkeşdir, həm də sənətinin vurğunudur.

“Nə qədər yaşayış var, açara ehtiyac olacaq”

25 il Göyçayda pinəçi, rəssam, musiqiçi kimi bir neçə sənətlə məşğul olub, amma hazırda açar ustası kimi tanınır. Hərbi xidmətdən sonra iş axtarışı ilə Bakıda bu sənət ustasına rast gəlir. Dörd il öyrəndikdən sonra geri qayıdır və rayonda çalışmağa başlayır.

Dediyinə görə, indiyə qədər minlərlə sifariş əsasında növbənöv açar, qıfıl düzəldib. Rəssam kimi bacarığı bu sənətdə ölçü və cilalama işlərinə yardımçı olub. Əvvələr az olsa da,  indi texnoloji yeniliklər açar növlərinə daha çox  tələbat yaradıb:

Bu sənəti öyrənmək ilk başdan o qədər də asan olmadı, çünki bir çox açar növləri çətinlik yaradırdı. Amma zamanla püxtələşdim. Nağara ifaçısı, rəssam kimi həvəskar olmuşam, hətta 1989-cu ildə dövlət kanalında verilişdə iştirak etdim. 20 Yanvar hadisəsindən sonra nağaranı tərk etdim. İki qardaşımla birlikdə ifa edirdik. Uzun müddət pinəçi də oldum. Amma indi açar ustası kimi fəaliyyət göstərirəm. Çünki nə qədər yaşayış var, açara ehtiyac olacaq”.

Hazırda üç avadanlığım var. Onlarda ölçü götürürəm, yonuram, cilalayıram, əl avadanlıqları ilə bütün detalları işləyirəm və açar hazır olur. Mən öyrənəndə bu qədər açar növü yox idi. Sadə ev açarları və az sayda maşın açarı vardı. İndi isə tələbat çoxdur. Çeşidli mebel açarlarından tutmuş zavod, idarə, ev, maşın açarlarına qədər sifariş çoxdur. Ev və maşın açarlarına tələbat daha çoxdur. Açarlar xaricdən sifariş edilir, gətirilir, kim hansı açarı sifariş edirsə, burada ölçüyə uyğun kəsilib cilalanıb satılır. Açarın hər yeri ölçüdür: dişi, qalınlığı, ölçüsü, eni hamısı diqqət tələb edir”, – deyə o qeyd edib.

“Varlılar havayı istəyir, kasıblar pulunu ödəyir”

Usta deyir ki, məşğul olduğu sənətlərini heç birini yüksək gəlir gətirmir, amma halal qazancdır. Ona görə də bu peşəni ömürlük sevimli məşğuliyyət kimi seçib.

Dediyinə görə, ölkədə açar istehsalı olmadığı üçün sifarişlər İspaniyadan, Türkiyədən, Rusiyadan, İrandan və Çindən gətirilir. Ona görə də qiymətlər keyfiyyətə görə 1.50 qəpikdən 5-6 manata qədər dəyişir:

Toplam qutusu 20-30 manata alınır. Hazır edilmiş açarlar isə 2-16 manata satılır. Sifarişlər isə stabil deyil, ən çox halda aylıq 300-400-dən çox olmur. Sifarişçilər tək Göyçaydan deyil, ətraf rayonlardan da olur. Hazırlanma müddəti isə açar növünə görə dəyişir. Gündəlik isə sifarişlər fərqlidir, gün var 3, gün var 10 sifariş olur. İşim gündəlikdir. Açar var 5 dəqiqə, açar var 2 gün vaxt aparır. Elə açar var ki, çox iş tələb edir. Vaxt aparan, adətən, ev açarları olur. Çünki əlavə ölçü, yonulma, cilalamaya ehtiyacı var”.

Usta əhalinin imkansızlıqdan əziyyət çəkdiyini də deyir, amma ona üz tutan imkanlılar da pul vermək istəmirlər:

Bəzən ödəniş etməyə çətinlik çəkənlər də olur. Varlılar isə ümumiyyətlə, havayı istəyir, amma kasıblar pulunu ödəyir. 15-16 manat olan açar bizə baha gəldiyi üçün yüngül təmir pulu ilə bir az baha çıxır. Ağsu, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı kimi ətraf rayonlardan üz tuturlar. Adətən, hansısa ustanın işini bəyənməyib gəlirlər, ancaq elə bilirlər rahat işdir. İş prosesini görəndən sonra açarın hazırlanmasının heç də asan olmadığını düşünürlər”.

Sənət öyrənin, hüriyyətinizi itirməyin”

Usta deyir ki, sürətli texnoloji yeniliklər onun da sənətinə təsirsiz ötüşmür, tərəqqi edib yeniliklərə ayaqlaşmasını tələb edir.

Gənclər isə üzdə asan, əslində, çətin olan bu sənətlərlə məşğuliyyətə qazanc və səbr baxımından maraq göstərmirlər.

Deyir ki, zamanla sənətkar və sənətlərlə bol olan Göyçay rayonu  artıq keçmişinin zənginliyinə yadlaşır:

Göyçayın ötən dövrü bu dövrlə müqayisəyə gəlməz. Yəhudi, ləzgi çox idi, müxtəlif peşələr vardı. Yeni dövr peşələri, sosial-iqtisadi çətinlik sənətkarları itirdi. Hər şey öz gözəlliyini, həyəcanını itirib sanki. Texnoloji yeniliklər ya ayaqlaşmağı tələb edir, ya da belə peşələri sıradan çıxarır. Daha əlçatan vasitələrlə həll edirlər. Mən də ayaqlaşmaqdan ötrü tərəqqi etməliyəm. Müasir maşınlar elə texnologiya ilə gəlirlər ki, bizim bu aparatla kəsdiyimiz açarları istifadə etmir. Kəsdiyimiz açarlara çip qoymalıyıq ki, kilidi açsın. Məcbur olub onun aparatlarını gətirməliyik. Gənclər maraq göstərmir, öyrənmir, gəlirli və asan işlər axtarırlar”.

“Zərdabdan iki tələbəm vardı. Ölçüyə, simmetriyaya, çertyoja dair suallar verdim, iş prosesini göstərdim, qaçdılar. Dedilər biz elə bilirdik ki, açarı bu avadanlıqlar özü düzəldir. Pinəçi kimi də bir şagirdə öyrətmək istədim, ilk işdən biz əlinə batdı, xəstəxanalıq oldu, qayıtmadı. Oğluma öyrətdim ki, hərbi xidmətdən qayıdandan sonra davam etdirsin, çünki sənətin yeniliyi ilə artıq o ayaqlaşa bilər. Gənclərə deyirəm ki, xidmətçi, satıcı, xadimə işləyənə qədər sənət öyrənin, hüriyyətinizi itirməyin. Az qazanın, ancaq öz sənətiniz olsun. Sənətkara, peşəkar ustaya həmişə hörmət var”, – Seymur Əhmədov belə deyir.

“Vaxt itirməyi sevmirəm”

Seymur usta həm də köhnə və qədim açarları toplayır, onları iş yerində saxlayır. Həmin açarlar istifadəyə yararsız olsa da, sənətinin keçmişi kimi qoruyub saxlayır.

O həm də çox diqqətcil və məsuliyyətlidir. İş yerinin qapısına vurduğu elan da bunu göstərir. Açar sifariş edənlərdən təhlükəsizlik üçün şəxsiyyət vəsiqəsi tələb edir.

Bunu isə baş verə biləcək oğurluq faktları ilə əlaqələndirir:

“Köhnə açarlar mənə ustamdan qalıb, müxtəlif yaşlı sakinlərin də gətirdiyi olub. Toplayıb yüzə yaxın belə açarı saxlayıram. Onların tarixi 50-60-70 ci illərə gedib çıxır: xatirə, suvenir kimi iş yerimdə saxlayıram. Açar sifarişində yaş məhdudiyyətinə fikir verirəm, valideynləri ilə əlaqə saxlayıram və müştərilərdən şəxsiyyət vəsiqəsi tələb edirəm. Xüsusən paytaxtda bir ara çoxlu sayda oğurluqlar oldu. Tələbi qoydum ki, həm işimi sığorta edim, həm də hansısa cinayətin qarşısı alınsın. Eləsi olur ki, tələb qarşısında ya uzaqlaşır, ya da deyir: “Oğruya oxşayıram?” Dəftərimdə belə hər kəsin şəxsiyyət vəsiqəsinin qeydləri var”.

Kim incisə də, mənə peşəm və təhlükəsizlik maraqlıdır. Vaxt itirməyi sevmirəm, əgər boş vaxtım varsa, kitab mütaliə edirəm. Sənətin çörəyini yemişəm, ona xəyanət edə bilmərəm”, – belə deyir Seymur Əhmədov.

Ana səhifəBölgəMüştərilərindən şəxsiyyət vəsiqəsi tələb edən usta: “Təhlükəsizlik üçün…”